top of page

8 Mart: Məhrum Edilənlərin Qəzəbi

Feminist Peace Collective
Fon şəklin mənbəyi: 8 Mart 2025 Facebook səhifəsi
Fon şəklin mənbəyi: 8 Mart 2025 Facebook səhifəsi

Bu, sürgünə məcbur edilənlərin çağırışıdır.

Bu, Azərbaycan rejiminin idarə və istismar etmək, yox etmək istədiyi qadınların, LGBTQ+ insanların və bütün feminizə edilmiş bədənlərin çağırışıdır.

Bu, talan üzərində qurulmuş bir imperiyanı quran işçilərin alın təri ilə dolu olan çağırışıdır.

Bu, həbs olunanların, yoxa çıxarılanların, susdurulanların çağırışıdır.

Bu, dövlət tərəfindən, onun polisi, həbsxanaları, ordusu və ağsaqqaları tərəfindən qətlə yetirilənlərin, öldürülənlərin çağırışıdır.

Bu, diz çökməyi rədd edənlərin – sağ qalanların çağırışıdır.


Azərbaycan bir istismar maşınıdır.

O, torpağından nefti, xalqından müharibəni, qadınlarından itaəti hasil edir. O, əməyimizi, bədənlərimizi, səslərimizi və etirazlarımızı çıxarır və onların hamısını imperialist ambisiyalarının alovuna atır. O, öz çarxlarını yağlamaq üçün qan tələb edir. O, qələbəsinin mütləq olması üçün səssizlik tələb edir. O, bizə alternativin olmadığına, gücün əbədi olduğuna, hakimiyyətinin təbii və qaçılmaz olduğuna inanmağımızı tələb edir.


Lakin həqiqət onun qələbələrinin kənarında, silmək istədiyi boşluqlarda yazılıb. Həqiqət, onun müharibələrini dünyaya gətirməyə məcbur edilən qadınların bədənlərində, oğurlanmış maaşları ilə onun qüllələrini quran işçilərin əllərində, həbs etdiklərinin səslərində, qazanc üçün məhv edilən torpaqda, sularında və torpağında yazılıb. Həqiqət budur ki, onun gücü kövrək səth üzərində qurulub. Legitimliyi yalan, sağ qalması isə müvəqqətidir.


Azərbaycan unikal bir hal deyil. Onun rejimi qlobal bir xəstəliyin simptomudur: kapitalizmin faşizmə metastazı. Dünyanın hər yerində sərhədlər sərtləşir. Ordular genişlənir. Diktaturalar hakimiyyətlərini möhkəmləndirir, saxta "demokratiyalar" isə zorakılıqlarını bürokratiya altında gizlədir, diktaturaları maliyyələşdirir, legitimləşdirir və qoruyur. Sağçı ekstremizm yoxsulların tükənməsindən, məhrum edilənlərin ümidsizliyindən, saxta "solçuların" uğursuzluğundan qidalanaraq yüksəlir. Hər yerdə qadınlar yenidən itaətə məcbur edilir, onların əməyi özlərini məhv edən sistemin davamı üçün oğurlanır. Hər yerdə qeyri-heteronormativ insanlar kriminalizə edilir, işçilər terrora məruz qalır, müharibə normallığın bir hissəsinə çevrilir.


Həyatımızı guya "şəxsi" və "ictimai/siyasi" sferaya ayıran məntiq elə müasir dövlətlər tərəfindən də istifadə edilir, yəni "daxili" və "xarici" məsələlər arasında bölgü yaradılır. Feminisidlər (qadın qətlləri) baş verəndə, reproduktiv işimizin görünməz edildiyi zaman bu ailə problemi, "şəxsi məsələ" adlandırılaraq rədd edilir. Elə həbsdəki qadınlara olan münasibət kimi. Bu məntiqlə onlar xarici siyasətin mövzusu deyil, çünki bu, əliyev diktaturasının "daxili məsələsi" kimi qəbul edilir. Qərb hökumətləri guya insan haqlarını müdafiəsində çempion kimi özünü göstərərkən, əslində bizim yerli qaniçənlərimizlə əl sıxıb neftimizi alır, ordumuzu maliyyələşdirir, polisimizi silahlandırır, biz isə hər şeydən məhrum vəziyyətə salınırıq. Onların qaniçən demokratiyası imperiya üçün maskadır. Onların müharibəni təbliğ edən sülhü bizim məzarlarımız üzərində qurulub.


