top of page
Feminist Peace Collective

Azərbaycan COP29-dan nə istəyir?

Bu təhlil ilk olaraq Rosa Luxemburg Stiftung-da dərc edilmişdir

Cəmi 30 il əvvəl müstəqillik əldə etməsinə baxmayaraq, Azərbaycan idman və musiqi tədbirləri (o cümlədən Avropa Oyunları, Avrokubok yarımfinalları və Eurovision), qarşıdan gələn COP29 kimi yüksək səviyyəli görüşlər, korrupsiya skandalları, avtoritar rejimin tətbiq etdiyi repressiyalar, neft-qaz biznesi və Ermənistanla müharibə ilə beynəlxalq siyasətdə artıq kifayət qədər tanınır. Bu, orta statistik bir avropalının Azərbaycanla bağlı yaratdığı reduktiv obrazdır. Lakin həqiqət olmasına baxmayaraq, bu mənzərə natamamdır və Azərbaycanın keçdiyi tarixi yolu, gündəlik siyasətini, sosial münasibətlərini, iqtisadiyyatını, nəhayət, ölkənin bugünkü imicinin formalaşmasındakı Avropanın rolunu izah etmir.


Azərbaycan ən sonuncu dekolonizasiya dalğası ilə Sovet İttifaqının dağılması nəticəsində 1991-ci ildə müstəqillik əldə edib. Müstəqillik uğrunda mübarizəyə standart dekolonial ssenari ilə millətçi ideologiya hakim idi. Hər zaman imperiyalar arasında kəsişmə nöqtəsində yerləşən xalq olduğundan, burada millətçi mübarizənin bir neçə qolu meydana gəlmişdir (Swietochowski 2016). Pantürkizm Azərbaycanı etnik və dil oxşarlıqları əsasında türk dünyasına inteqrasiya etmək cəhdi idi. İslam hərəkatı isə Azərbaycanı şiə İslam dünyasının bir hissəsi kimi görür, Azərbaycanın İranın və müsəlman dünyasının bir hissəsi olduğu günlərə qaytarmaq istəyirdi. Dünyəvi millətçilər Avropa, yaxud Rusiya təsirinin əlamətlərini daşıyan modernizmi təmsil edirdilər. Bu millətçilik xəttini qismən keçmiş sovet nomenklaturasının nümayəndələri və liberal ziyalılar təbliğ edirdilər. 


Azərbaycanın Ermənistanla Dağlıq Qarabağ uğrunda şiddətli mübarizəsi başlayan kimi bu müxtəlif meyllər aradan qalxdı [1]. Dağlıq Qarabağdakı itkilər Bakıdakı iqtidar münasibətlərində dəyişikliklərə gətirib çıxardı. Hakimiyyətdə olan millətçi qruplar keçmiş sovet nomenklaturasının üzvləri tərəfindən Azərbaycan Kommunist Partiyasının keçmiş rəhbəri Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə məğlub oldular. Tezliklə Azərbaycanda millətçilik, ideologiya və siyasi həyat tək bir məsələ - Dağlıq Qarabağ məsələsi ilə məhdudlaşdırıldı. 


Heydər Əliyev avtoritar idarəetmə tərzi ilə Azərbaycanda vəziyyəti sabitləşdirdi. Lakin onun ölkənin zəngin təbii sərvətlərilə (neft və qaz) nə edəcəyinə dair təsəvvürü olmadığından, sadəcə olaraq, ölkəyə xarici kapitalı dəvət etməklə beynəlxalq neft şirkətlərinə neftin çıxarılması və ixracı üçün əlverişli şərait yaratdı. 1994-cü ildə Əliyev BP-nin (Böyük Britaniya) rəhbərlik etdiyi və 34,1 faiz paya sahib olduğu konsorsiumla “Əsrin müqaviləsi” kimi tanınan müqaviləni imzaladı. Konsorsiuma aşağıdakı digər şirkətlər daxildir: Chevron (10,2 faiz payla), SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) (10 faiz), Statoil Hydro (8,6 faiz), Exxon Mobil (8 faiz), TPAO (6,8 faiz), Devon (5,6 faiz), ITOCHU (3,9 faiz), Hess (2,7 faiz), (Bəşirov 2021) və digər şirkətlər (11 faiz). 


Azərbaycanın o zamankı zəif mövqeyi ona daha yaxşı şərtlərlə danışıqlar aparmağa imkan vermədi və Azərbaycan bu hasilat layihəsindən ancaq kiçik səhmlərlə kifayətləndi. Baxmayaraq ki, indi bu dəyişib və SOCAR-ın səhmləri artıb. Xarici kapital hadisələrin inkişaf yolu ilə kifayətləndi. Onlar xarici kapitala tam toxunulmazlıq imkanı verən, hətta onu ölkə konstitusiyasından azad edən Hasilatın Pay Bölgüsü Sazişlərini (HPBS) imzalayan Azərbaycan hökumətindən (Bayülgen 2005) "bir pəncərə" xidməti aldılar. HPBS xarici kapitalla Azərbaycan dövləti arasında əsas qanuna çevrildi. Beləliklə, Əliyev neft sənayesini neoliberal bazar prinsiplərinə açıb, eyni zamanda da iqtisadiyyatın bütün digər sahələrini tam inhisara aldı və heç bir başqa aktorun investisiya qoymasına imkan vermədi. Bununla yanaşı, o, kiçik və orta biznesi də qovub, ailəsinin və ya ailəyə bağlı olan digər oliqarxları ilə birlikdə, demək olar ki, bütün sənaye sahələrini öz monopoliyasına aldı. Bu, Azərbaycanın rentier dövlətinə keçidi idi.


Rentier dövlət geniş şəkildə xarici alıcılıq qabiliyyətinə güvənir və təbii sərvətləri satmaqla sağ qalır (Beblawi and Luciani 2015). Belə inkişaf yolunu izləyən rentier dövlətin bütün gəlirləri xaricdən gəldiyindən, yerli əhalidən asılı olmur. Belə bir vəziyyətdə isə yerli elita gəliri bölüşdürməlidir. Ancaq Azərbaycan nümunəsində yerli elita qazancını qoruyub saxlayaraq əhalinin geri qalan hissəsindən özünü ayırıb. Azərbaycanda hakimiyyətin mərkəzləşdirilməsi o səviyyəyə çatıb ki, bütün qərarların qəbulu prosesi bir şəxsdən - Prezident Əliyevdən və onun sadiq elitasından asılıdır. Dövlətin imkanları və gəlir səviyyəsi əhalinin əksəriyyətinin loyallığını satın almağa kifayət edir. Əhalinin təxminən 35 faizini işlə təmin edən dövlət ən çox işyeri təmin edən qurumdur (Bəşirov 2021) və ailələrin məşğulluğu əsasən onlardan asılı vəziyyətdədir (Franke et al. 2009). 


