Giriş: Azərbaycanda baş verən son hadisələr
Ötən həftədən etibarən Əliyev rejimi tanınmış araşdırmaçı və müharibə əleyhdarı fəalı Bəhruz Səmədovun əsassız həbsi, habelə artıq həbsdə olan digər fəallara, jurnalistlərə və alimlərə qarşı ittihamların artırılması ilə müxaliflərə qarşı amansız repressiyalarını gücləndirib. Onlar daha sonra başqa bir müharibə əleyhdarı fəalı və yazıçı Səməd Şıxını hava limanında qaçıraraq Bəhruz Səmədovun işi ilə bağlı dindiriblər. Səməd indi buraxılıb. Bəhruz barəsində isə dörd aylıq həbs qətimkan tədbiri seçilib və saxta dövlətə xəyanət ittihamı ilə üzləşir. Daha çox adamın həbs olunacağı və ya dindirələcəyini gözləyirik.
Bu, sadəcə adi bir rutin susdurulma deyil. Bu, rejimin avtoritar məngənəsinə qarşı durmağa cəsarət edən hər kəsə hesablanmış bir hücumdur. Vurğulamaq lazımdır ki, Azərbaycan rejiminin repressiyaları sistemli və təkrarlanan xarakter daşıyır. Ən son dalğa 2014-cü ildə neft bazarındakı böhrandan və rejimin neft gəlirlərinin kəskin şəkildə azalmasından sonra bölgədə ərəblərin üsyanlarının domino effekti qorxusu ilə baş verdi. Həmin vaxt siyasi mühiti və vətəndaş cəmiyyətini praktiki olaraq məhv edən qrantlar və qeyri-hökumət təşkilatlarının qeydiyyatı haqqında sərt qanun qəbul edildi. İndi də, 2023-dən bəri başlayan və hal-hazırda davam edən yeni dalğa ilə müstəqil fəallar, alimlər, media və diktatura rejiminə etiraz etməyə və ya onunla razılaşmamağa cəsarət edən hər kəs təhlükə altındadır.
Hazırkı hücum Azərbaycan rejiminin Dağlıq Qarabağ üzərində tam qələbə çalmasından və ermənilərin ölkəni tərk etməsindən sonra baş verir. Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həllindən sonra bir çox sadəlövh səslər liberallaşma gözlədiyi halda, bunun əksi və məntiqi gözlənilən nəticə baş verdi. Rejim istədiklərini etmək üçün qarşısında heç nə və heç kimin durmadığını anladı. 2023-cü ilin iyul ayından etibarən müstəqil aktorlar hədəfə çevrildi.
Xatırladaq ki, Azərbaycan hakimiyyətinin bu repressiyanı həyata keçirməsi üçün konkret səbəb axtarmağa ehtiyac yoxdur. Bu rejimin əsas motivasiyası və şüarı “demokratiyanı beşikdə öldürmək”dir. Onları əvvəllər belə kəskin hərəkətlərdən saxlayan beynəlxalq münasibətlərdə az-çox tarazlığın olması və öz imicini qorumaq istəyi ilə bağlı idi. Azərbaycanın xarici siyasətində balanslaşdırılmış siyasətdən açıq-aşkar tərəf seçmək və oxşar avtoritar rejimlərlə ittifaq axtarmağa doğru dönüşü, həmçinin Azərbaycanla əməkdaşlığı davam etdirən Qərb demokratiyalarının riyakarlığı və laqeydliyi Azərbaycan hökumətinə müstəqil vətəndaş cəmiyyətində təmizləmə apararaq cəzasız qalmağa imkanı verdi.
Biz bu təmizləmənin niyə baş verməsinin potensial səbəblərini və gələcək inkişaf ssenarilərini üç hissəli yazı ilə qeyd etmək istərdik. Vurğulamaq istərdik ki, bəzi təhlillərimiz real narahatlıqlara əsaslanır.
Biz də bir çox siyasi analitiklərin 2020-ci ildə Qarabağ müharibəsində, 2022-ci ildə Ukrayna müharibəsində etdikləri kimi kənarda dayanıb müharibə və işğal ehtimallarını istisna etmək istəmirik. Biz siyasi analitiklərin siyasi münasibətləri təhlil etməkləri üçün istifadə etdikləri klassik rasional xərc-fayda təhlili üsullarının diktatorlar üzərində tam işləmədiyini düşünürük. Xüsusilə diktatorlar üçün xərc və faydanın nə olduğu barədə məlumatlılığımızın kasad olduğunu qəbul edirik. Burada arxalana biləcəyimiz əsas təhlil vektorumuz, nəyin bahasına olursa olsun hakimiyyəti saxlamaq istəyi və bu qorxunun ardınca gələn paranoyadır.
1-ci hissə: “Satqın-erməni”: Əbədi daxili düşmən ovu
Sülhə can atdığını iddia edən bir hökumət eyni vaxtda sülhə çağıranları necə cinayət məsuliyyətinə cəlb edə bilər?