Azərbaycan kapitalist avtoritarizmin modelidir. Onun rejimi müharibədən hakimiyyəti möhkəmləndirmək üçün istifadə etməyi, millətçiliyi oğurluğu ört-basdır etmək üçün işlətməyi, nefti isə susqunluğu satın almaq üçün tətbiq etməyi mükəmməl şəkildə öyrənib. O, qadınların bədənlərindən, işçilərin tərlərindən, danışmağa cəsarət edənlərin dillərindən qidalanan bir parazitdir. O, işçiləri istifadəyə yararlı alətlərə çevirir, onların həyatını yalnız məhsuldarlıq səviyyəsi qədər dəyərlidir.


Bu gün Azərbaycanda qadın olmaq kapitalist istismarın və patriarxal zorakılığın ikili yükü altında yaşamaq deməkdir. Dövlət nəinki kapitalist istehsalın əsas dayağı olan görünməz hala salınmış əməyimizi istismar edir, hətta varlığımızı belə məhv etməyə çalışır. O, bizdən xidmət etməyimizi, doğmağımızı, susmağımızı tələb edir. O, bədənlərimizi əsgərləri üçün bir vasitəyə, əllərimizi oliqarxlar üçün əməyə, səslərimizi isə yalanlarının əks-sədasına çevirmək istəyir. İtaət etmiriksə, cəzalandırılırıq. Döyülürük. Qətlə yetrilirik. Canını qurtaranlar isə ölkədən didərgin düşərək, öz qəzəblərini sərhədləri aşaraq göstərirlər.


Azərbaycanda kuir olmaq mövcud olmadığını eşitmək deməkdir. Dövlət bizə hətta cinayətkar adı belə vermir – o, bizi tamamilə yox edir. Biz öz torpağımızda sanki fantoma çevrilmişik; dövlət ideologiyasının icraçılarına çevrilmiş ailələrdən, bizi ov kimi izləyən polisdən, ölümümüzü haqlı görməyə öyrədilmiş cəmiyyətdən qorxaraq yaşayırıq.


Bunlara baxmayaraq, yenə də, biz varıq, biz burdayıq.

Biz görməzdən gəlinməyi rədd edirik.

Biz susmağı rədd edirik.

Biz dövlətin imperiyasını bəsləyən torpaq olmağı rədd edirik.


Azərbaycan sürgün edilənlərin ölkəsidir. Yalnız buradan qaçmağa məcbur olanların deyil, həm də sərhədləri içərisində həbs edilənlərin ölkəsidir – siyasi məhbuslar, aktivistlər, dissidentlər, feministlər, işçilər. Qaranlıqda pıçıldayanların, gözə görünməyəcək qədər kiçik yollarla müqavimət göstərənlərın, alovun yayılmasını gözləyənlərin. Onlar hətta dəmir barmaqlıqların arxasında belə mübarizə aparırlar.


Azərbaycanda qadın jurnalistlər, danışmağa cəsarət etdikləri üçün həbs olunsalar da yenə də susmurlar. Onlar sözləri qaçaq mal kimi çölə çıxarır, həbsxana divarlarını döyüş meydanına çevirirlər. Onlar hüquqi sənədlərin kənarında manifestlər yazır, həqiqəti kameralarında sement divarlara oyurlar. Barmaqlıqlar arasından qeydlər ötürür, ordan itaətsizlik pıçıldayaraq, məcburi etirafların alçaldıcılığını rədd edirlər. Dövlət onları zəncirləməyə çalışır, düşünür ki, dəmir və daş onların səsini boğa bilər, ancaq onların sözləri həbsxanadan qaçır, cəsarətləri tez yayılır və müqavimətləri havanı zəhərləyir. Hətta əsarətdə də, onlar azaddır. Qaranlıqda belə onlar işıq saçırlar.


Bu sistem xarab deyil. O, tam da nəzərdə tutulan məntiq ilə işləyir. 