Yüksək gəliri, güclü polis aparatı, azsaylı əhalisi, sovet dövründən qalma güclü dövlət irsi ilə Azərbaycan istənilən siyasi müxalifətin vəhşicəsinə təzyiqlərə məruz qaldığı repressiv dövlətə çevrilib. Bu cür repressiyalar vaxtaşırı baş verir, bu dövrlər arasında yeni nəsil fəallar meydana çıxır və vətəndaş cəmiyyəti yenidən cücərir. Ancaq bu tumurcuqlar heç vaxt çiçək açmağa macal tapmır və kökündən kəsilir. “Demokratiya beşikdə öldürülməlidir”- Azərbaycan hakimiyyətinin şüarı və əsas prinsipidir.


Heydər Əliyevin vəfatından sonra hakimiyyət onun oğlu İlham Əliyevə keçdi. 2003-cü ildən bəri hakimiyyətdə olan İlham Əliyev iqtidarı 2014-cü ildə qlobal neft qiymətləri kəskin ucuzlaşanda ciddi problemlərlə üzləşdi. Bunun ardınca vətəndaş cəmiyyətinə qarşı repressiyaların birinci dalğasına başladı, ardınca isə yerli valyuta ABŞ dollarına nisbətdə 32 faiz dəyər itirdi  (The Guardian 2015). Bununla, ilk dəfə idi ki, hakimiyyət idarəçilikdə dəyişikliklərin və iqtisadiyyatın şaxələndirilməsinin zəruriliyini dərk edirdi, çünki artıq neft etibarlı resurs ola bilməzdi. Hökumətin loyallıq almaq qabiliyyəti birbaşa neft qiymətlərindən və alınan icarə səviyyəsindən asılıdır. Bununla belə, Azərbaycanın bu diversifikasiyada uğursuzluğu və hazırda şahidi olduğumuz yaşıl iqtisadiyyata aqressiv keçidi neft və qaza tələbatın azalması səbəbindən güc itkisi qorxusu ilə izah edilə bilər. Bu, həm də Aİ-yə qaz ixracına tələbatın artması ilə izah oluna bilər ki, hazırda Azərbaycan bu barədə çətinlik çəkir. Səlahiyyətli orqanlar enerjiyə olan daxili tələbatı ödəmək üçün bərpa olunan enerji mənbələrindən istifadə edərək daha çox qaz əldə etməyə çalışırlar (O'Byrne 2024a).


Əliyevin hakimiyyətinə təhlükə yarandığı halda lazımi an üçün əlində saxladığı “kozr” kart Dağlıq Qarabağ idi. Bu kart sosial-iqtisadi bərabərsizlik kimi əsas problemləri arxa plana keçirib, əhalini bir qayə və yaxud bir şəxs ətrafında cəmləşdirmək gücünə malik idi və hələ də bu gücü özündə saxlayır. Əliyev bu kartı ilk dəfə 2016-cı ilin aprelində oynayıb (BBC 2016). Dörd gün davam edən qarşıdurma Rusiyanın müdaxiləsi və Azərbaycanın kiçik bir kəndi ələ keçirməsi ilə başa çatıb. Hakimiyyətin möhkəmlənməsi davam edib və Əliyev sonrakı illərdə qohumluq və klan mənsubiyyətinə əsaslanan sədaqəti texnokratik hakimiyyətə sədaqətə çevirmək məqsədilə qondarma “islahat” həyata keçirib. Bu, sosial kapitalın əsas forması kimi köhnə regionalizm və klanlar, yaxud qohumluq münasibətlərinin əhəmiyyətini itirməsi demək idi. Halbuki əvvəllər bir insanın ailəsinin hansı bölgədən olması hökumət təyinatlarında rol oynayırdı - müxtəlif bölgələrdən olan insanlar hökumətin müxtəlif şöbələrinə və ya nazirliklərinə nəzarət edirdi-  artıq bu qohumluq əlaqəsi əhəmiyyət kəsb etməyəcəkdi. Həmçinin, Əliyev köhnə sovet nomenklaturasının qalıqları arasında olan potensial rəqiblərini və digər güc sahiblərindən də xilas oldu.


Lakin Əliyev daxili vəziyyətin qeyri-sabit, sosial-iqtisadi ehtiyaclar isə artmış vəziyyətdə olduğu bir vaxtda yenidən Dağlıq Qarabağ kartını oynayıb, bu dəfə qanlı müharibəyə başladı və demək olar ki, bütün regionu ələ keçirdi, 2023-cü ildə erməni əhalisi regiondan tamamilə qovuldu (Reuters 2023).   


“İqlimin Dekoloniallaşdırılması” Fasadı Altında Yol Qovşaqlarından Neo-kolonial İstəklərə

Azərbaycan özünü “iqlim carçısı” kimi göstərməklə yanaşı (neftə əsaslanan rentier dövlət kimi fəaliyyət göstərərkən), həm də “dekolonizasiya” diskursunu dəstəkləyir, mahiyyətcə mütərəqqi olan missiyaları özününküləşdirərək mənimsəyir. Azərbaycanın yaşıl iqtisadiyyatla məşğul olmaq cəhdləri və onun dekolonial gündəliyi mənimsəməsi, müstəmləkəçilikdən sonrakı milli-dövlət layihəsinin qurbanın təcavüzkar olmaqdan çəkinmədiyi neokolonial arzuya çevrilməsinə mükəmməl nümunədir. 


Azərbaycanın selektiv anti-müstəmləkəçi gündəliyi həm Qərbdə, həm də Şərqdə metropoliten mərkəzlərdən mənimsənilmiş siyasi ikiüzlülüyün bariz nümunəsidir. Rəsmi anti-müstəmləkəçi narrativlər Azərbaycanın 2020-ci il Dağlıq Qarabağ müharibəsindəki qələbəsindən sonra geniş yayılıb, rusiyalı ifrat sağçı siyasi filosof Aleksandr Duqinin (Dugin 2020) təkrar istifadə etdiyi narrativlərlə selektiv anti-Qərb müstəmləkəçiliyinin rus versiyasını təqlid edirlər. İllər sonra Azərbaycan bu oyunda GONGO-lardan (müstəqil təşkilatlar kimi maskalanan əslində isə hökumətin nəzarətində olan QHT-lər) yumşaq güc kimi istifadə etməklə daha çox praktiki addımlar atmağa başladı.