Azərbaycanda sülh tərəfdarı olmaq və ya ermənilərlə dialoqa girmək 1990-cı illərdən bəri vətəndaş cəmiyyətinə kölgə salan damğa kimi istifadə olunub. Münaqişə ilə əlaqəli mövcud sükutu pozmağa və sülhquruculuğuna cəsarət edən Leyla Yunus kimi şəxslər dərhal satqın hesab olunub, “xalq-vətən-dövlət” üçlüyünün düşməni kimi qələmə verilmişdi. “Xəyanətkar-erməni” narrativinin bu cür silaha çevrilməsi dövlətin militarist konsensusunu şübhə altına alanları marginallaşdırmaq üçün təkrar-təkrar istifadə edilir və bu təkrarçılıq hələ də bitməyib. 2020-ci il müharibəsi zamanı millətçi şövq və dövlət faşizmi yeni zirvəsinə çatdıqda, müharibə əleyhinə fəallardan ibarət kiçik, lakin görünürlü bir qrup meydana çıxdı. Onlar rejim üçün heç bir real təhlükə yaratmasalar da, onların sadəcə mövcudluğu dözülməz idi, çünki bu, dövlətin “vahid birlik” imicini pozurdu. Bütün siyasəti komformizmin üzərində quran və fərqli fikirlərin kriminallaşdırıldığı bir şəraitdə bu sülh tərəfdarları daxili düşmənlərə - əbədi qorxu yaratmağa can atan Azərbaycan hökuməti üçün son günah keçilərinə çevrildilər.
Sülh danışıqları-repressiya paradoksu
Münaqişənin ümumi mənzərəsi, şübhəsiz ki, 2020-ci il müharibəsindən sonra tamamilə dəyişib. Azərbaycan döyüş meydanında və diplomatik arenada bir çox məqsədlərinə nail olsa da sülh tərəfdarlarına qarşı düşmənçiliyi daha da güclənib. Məsələnin ən ironik tərəfi də ondadır ki, Bakı Yerevanla qondarma “normallaşma” danışıqları apararkən, Azərbaycanın daxilində sülhü müdafiə edənlər təqib olunur, satqın damğası ilə damğalanır. Bu ziddiyyət belə bir sual doğurur: Sülhə can atdığını iddia edən bir hökumət eyni vaxtda sülhə çağıranları necə cinayət məsuliyyətinə cəlb edə bilər?
Bu sualın cavabı rejimin dərin paranoyasındadır. Rejim heç bir müstəqil təşəbbüsün varlığına dözmür. Hökumət onilliklər ərzində onlarla sülh proseslərini davamlı nəzarətdə saxlamağa çalışıb, istənilən müstəqil vətəndaş cəmiyyətini sıxışdırıb, onları sövq edib ki, fəaliyyətlərini xalqdan uzaq saxlasınlar. Bu dəfə isə sosial media oyunun qaydalarını dəyişib. İnsanlar Sauronun Böyük Gözündən qaçaraq, Əliyevin nəzarətçi baxışlarına məhəl qoymadan bir-biriləri ilə əlaqə saxlamağa başladılar. Bunu görən rejim vəziyyətə uyğunlaşmaq üçün özü də bu prosesə daxil oldu. Paralel dialoq prosesləri, mübadilə proqramları yaratdılar və öz trollarını müstəqil qrupların arasına sızdırdılar.
Paranoyadan əlavə, hal-hazırda davam edən sülh danışıqları yeni potensial müharibəyə hazırlaşarkən vəziyyəti izləyən beynəlxalq müşahidəçiləri sakitləşdirmək üçün nəzərdə tutulmuş diplomatik manevrdir. İndiki repressiya dalğası isə müstəsna bir hadisə yox, daha çox keçən ildən başlayan avtoritar repressiyaların davamıdır. Jurnalistlər, tədqiqatçılar və fəallar sistematik şəkildə hədəfə alınır və həbs olunurlar. Repressiv mexanizm rejimin öz qorxuları və etibarsızlıqları ilə qidalanır və hakimiyyətə cuzi də olsa etiraz etməyə cəsarət edənlərin əzilməli olduğu qəddar məntiqi ilə işləyir.
Diktatorun Paranoyası: Qorxu və Güvənsizlik İdarəetmə Strategiyası kimi
Əliyevin hakimiyyəti itirmək qorxusu onu tarix boyu bütün diktatorlara xas bir paranoya spiralına sürükləyir. Ermənistanın 2018-ci il Məxməri İnqilabının xatirəsi hələ də onu qarabaqara təqib edir. Azərbaycanlıların Ermənistana qarşı düşmənçiliklərinə baxmayaraq, qonşularının cəsarətindən ruhlandığını görmək Əliyevin qorxulu yuxu ssenarisidir. Azərbaycanda oxşar etirazların baş verməsi ehtimalı rejim daxilində dərin inamsızlıq toxumları əkmək üçün kifayətdir. İndi Əliyev hər yerdə düşmən görür: Qərbdə, vətəndaş cəmiyyətində, hətta öz sıralarında. Onun idarəçiliyi qorxu və etibarsızlığın kinli sintezinə çevrilərək, qəzəb və əlavə repressiya tuluğuna dönüb.