O, müharibəin, yoxsulların belində, qadınların ödənişsiz əməyində, işçilərin oğurlanmış maaşlarında və məzlumların susqunluğu üzərində qurulub. O, bizim əzabımızdan qazanc götürən beynəlxalq bir sistem tərəfindən dəstəklənir, qatilimizlə əl sıxıb demokratiyanı tərənnüm edən Qərb hökumətləri tərəfindən qorunur, repressiyamızı maliyyələşdirən qlobal kapital tərəfindən idarə olunur.


Biz onların qələbə və məğlubiyyət təriflərini rədd edirik.

Əgər onların "uğuru" güclünün zəif üzərində hökmranlığı, müharibənin sülhə qalibiyyəti, kapitalın həyat üzərində üstünlüyüdürsə – biz uğuru rədd edirik. Biz üsyanı seçirik.

Əgər "qalib gəlmək" boyun əymək, qəbul etmək, unutmaqdırsa – qoy biz əbədi "məğlub" olaq.

 

Amma biz onların istədiyi kimi məğlub olmayacağıq.

Biz 1871-ci ildə Parisin barrikadaları kimi, Kronştadt inqilabçıları kimi, Frankoya qarşı vuruşan ispan anarxistləri kimi, müstəmləkəçi faşizmə qarşı mübarizə aparan kürd qadınları kimi olacağıq. Biz sönməyə rədd edən alov olacağıq.


Onlar bizə xain deyirlər, amma biz heç nəyə xəyanət etmirik; onların nizamından başqa.

Onlar bizə cinayətkar deyirlər, amma biz qanla yazılmış qanunlarını rədd edirik.

Onlar bizi uğursuz adlandırırlar, amma biz onların təsəvvür edə bilmədiyi bir şeyin başlanğıcıyıq.


Biz azadlıq istəmirik.

Biz hüquq dilənmirik.

Biz tanınmaq axtarmırıq.

Biz haqqımız olanı alırıq.

Biz oğurlananı geri qaytarırıq.

Biz köhnə dünyanın küllərindən yeni dünyalar qururuq.

Bu bizim vədimizdir.

Biz boyun əyməyəcəyik.

Biz bağışlamayacağıq.

Biz qəzəblə mübarizə aparacağıq!


Biz hər bir qadını, hər bir kuir insanı, hər bir işçini, hər bir sürgün edilmiş dissidenti ayağa qalxmağa çağırırıq. Yalnız sözlə deyil, hərəkətlə müqavimət göstərməyə çağırırıq. İtaət etməyi rədd etməyə, sistemi pozmağa, sabotaj etməyə, mübarizə aparmağa çağırırıq. Sərhədləri aşaraq müqavimət şəbəkələri qurmağa, bizi zəncirləyən illüziyaları parçalamağa çağırırıq.


Dövlətin yoxetmə siyasəti qanuni olduğu müddətcə, müqavimət bizim borcumuzdur!

Dövlətin yoxetmə strategiyaları qanuni olduğu müddətcə, müqavimət bizim yaşamaq üçün yeganə yolumuzdur! Məkanlarımız, bədənlərimiz əlimizdən alındıqda, deformasiyaya uğradıldıqda, bizdən oğurlandıqda, o zaman müqavimət seçim olmur– bu, qaçılmaz bir vəzifəyə çevrilir!


Müqavimət təkcə bir söz deyil – bu, bir hərəkətdir. Onların iqtisadiyyatını sabotaj etməkdir. Onların nəzarət sistemini iflic etməkdir. Onların idarəsinə tabe olmamaqdır. Hər pozulmuş boru kəməri, hər sındırılmış dövlət sistemi, hər bir kollektiv itaətsizlik aktı bizi azadlığa bir addım yaxınlaşdırır.


Bizim qətiyyətimiz, avtonomiyamız və müqavimətimiz sərhəd tanımır!

Biz hər yerdə müqavimət göstəririk: hər ölkədə, dağlarda, şəhərlərin mərkəzində, kəndlərdə, həbsxanalarda, küçələrdə, dənizdə, sərhədlərdə, qaçqın düşərgələrində, universitetlərdə, fabriklərdə, iş yerlərində, məktəblərdə, evlərdə və sistem tərəfindən zəhərlənmiş bədənlərimizin içində!