Bakı Təşəbbüs Qrupu (Azernews 2023) 6 iyul 2023-cü ildə “Afrikada və onun hüdudlarından kənarda de-fakto köləliyin kökünü kəsmək” məqsədi ilə yaradılmışdır ki, bu da nəzəri cəhətdən problemsiz görünsə də, reallıqda dərin və problematik motivləri özündə cəmləşdirir. Qrup Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclası çərçivəsində “Müstəmləkəçiliyin tam aradan qaldırılması” konfransının iştirakçıları tərəfindən təsis edilib. Bununla belə, bu qrupun anti-müstəmləkəçiliyinin, demək olar ki, məxsusi hədəfi Azərbaycanın strateji olaraq (geo)siyasi maraqları üçün diqqət mərkəzində saxladığı Fransadır və bu, Fransanın Ermənistana dəstəyi ilə bağlı gərginliklə əsaslandırılır. Anti-müstəmləkəçiliklə bağlı mövqe Fransa hökumətinin Sakit Okean adasındakı Yeni Kaledoniya ərazisində səsvermə qanununu dəyişdirmək qərarı ilə bağlı son etirazlar fonunda Fransanın Azərbaycanı ittiham etməsinə qədər gedib çıxdı (Al-Jazeera 2024). Yeni Kaledoniyada keçirilən etiraz aksiyalarında Azərbaycan bayrağı havada dalğalansa da, Azərbaycan bütün ittihamları rədd edərək, GONGO-Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyanın etirazçı Kanak xalqını dəstəkləmək kimi anti-müstəmləkəçilik missiyasını davam etdirməsinə icazə verdi (Report 2024).


Fransa müstəmləkəçiliyinə qarşı bu hay-küylü qəzəb Böyük Britaniya, Rusiya və Türkiyə kimi digər müstəmləkəçi gücləri asanlıqla gözardı edərək, Azərbaycanın strateji müttəfiqliklərini və iqtisadi maraqlarını ön plana çəkir. Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki qələbəsində mühüm rol oynayan həm Böyük Britaniya, həm də Türkiyə (Ambrose 2023; Synovitz 2020) Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilən anti-müstəmləkəçi konfranslarının iştirakçıları kimi müsbət qarşılanıblar. Bu cür selektivlik Azərbaycanın sağçı siyasi məqsədlərinə nail olmaq üçün anti-müstəmləkəçilik ritorikasını necə instrumentləşdirdiyini, müstəmləkəçiliyə qarşı həqiqi mübarizəni necə sarsıtdığını və təşəbbüsün ədalət üçün səmimi bir aktdan daha çox yumşaq güc xarakteri daşıdığını ifşa edərək ortaya qoyur. 


Bu instrumentalizasiyaya müvafiq olaraq, yerli əhalinin hüquqlarına diqqət Azərbaycanın COP29 gündəliyində ön plandadır. 19 iyul 2024-cü il tarixində Azərbaycan inkişaf etməkdə olan dünyada iqlim fəaliyyətinə sərmayə qoymaq üçün çox milyardlıq İqlim Maliyyəsi Fəaliyyəti Fondunun  (CFAF) təsis edildiyini elan etdi: “CFAF neft, qaz və kömür üzrə qalıq yanacaq istehsal edən ölkələrin və şirkətlərin töhfələri ilə kapitallaşdırılacaq və Azərbaycan da təsisçi kimi buna öz töhfəsini verəcək” (Abdul 2024). Göründüyü kimi, bu səylər qlobal iqlim ədaləti və Cənub-Cənub həmrəyliyinin təşviqi ilə üst-üstə düşür. Azərbaycanın “dekolonial iqlim” məsələlərini mənimsəməsi və “yaşıl kapitalizm”dən siyasi və iqtisadi mənfəətlər üçün istifadə etməsi əslində bir neçə əsas dinamikanın nəticəsidir. CFAF-ı yaratmaqla Azərbaycan özünü iqlimin maliyyələşdirilməsində lider kimi göstərir və potensial olaraq geosiyasi təsirini artırır. Fondun mədənçıxarma, yanacaq hasil edən ölkələrdən, həmçinin iri neft, qaz və kömür şirkətlərindən töhfələrin cəlb edilməsinə fokuslanması özlüyündə aparıcı iqtisadi sektorlarla strateji uyğunluğu əks etdirir. Bu yanaşma Azərbaycana beynəlxalq arenada siyasi və iqtisadi nüfuz qazanmaq üçün enerji resurslarından və təcrübəsindən istifadə etməyə imkan verir. Dövlət-özəl sektor tərəfdaşlığına xüsusi diqqət və özəl sektorun səfərbər edilməsi yaşıl kapitalist agendanı bir daha vurğulamış olur. İnvestisiya risklərini azaldaraq, güzəştli və qrant əsaslı dəstək göstərməklə Azərbaycan yaşıl layihələrdə özəl investisiyaların qorunduğu mühiti gücləndirir və beləliklə, dayanıqlılığı təşviq etməklə yanaşı, gəlirliliyi də təmin edir.


Bərpa olunan enerji, ərzaq və kənd təsərrüfatı kimi xüsusi sektorların prioritetləşdirilməsi investisiyaya hesablanmış yanaşmanı əks etdirir (COP29 2024). Bu sektorlar dayanaqlılığa nail olmaq üçün mühüm əhəmiyyət kəsb etsə də, bu cür selektiv yanaşma gəlirləri maksimuma çatdırmağa və aparıcı iqtisadi sahələr üzərində nəzarəti saxlamağa hesablanmış da ola bilər. Belə bir investisiya strategiyası nəinki yerli icmaların ehtiyaclarını prioritetləşdirməyəcək, həm də onlar üçün daha çox asılılıq, borc və gücsüzlük yaradacaq. Xarici maliyyələşmə və ekspertizadan asılılıq yerli özünütəminliyə mane ola və iqtisadi bərabərsizlikləri davam etdirə bilər. Bundan əlavə, inkişaf şərtlərini diktə etməklə, bu investisiyalar yerli icmaların öz resurslarını mədəni təcrübələrinə və prioritetlərinə uyğun olaraq idarə etmək və istifadə etmək imkanlarını məhdudlaşdıra bilər.