Hökumətin istifadə etdiyi dil həm bəsit, həm də sıxıcıdır: “Təhlükə hər yerdədir”. Ermənilər, Qərbin maliyyələşdirdiyi qeyri-hökumət təşkilatları və qondarma xarici agentlər - bunlar dövlətin getdikcə sərtləşən nəzarətinə haqq qazandırmaq üçün uydurulan xülyalardır. Rejim, öz korrupsiya və uğursuzluqlarından diqqəti yayındırmaq üçün millətçilikdən pərdə kimi istifadə edərək müharibənin yara və travmalarını daşıyan bir xalqın narahatlığı üzərində oyun oynayır. Lakin bu yanaşma qısa müddətdə təsirli olsa da, rejimin öz paranoyası nəticəsində nəzarəti itirməsi reallığını gizlədə bilməz. Əliyevin nəyin bahasına olursa-olsun hakimiyyətini qoruyub saxlamaq vəsvəsəsi onu getdikcə daha irrasional və qəddar tədbirlərə sövq edir. O, bilir ki, qeyri-sabit sosial-iqtisadi şərait, yoxsulluq və sistemli sosial təminatın olmaması əhalinin böyük bir hissəsini həssas və kinli vəziyyətə salıb. Rejim bu narazılıqları aradan qaldırmaq əvəzinə, onlardan sui-istifadə edir, kütlələri öz hakimiyyətini saxlamaq üçün daimi narahatlıq vəziyyətində saxlayır.
Müxalifəti əzməyin mənasızlığı
Əliyevin strategiyasının paradoksu da buradadır: o qorxularında haqlıdır, amma cavabı ilə özünü məhv edir. Rejimin vətəndaş cəmiyyətini potensial müqavimətin əsas mənbəyi kimi aradan qaldırmaq cəhdi sonda əks nəticə verəcək. Tarix dəfələrlə sübut edib ki, güc olan yerdə müqavimət də olacaq. Bu mübarizənin QHT-lər və ya formal fəallıq formasında təzahür etməsinə ehtiyac yoxdur - onları asanlıqla sıxışdırmaq olar. Rejimin qavraya bilmədiyi şey odur ki, müxalif fikir yalnız kobud güclə əzilə bilməz. Dövlət konsensus tətbiq etmək üçün zorakılığa və repressiyaya arxalananda, əksinə müqaviməti gücləndirən təməl gərginliyi dərinləşdirir. Müxalifəti məhv etmək üçün tətbiq edilən taktikaların özü də, əslində, gələcək iğtişaşların toxumlarını yetişdirir. Beləliklə, əslində qorxduğu inqilabı daha da tezləşdirir.
Əliyevin paranoyası onu ən kiçik fərqli fikirlərə belə ekzistensial təhlükə kimi baxmağa vadar edir. Rejim öz tənqidçilərini müvəqqəti susdurmağa müvəffəq ola bilər, lakin daha dərin müqavimət cərəyanları səthin altında axmağa davam edəcək. Sülh qurucularına və vətəndaş cəmiyyətinə bu cür şövqlə hücum etməklə Əliyev və onun hökuməti seçim edir. Amma bu, illüziyadan doğan seçimdir, repressiyanın uzunmüddətli həll yolu deyil, müvəqqəti həll yolu olduğunu dərk etməməkdir.
Nəhayət, hal-hazırda məhkəməsi aparılan və mühakimə olunan sülh qurucuları və ya vətəndaş cəmiyyəti deyil; Əliyev və onun zalım rejimidir. Dialoq axtaranları düşmənə çevirən də onlardır. Öz güclərini saxlamaq üçün qorxu və nifrətlə silahlananlar da onlardır. Məhz onlar indi paranoyalarının nəticələri ilə mübarizə aparmalıdırlar. Nə qədər sıxışdırırlarsa, əks reaksiya bir o qədər qaçılmaz olur. Rejimin millətçiliyi qızışdırmaqla və “daxili düşmənləri” ovlamaqla nəzarəti saxlamaq cəhdi dayanıqlı deyil. Nəticədə ziddiyyətlər böyüyəcək, birliyin fasadı çatlayacaq.
Əliyevin amansız repressiya yolu ilə nəzarətə can atması uğursuzluğa məhkum olan strategiyadır. Rejimin çox qorxduğu sülh qurucuları və vətəndaş cəmiyyəti heç yerə getmir. Əslində, hökumət onları düşmən kimi qələmə verməklə onları elə müqavimətin simvoluna çevirir. Azərbaycanda əsl sülh və demokratiya uğrunda mübarizə bitmək üzrə deyil – o, sadəcə olaraq rejimin paranoyasının daha qətiyyətli və möhkəm müxalifətlə qarşılaşacağı yeni mərhələyə qədəm qoyur.
Ardı olacaq...
Comments