Biz bilirik ki, öztəşkilatlanma və özümüzü müdafiə etmə mexanizmimiz bizim öz gücümüzdür – bu, patriarxal zorakılığa, militarizmə, faşizmə, irqçi ağ adam üstünlüyünə və dövlətin təşkil edib dəstəklədiyi kapitalizmə qarşı yaşamağın məcburiyyətindən doğan bir gücdür.


Müqavimət bu qəddarlığa son verməyin yeganə yoludur! Beynəlxalq həmrəylik və yoldaşlıq ruhunda, bizim müqavimətimiz bu zalım sistemləri – dövlətin ordularla qoruduğu sərhədləri, gender iyerarxiyaları ilə böldüyü cəmiyyəti, sinfi təbəqələşdirmələrlə idarə etdiyi iqtisadiyyatı çökdürəcək.


Müqavimət seçim deyil, bir həyat tərzidir! O, ədalət və azadlıq uğrunda mübarizəmizi idarə edən sarsılmaz bir qüvvədir.


Müqavimət alovu ən qaranlıq anlarda belə sönməz! Bizə nə qədər zülm etsələr, bir o qədər güclü və əzmkar oluruq. Ümidimizi əlimizdən almağa çalışsalar belə, biz onu qəzəbimizin alovunda yenidən əldə edirik!


Unutma, bu dünya nə sənin, nə mənimdir, dünya heç kimindir. Hakimiyyət daimi deyil.

Bizə tətbiq etdikləri qorxu və təhlükələr realdır, amma onlar məğlubedilməz deyillər.

Hər bir imperiyanın divarları çatlayacaq. Hər bir diktatorun yalanları ifşa olunacaq. Hərəkət etdikcə zülm zəncirlərinin əslində nə qədər qalın olduğunu anlayırıq. Ancaq bizə vurduqları zəncirlər qırılacaq.


Unutma, onlar istəyir ki, biz ümidsizliyə qərq olaq. Onlar istəyir ki, biz özümüzü kiçik hiss edək. Amma biz rəqs edirik. Biz sevirik. Biz üsyan mahnıları oxuyuruq. Biz onların divarlarının o tayında xəyal edirik. Biz təşkilatlanırıq.


Bizim sevincimiz bizim müqavimətimizdir.

Bizim sevgimiz bizim inqilabımızdır.

Biz mübarizə aparırıq, deməli, biz yaşayırıq.

Biz birlikdə, bizi silahlarla, həbsxanalarla və zorakı güc monopoliyası ilə susdurmağa çalışan bu zalım sistemə meydan oxuya bilərik.

Biz onların səbəb olduğu dağıntıların külündən yeni dünyalar quracağıq.

Güc bizim əlimizdədir – xalqın əlindədir!


Unutma, əgər biz, 99%, boyun əyməsək, sistem iflic olar!


Unutma, yuxarıdan bizə veriləcək bir azadlıq mövcud deyil.


Bizim qaniçənlərimizin maliyyələşdirdiyi QHT-lər vasitəsilə azadlıq gəlməyəcək.

Heç bir xilaskar gəlməyəcək. Heç bir hökumət bizi azad etməyəcək. Heç bir Qərb beyin mərkəzi bizi xilas etməyəcək. Onlar bizim əzabımızı ancaq bir hesabat halına gətirəcək, onu "müsbət irəliləyiş" adlandıracaq və karyeralarını bunun üzərində quracaqlar.


Amma biz bilirik: həqiqi azadlıq yalnız əldə edilir, heç vaxt hədiyyə verilmir.


8 Mart simvolik bir gün deyil, bu gün bizim mübarizə bəyanatımızı verdiyimiz gündür, çünki əgər əllərimiz onların sərvətini yaratmağa qadirdirsə, həm də yeni bir dünya uğrunda mübarizə aparmaq gücündədir!


Biz özümüzü azad edəcəyik – ya da heç vaxt azad olmayacağıq.

Bu bizim vədimizdir, bu 8 Mart və bundan sonra hər gün:

Biz boyun əymirik və əyməyəcəyik.

Biz bağışlamırıq və bağışlamayacağıq.

Biz qəzəblə döyüşürük və döyüşəcəyik!





 

Comments


Feminist Peace Collective Est.2021

bottom of page