Yenə də, Azərbaycanın inkişaf etməkdə olan dünyaya, o cümlədən kiçik ada dövlətlərinə maliyyə və humanitar yardım göstərməsi narrativi onu göstərir ki, neo-kolonializm və dekolonializm arasındakı fərqlər ört-basdır edilir. COVID-19 pandemiyası (Lmahamad 2021) zamanı 80-dən çox ölkəyə verdiyi dəstəyi həddən artıq ifadə etməklə özünü Qlobal Cənub çərçivəsində xeyirxah aktyor kimi təqdim edən Azərbaycan indi neokolonial güclərin faktiki mənimsəmə alətlərini təqlid edir. İqlim ədalətinə gəldikdə isə Qlobal Cənubu dəstəkləmək zərurəti haqqında narrativlər hökumətlərin bu xalqların həssaslığına xüsusi diqqət çəkmələri ilə gücləndirilir. Bununla belə, Azərbaycanın iqlim məsələlərini dekoloniallaşdırmağa– tarixi bərabərsizliklərin aradan qaldırılmasına və inkişaf etməkdə olan dövlətlərin səlahiyyətlərinin artırılmasına sadiqliyinin həqiqi miqyası qeyri-müəyyən olaraq qalır.


Fondun kapitalı inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinin dəstəklənməsi və Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrin (NDC) inkişafına kömək etmək arasında bölünür (COP29 2024). Xüsusilə 1,5°C hədəfinə uyğun olaraq, MDM-in inkişafı üçün təkan Azərbaycana bu təşəbbüslərin arxasında duran əsas iqtisadi motivləri potensial olaraq gizlədərək iddialı iqlim fəaliyyəti üçün standart daşıyıcı kimi özünü tanıtmaq üçün imkan yaradır. Əliyev 15-ci Peterburq İqlim Dialoqunda çıxışında konkret olaraq bu cür deyib:

“Qalıq yanacaqları ilə zəngin bir ölkənin başçısı olaraq, əlbəttə ki, biz bu ölkələrin investisiya və istehsalı davam etdirmək hüququnu müdafiə edəcəyik, çünki dünyanın buna ehtiyacı var. Ancaq eyni zamanda, artıq qeyd etdiyim kimi, mədən yanacaqları olan ölkələr də iqlim dəyişikliyi ilə bağlı məsələlərdə həmrəylik nümayiş etdirənlər sırasında olmalıdır”(Azərbaycan Respublikasının Prezidenti 2024).


Dekolonizasiya diskursunun bu versiyası Azərbaycan kimi hibrid neoliberal kontekstlərdə iqlim narrativinin strateji baxımdan silahlandırılmasından qaynaqlanan ritorik icra mexanizmlərinin necə tətbiq olunduğunu araşdırmağa dəvət edir. Azərbaycandakı neoliberalizm hibriddir, çünki o, azad bazar siyasətinin elementlərini güclü dövlət müdaxiləsi ilə, xüsusən də neft və qaz kimi iqtisadiyyatı üçün vacib olan sektorlara birləşdirir. Bu cür hibrid siyasət hökumətə xarici investisiyaların cəlb edilməsinə yönəlmiş bazar liberalizminin fasadını təşviq etməklə yanaşı, strateji resurslar üzərində nəzarəti saxlamağa da imkan verir. Bir tərəfdən BMT-nin iqlim danışıqlarında yaşıl kapitalizmi nümayiş etdirən Azərbaycanın iqlim neoliberalizmi variantı daha geniş modernləşmə strategiyasına inteqrasiya olunmuş yaşıl bazar liberalizmi kimi özünü göstərir. Bu strategiya ölkəninin avtoritarizminə və militarizminə baxmayaraq, onu postsovet regionunda əsas Qərb tərəfdaşı kimi mövqeləndirir. Bu, kimin dekarbonizasiya edə biləcəyi və Azərbaycan kimi post-müstəmləkə kontekstlərində neoliberal yayılmanın nəticələrinin, həmçinin Qərb institutlarının avtoritar praktikada iştirakının “hər hansı bir şeyin” tam mənimsənilməsinə gətirib çıxarması ilə bağlı suallar doğurur.


Bu gün, mədən yanacaqları olmayan bir dünya təsəvvür etmək kimi radikal konsepsiya kimi başlayan təşəbbüs, bərpa olunan mənbələr, karbon kompensasiyası və səmərəlilik tədbirləri üzərində bazar payı uğrundakı mübarizəyə çevrildi. Beləliklə, "iqlimin dekonoloniallaşdırılması" mövcud nizamı və biznesi həmişəki kimi davam etdirmək üçün kapitalın növbəti həmləsindən başqa bir şey deyil. Başqa sözlə, bu, ictimiai reproduksiyanın daha geniş üfüqə malik olduğu siyasi və iqtisadi yenidənqurmanın təməl daşı rolunu oynayacaq yeni artım/inkişaf modeli yaratmaq cəhdidir.


11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçirilməsi planlaşdırılan COP29 konfransı iqlim dəyişikliyi, biomüxtəliflik və davamlı inkişaf üçün beynəlxalq çərçivələri uyğunlaşdırmaq məqsədi daşıyan Qlobal Yaşıl Saziş (CoR 2024) üzərində qurulacaq. Konfransın gündəliyi hər biri mühüm əhəmiyyət kəsb edən xüsusi mövzulara həsr olunmuş tematik günlər şəklində təşkil olunub.


Konfransın mühüm komponenti noyabrın 21-nə planlaşdırılan “Yerli İnsanlar” mövzusuna diqqətin yönəldilməsidir. Azərbaycan “heç kəsi geridə qoyma” (COP29 2024) şüarı ilə yaşıl iqtisadiyyatın vacibliyini vurğulayır. Bu şüar BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyinin əsas vədini əks etdirir ki, bu da üzv dövlətlərin  marjinallaşmanın əsas səbəblərilə mübarizə apararaq yoxsulluq, ayrı-seçkilik və bərabərsizlik kimi məsələlərin həll olunmasını öhdəsinə götürür. Bu çərçivə insan hüquqları məsələlərinin iqlim dəyişikliyi diskursuna inteqrasiyasını da vurğulayır.


Buna baxmayaraq, Azərbaycandakı siyasi reallıqlar bu öhdəliklərlə kəskin ziddiyyət təşkil edir. Ölkənin faşizmə meylli avtoritar və mühafizəkar rejimi rəsmi ritorika ilə Azərbaycanda yaşanan təcrübə arasında dərin uyğunsuzluğu ortaya qoyur. Kobud insan hüquqları pozuntuları və siyasi fəallara qarşı repressiv siyasət bu uyğunsuzluğu bir daha göstərir.


Müqavimət haradadır?

Azərbaycanda siyasət uzun müddətdir ki, radikal aktivizmdən məhrum edilib. Sovet siyasətinin apolitik xarakteri, müstəqillik əldə etdikdən sonra avtoritar idarəetmə xalqı tamamilə hərəkətsizləşdirdi və millətçi narrativlər istisna olmaqla, siyasətə münasibətini tamamilə laqeyd vəziyyətə saldı. 


İlk dəfə 2014-cü ildə liberal vətəndaş cəmiyyətinin ağır şəkildə sıxışdırılmasına başlandı (Göyüşov 2015), bu öz növbəsində siyasətin və aktivizmin radikallaşması üçün şərait yaratdı. 2014-cü ildən bu yana ölkədə yeni yaradılmış QHT və ya siyasi partiya yoxdur, çünki yeni təşkilatların qeydiyyatı demək olar ki, mümkün deyil. Qrant almaq da eyni dərəcədə mümkünsüzləşdirilib və bir vaxtlar Bakıda çoxalmaqda olan xarici təşkilatlar ölkəni tərk etdilər. Vətəndaş cəmiyyəti artıq fərdlərdən və grass-roots təşəbbüslərindən ibarət idi. Bu, gəncləri QHT-lərdən kənar fəallığa, radikal təşkilatlanmalara sövq etdi. Bununla belə, ölkədə ötən ilin yayında başlayan son represiyya dalğası, dəyişiklik üçün cücərməkdə olan bu tumurcuqları yenidən məhv etdi.


Polis və ya icra məmurlarının haqsızlıqlarına qarşı çıxış edən yerli icmaların etirazları da amansızlıqla yatırıldı. Ən son belə icma üsyanı 2023-cü ilin iyununda baş verdi. Azərbaycanın şimal-qərbindəki Söyüdlü kəndində bir qrup insan toplaşaraq sənayedən sonra emal olunmuş tullantıları tökmək üçün kənddə ikinci süni su anbarının yaradılmasına etiraz səslərini ucaltdılar (Feminist Sülh Kollektivi 2023). Anglo Asian Mining PLC tərəfindən idarə olunan Gədəbəy qızıl mədəni (OCCRP 2016) həmçinin hakim ailə ilə də əlaqəlidir. Etirazlar zamanı icma üzvləri vəhşicəsinə sıxışdırıldılar. Bütün kənd mühasirəyə alındı. Polis gözyaşardıcı qazdan istifadə edərək kəndə basqın etdi və etirazçıları həbs etdi, hansı ki, bir çoxu hələ də həbsdədirlər. Kəndin girişi bu günə qədər davamlı olaraq polis nəzarətindədir. Söyüdlünün blokadası Dağlıq Qarabağın blokadası ilə paralel baş verdi (Amnesty International 2023) və şübhəsi olan çoxları üçün rejimin əsl simasını ortaya qoydu. Azərbaycan hökuməti üçün erməni separatçıları və azərbaycanlı etirazçıların heç bir fərqi yox idi, hər ikisi eyni miqyasda vəhşiliklə üzləşdilər. Bu, bəzi millətçi qrupların üzünə ayıq-sayıq bir sillə idi. 


2023-cü ilin payızında bütün mübahisəli ərazilərə tam nəzarəti ələ keçirdikdən sonra Əliyev üzünü daxili məsələlərlə çevirdi və vətəndaş cəmiyyətinə qarşı amansız repressiyalara başladı. Abzas Media və Toplum TV (Eurasianet 2024) kimi müstəqil media qurumları bağlandı, onların redaktorları və əməkdaşları ağır pul qaçaqmalçılığı ittihamı ilə həbs edildi, ofislərinə basqın edildi, onlarla əlaqəsi olan hər kəs ya polis tərəfindən dindirildi, ya da həbs edildi. Bu hücumdan sonra fəalları ABŞ casusları və qrant alanları ilə əlaqələndirən (Eurasianet 2023) onları daxili siyasi sabitliyi pozmaqda ittiham edən qarayaxma kampaniyası izlədi. Guya ki, ABŞ Azərbaycanda stabilliyi pozmaq istəyir və bu məqsədlə feminist və queer aktivizmi maliyyələşdirir. Feminizm və queer aktivizm mövzusu hökumət üçün təhlükəsizlik məsələsinə çevrildi. Təbii, burada təzə heç nə yoxdur; orta statistik anti-Qərb diktatorun həmişəki oyun qaydaları. Ən son talış tədqiqatçı İqbal Əbilov (Fərhadova 2024) və gənc araşdırmaçı Bəhruz Səmədovun (OC Media 2024) ermənilərlə işbirliyində və vətənə xəyanətdə ittiham edilərək həbsi ilə repressiya dalğası bu günə qədər davam edir. Bir çox başqa fəallar ya ölkəni tərk edib sürgünə getdilər, ya görünməz oldular, ya da fəaliyyətlərini dayandırdılar.


Ölkədə hökumətin hakim diskursuna təsirli şəkildə qarşı çıxa biləcək qruplar yoxdur. Hökumət və onun qəddar, zorakı üsulları da yumşaq siyasətdən istifadə edir, yeni platformalar açır və daha az radikal, yaxud daha az müxalifətçi fəal qruplar üçün imkanlar yaradır. Yalnız hökumətin nəzarətində olan narrativlər çərçivəsində oynaya bilən və müəyyən edilmiş qaydalara əməl edə bilən (məsələn, siyasətlə məşğul olmamaq və ya hökuməti tənqid etməmək, sadəcə olaraq problemləri yəqinləşdirib hökumətə onları müəyyən etməkdə kömək etmək) qrupların mövcud olmasına icazə verilir. Hökumət də onlardan canlı vətəndaş cəmiyyətinə malik demokratik dövlət imicini yaratmaq üçün qalxan kimi istifadə edir. Bundan daxili siyasətdə də başqalarını millətə satqın kimi göstərmək üçün istifadə olunur, digərləri – yəni qaydalara uyğun oynayan hər kəs isə vətəndaş cəmiyyətinin yaxşı nümayəndəsi və əsl vətənpərvərdir.


Lakin bu dəhşətli mənzərəyə baxmayaraq, müqavimət müxtəlif formalarda mövcuddur və neft və qazın bolluğu ilə lənətlənmiş milyonlarla[2] insanların sabitliyini pozmaqda davam edir.


Yaşıl Kapitalizm Çərçivəsində COP29

Ekoloji modernləşmə getdikcə beynəlxalq siyasi gündəmi formalaşdırmaqdadır. Qlobal kapital yığımı iqlim böhranının ciddi təsirləri üçün həllər tələb edir. Bu, kapitalizmin özünü problemin bir hissəsi kimi qəbul etməkdən yan keçərək rəqabət, ekspansiya və mənfəətə əsaslanan prinsipləri ilə idarə olunur. Bir çox ölkələr daha qabarıq şəkildə “yaşıl” sənaye siyasətini qəbul edirlər. Məsələn, Avropa Yaşıl Sazişsi yaşıl innovasiyalar üçün maliyyə stimullarını və qanunvericilik bazalarını gücləndirir. Xüsusilə Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa enerji təchizatı böhranı yaşadı. Bu, müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla “yaşıl” modernləşmə və dayanıqlılıq adı altında sürətli razılaşmalara gətirib çıxardı. 


Həll yolu kimi təklif olunan bazar modelinin ekoloji “yaşıllaşdırılması”nı başa düşmək üçün qalıq yanacaqlardan imtina edən yaşıl kapitalizmi yeni hegemon layihə kimi təhlil etmək olduqca vacibdir. Yaşıl kapitalizm yeni sosial-ekoloji xərclər yaradaraq onları məkan və zaman baxımından başqalarının üzərinə köçürür (müq. Brand et al. 2024a: 97). Buna görə də yaşıl kapitalizmin ziddiyyətlərini qısaca təhlil etmək lazım gəlir. Böhranın əsas göstəricisi 2019-cu ildən Avropa Yaşıl Sazişinin ərsəyə gəlməsi ilə Aİ kimi təşkilatların həll yolları axtarışına başlaması oldu. Bu təşəbbüs hakimiyyətdə olanların dəyişən geosiyasi və iqtisadi mənzərələrlə yanaşı, sosial, iqtisadi və ekoloji sarsıntılara qarşı necə yanaşma ortaya qoyduqlarını nümayiş etdirirdi (yenə orada: 102). Şiddətli iqlim böhranına baxmayaraq, Yaşıl Sazişin (GD) əsas tonu nikbin olaraq qalır. Gözlənilir ki, iqlim böhranının həlli təkcə yeni biznes imkanları və “yaşıl” inkişaf perspektivləri baş tutmayacaq, həm də bir daha Aİ-nin mənəvi üstünlüyünü nümayiş etdirəcək. Tez-tez qarşımıza çıxan- Avropa “ilk iqlim-neytral qitə”dir- şüarında iddia edildiyi kimi. 


Dayanıqlılıq İllüziyası: Yaşıl Kapitalizm və Onun Fosil Asılılığı

Yaşıl Saziş kapitalın “yaşıl” fraksiyaları və onların biznes strategiyaları ilə əməkdaşlıq vasitəsilə yaşıl kapitalizm gündəmini təşviq etmək səylərini təcəssüm etdirir. Onun məqsədi kəskin böhran şəraitində kapitalist istehsal sisteminin dinamizmini və legitimliyini dirçəltməkdir. O, ictimaiyyəti əmin edir ki, komissiyalar, hökumətlər və parlamentlər ekoloji böhranın aktuallığını həll edir, baxmayaraq ki onun fəsadları başqa ölkələrə siraət edir və spesifik maraqlar prioritetləşdirilir.


Yaşıl Saziş və onun həyata keçirilməsi üçün lazım olan konkret tədbirlər dəyişiklikləri mövcud güc strukturlarına inteqrasiya edir və həmin strukturların müəyyən ərazilərdə yaşıllaşdırılmasına cəhd edilir. Avropa Yaşıl Sazişinə eko-kapitalist strategiyaların hegemon ekspansiyasının mərkəzi komponenti kimi baxa bilərik (müq. Brand et al. 2024a: 114). Avropa Yaşıl Sazişi ondan istifadə etməyə çalışan fosil kapitalının güclü hücumlarına məruz qalır. Bunun səbəbi isə hegemonik yaşıl kapitalizm layihəsinin bir tərəfdən fosil iqtisadiyyatını qoruyub saxlamağı üçün ciddi təzyiqlərlə üzləşməsidir. 


Əsas problem ondan ibarətdir ki, 2050-ci ilə qədər qlobal dekarbonizasiyaya nail olmaq istər-istəməz xammal istehlakının əhəmiyyətli dərəcədə artması ilə nəticələnəcəkdir. Yaşıl Saziş isə bərpa olunan enerjilərin bol olduğunu nəzərə alsa da, onların istehsalı və paylanması üçün lazım olan texnologiyaların qalıq yanacaqlardan, polad, litium, sement və nadir torpaq elementləri kimi digər xammallardan asılı olduğunu qəbul etmir (yenə orada: 116). 


Eurometaux və Leuven Universitetinin iki ssenarini araşdıraraq apardığı araşdırma göstərir ki, 2050-ci ilə qədər dekarbonizasiya 2020-ci ilə nisbətən bir neçə metalın qlobal istehlakında kəskin artıma səbəb olacaq: alüminium 43 faiz, nikel 168 faiz, mis 51 faiz , kobalt isə 403 faiz. Əlavə olaraq, 2023 Foresight araşdırması göstərir ki, AB batareyalarına olan litium tələbatı 2030-cu ilə qədər 12, 2050-ci ilə qədər isə 21 dəfə artacaq (yenə orada: 116). Qlobal miqyasda litium tələbinin 2030-cu ilə qədər 18 dəfə, 2050-ci ilə qədər isə doxsan dəfə artacağı gözlənilir (Carrara 2023). Buna görə də elektrikli nəqliyyat vasitələrinə keçid təkcə enerji tutumlu deyil, həm də xammaldan olduqca asılıdır (Groneweg 2021). 


Aydındır ki, bəzi iqtisadi və siyasi elitalar qlobal iqtisadiyyatın, xüsusən də inkişaf etmiş ölkələrin və Çinin karbonsuzlaşmasını zəruri hesab edirlər. Nəticədə, yaşıl kapitalist layihəsi bir çox ictimai qüvvələrin dəstəyini alır, çünki o, kapitalizmin fundamental artıma əsaslanan məntiqini şübhə altına almır, hətta ekoloji böhranın kapitalizmin barışdırıcı düsturu ilə həll oluna biləcəyini təklif edir: iqtisadi artım — ancaq “yaşıl” (yenə orada: 118). Yaşıl Sazişin həyata keçirilməsi xüsusi olaraq xarici regionların sistemli şəkildə istismarının dərinləşdirilməsinə yönəlib. Təklif olunan ekoloji modernləşmədə Aİ müsbət mənada ümumi maraqların, yəni iqlim dəyişikliyi ilə uğurlu mübarizənin “mənəvi müdaxiləçisi” və “qlobal nəzarətçisi” kimi təsvir edilir. Bu rol vasitəsi ilə Aİ qlobal standartları müəyyən etməyi və yeni bazarlar yaratmağı hədəfləyir (yenə orada: 117). 


Hegemon yaşıl kapitalizm proyektinin arxasında duran nüfuzlu siyasi və iqtisadi qüvvələr ekoloji modernləşmə yolu ilə kapitalın yığılması üçün gələcək şərtləri təmin etməyə və lazımi siyasi çərçivələri yaratmağa çalışırlar. Eyni zamanda, bu qüvvələr xarici resurslara, xüsusən də xammal və aralıq mallara çıxışı təşkil etmək səylərini gücləndirirlər. Dövlətlər konfliktlərin idarə edilməsində və dominant aktorlarla idarə olunanlar arasında kompromislər üzrə danışıqlarda əlaqələndirici rolu öz üzərlərinə götürürlər (yeni orada: 119). Liberal təbliğatın irəli sürdüyü fərziyyələrinin əksinə etiraf etmək lazımdır ki, bazar prosesləri həmişə siyasi kontekstlər daxilində cəmləşir və dövlət hansısa ekstern iqtisadi qurum deyil, kapitalist istehsal tərzinin ayrılmaz tərkib hissəsidir (Hirsch 2005: 139). Bu kontekstdə Azərbaycanda keçirilən COP29 kimi konfranslar qlobal kapitalın “yaşıl” fasadı altında stabil şəkildə yığılması və tənzimlənməsi üçün yeni bazarların yaradılmasında mərkəzi rol oynayır. Bununla belə, bu, çox vaxt mühafizəkar və ya emansipator siyasi fəalların və jurnalistlərin repressiyaları, Söyüdlüdəki kimi eko-etirazçıların sıxışdırılması və Azərbaycanın Dağlıq Qarabağdan ermənilərin etnik təmizlənməsi kimi müşayiət olunan ictimai-siyasi münaqişələri nəzərdən kənarda qoyur.


Azərbaycan Kontekstində Yaşıl Kapitalizmin ziddiyyətləri

Yaşıl kapitalizmin mərkəzi ziddiyyəti xammal məsələsindədir. Yaşıl kapitalizm şəraitində infrastrukturun inkişafı və malların istehsalı həm enerji, həm də resurs tələb edir. Bu, xüsusilə beş strateji sektorda kritik xammala olan tələbatda özünü göstərir: bərpa olunan enerji, elektromobillik, sənaye, informasiya və kommunikasiya texnologiyaları, kosmik və müdafiə sənayəsi. Bərpa olunan enerji, elektromobillik, mobil telefonlar, kompüterlər və hərbi müdafiə proqramları üçün batareyalar xüsusilə vacibdir. Bu akkumulyatorların istehsalı üçün Azərbaycanın malik olduğu litium, kobalt, nadir torpaq elementləri, nikel və xüsusilə mis kimi mühüm xammallar tələb olunur. Mis və kobalt kimi metalların çıxarılması əhəmiyyətli ekoloji zərərə və qalıq yanacaq emissiyalarına səbəb olur, bu da COP-dən əvvəl CO2 emissiyalarının azaldılması məqsədinə ziddir və daha bir yaşılyuma nümunəsidir.



Müharibə və Rəngli Kapitalizm

Sərhədlərin milli dövlətlər tərəfindən demarkasiyası və tənzimlənməsi, qalıq yanacaq və xammala nəzarət ilə yanaşı, kapitalizmin dinamikası və kapital toplanması mexanizmləri ilə dərindən bağlıdır. Bu əlaqə Dağlıq Qarabağ münaqişəsində aydın şəkildə göründü. Kapitalist məntiq çərçivəsində Azərbaycan  hərbi qüvvələrinin müdaxiləsi nəticəsində yeni ərazilərin ələ keçirilməsi, həm də istismar üçün yeni resursların əldə edilməsi demək idi. 


2020-ci ildə İkinci Qarabağ Müharibəsindən sonra və xüsusən də 2023-cü ilin sentyabrında Dağlıq Qarabağdan ermənilərin etnik təmizlənməsindən sonra Azərbaycan tərəfindən Dağlıq Qarabağı həm bərpa olunan enerji, həm də mis, kobalt, qızıl, gümüş və s. kimi mühüm xammalların hasilatı üçün gəlirli resurs mərkəzi kimi mövqeləndirmək üçün geniş səylər göstərilmişdir. 


Azərbaycan hökuməti ilə Böyük Britaniyanın Anglo-Asian Mining şirkəti arasında əlavə üç mədən sahəsini əhatə edən 2022-ci il müqaviləsi Dağlıq Qarabağdakı Qızılbulaq və Dəmirli qızıl mədənlərinin strateji əhəmiyyətini artırıb. Bu sövdələşmənin əhəmiyyəti on aydan çox davam edən və aclığa gətirib çıxaran Laçın dəhlizinin blokadasının həyata keçirilməsinə səbəb oldu. Məqsəd ermənilərin bu yerlərlə bağlı bütün gümanlarını puç edəcək qorxu yaratmaq idi. Müqavilə imzalanan zaman həmin mədənlər fəaliyyətsiz olsalar da, onların fəaliyyətinin Dağlıq Qarabağın yekun statusunun həllindən asılı olduğu bildirilir. Bu plan regionda daha geniş kapitalist maraqlar ilə uzlaşan strateji məkanlara nəzarət və yenidən formalaşdırmaq imperativindən irəli gələn Azərbaycanın geosiyasi strategiyası ilə uzlaşır. Nəticə etibarı ilə, Azərbaycanın hərbi və diplomatik fəaliyyəti Ermənistanın kapitulyasiyası hesabına öz gücünü daha da möhkəmləndirərək, nəzarət edilən (və ya avtoritar) sülhü təmin etmək məqsədi daşıyır. 2023-cü il sentyabrın 28-də Dağlıq Qarabağın 2024-cü il yanvarın 1-dək ləğv edilməsi barəsində fərman verildi. Müharibənin nəticələri bu qərarın verilməsini asanlaşdırdı: sentyabr ayında Azərbaycan tərəfinin 10 aylıq Laçın blokadası ölümcül ərzaq, dərman çatışmazlığına səbəb oldu və 100.000-dən çox erməni Dağlıq Qarabağdan məcburi köçkün düşdü.


Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, Dağlıq Qarabağda iqtisadi inkişafın əsas məqsədi bu regionların “yaşıl enerji” zonasına çevrilməsidir. Prezident Əliyev bölgənin bərpa olunan enerji baxımından əhəmiyyətli potensiala malik olduğunu vurğulayaraq, burada Yaşıl Enerji Zonasının (AREA n.d.) yaradılması ilə bağlı strateji plan hazırladı. Prezident Əliyevin Dağlıq Qarabağı “Yaşıl Zona”ya çevirmək iddiası regionda bundan sonra da kobalt və mis kimi mühüm xammalların çıxarılmasını istisna etmirdi. Zəngin mineral ehtiyatları ilə tanınan Dağlıq Qarabağ strateji əhəmiyyətə malikdir. Dağlıq Qarabağdan ermənilərin etnik təmizlənməsindən sonra Azərbaycanın ətraf mühit və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayev 2023-cü ilin oktyabrında ilk GeoMining Bakı mədən yarmarkasına ev sahibliyi etdi.


26 oktyabr 2023-cü ildə Bakı 30-dan çox ölkənin iştirak etdiyi birinci beynəlxalq geologiya-mədənçıxarma forumuna (Azergold 2023) ev sahibliyi etməklə, mədənçilik sektoruna olan marağını bir daha diqqətə çatdırmış oldu. Forumu rəsmi olaraq açan Babayev (APA 2023) Azərbaycanın beynəlxalq mədənçıxarma əməkdaşlığı üçün geniş potensialı olduğunu və Dağlıq Qarabağ və Zəngəzur bölgəsindəki mineral ehtiyatların strateji əhəmiyyətini vurğuladı (Azernews 2024). Bu forumlar korporativ investisiya imkanlarını cəlb etmək məqsədi daşıyır, çünki Azərbaycan akkumulyatorlar, bərpa olunan enerji kabelləri və hərbi texnika istehsalı üçün vacib olan zəngin mis və kobalt ehtiyatlarından (ACC n.d.) yararlanaraq regionu “yaşıl” zonaya çevirməyə çalışır. Bununla belə, onların istehsalı nəticəsində yaranacaq əhəmiyyətli ölçüdəki CO2 emissiyalarının taleyi cavabsız qalır. 


Qərb üçün vacib olan xammalın daşınması kontekstində sabit nəqliyyat marşrutları məsələsi xüsusilə aktualdır. Nəticədə, ən sərfəli və təhlükəsiz variant Azərbaycan vasitəsilə Mərkəzi Asiyadan Avropaya kritik xammal tədarükü marşrutunun həyata keçirilməsi ola bilər. Dağlıq Qarabağ regionu həm də Asiya və Avropa arasında potensial iqtisadi tranzit marşrutu rolunu oynayır, xüsusən də indiki geosiyasi kontekstdə. Azərbaycan Türkiyə ilə Azərbaycan arasında yerləşən Ermənistanın tərkib hissəsi olan bu əsas dəhlizin ərazisi üzərində nəzarət üçün tarixi iddiasını irəli sürmək üçün tarixi  “Şərq və Qərbi Zəngəzur” ifadəsini təbliğ edir. Azərbaycan bilir ki, Aİ elektrik avtomobilləri, elektron velosipedlər, günəş enerjisi üçün akkumulyatorlar və kompüterlər üçün mühüm xammal olan litium istehsalı üzrə Özbəkistan və Qazaxıstanla sazişlər imzalayıb. İran və Rusiyanın ərazisi marşrut kimi əlverişli olmadığından, Dağlıq Qarabağ “Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” ilə birlikdə Azərbaycan üçün beynəlxalq ticarət marşrutu kimi mühüm rol oynamağa hazırlaşır (Azernews 2024). 


Nə Etməli ?

COP29 ekoloji böhranın həlli adı altında yeni bazarlar yaratmaq cəhdini əks etdirir. Buna görə də COP29 yaşıl kapitalist povestinin normallaşdığı bir platforma rolunu oynayır və guya iqlim böhranı ilə fəal mübarizə apararkən köhnə iqtisadi modeli “yaşıllaşdırmaq” illüziyası yaradır. Ona görə də təəccüblü deyil ki, liberal-demokratik dövlətlər Azərbaycan kimi kapital yığımı aləti kimi fəaliyyət göstərən avtoritar rejimlərlə əməkdaşlıq etməkdən qəti narahatlıq keçirmirlər. Çünki bu, Dağlıq Qarabağda ermənilərin və Azərbaycanda isə yerli əhalinin təməl insan hüquqlarının kəskin şəkildə pozulması və repressiyalara məruz qalması fonunda onların əsas funksiyalarından biri olan qlobal dünya iqtisadiyyatına xidmət göstərmək məqsədi daşıyır. “Liberal demokratiyaya qarşı avtoritarizm” dixotomiyası ilə qarşılaşdıqda, bu liberal demokratik milli dövlətlər öz mənəvi üstünlüklərini təsdiqləyirlər. Bununla belə, onlar öz mənəvi yüksək mövqelərini qoruyub saxlamaqla, eyni zamanda, Azərbaycandakı avtoritar mühitə də öz töhfələrini verməkdə davam edirlər. 


Bununla belə, aydındır ki, qlobal kapital yığımı, kapitalizmin özünü problemin bir hissəsi kimi qəbul etmədən, kapitalizmin rəqabətədavamlı, böyüməyönümlü və mənfəətə əsaslanan prinsipləri ilə idarə olunan iqlim böhranının ciddi təsirlərinin həllini tələb edir. İqtisadiyyatı dəyişdirmədən iqlim böhranını həll etmək mümkün deyil. Lap yaşıl da olsa: kapitalist istehsal üsulu bəşəriyyətin planetar sərhədləri aşması və potensial fəlakətli vəziyyətə düşməsinin əsas səbəbidir. Kapitalizm özünəməxsus rəqabət, böyümə və mənfəət məntiqinə görə öz sosial və ekoloji təsirlərinə struktur olaraq kordur. Bu, rəqabətə və qalıq yanacaqlara əsaslanan iqtisadi sistemin böyümə imperativindən irəli gəlir. İqlim dəyişikliyi emissiya intensiv istehsal və istehlak nümunələrinin cəmiyyət tərəfindən qəbul edilməsinin və qlobal yayılmasının qaranlıq tərəfini təmsil edir. Bundan əlavə, bu, sosial bərabərsizliyə dözümlülük və super varlıların investisiya qərarları kimi dağıdıcı fəaliyyətlərindən qaynaqlanır.


İqlim böhranı qlobal kapitalist istehsalı və kapitalist artım sistemini dəstəklədiyindən yaşıl kapitalizm nümunəsində də xammal və enerjiyə tələbatın davamlı artması ilə daha da pisləşir. Bu artım qismən rəqəmsallaşma və “əkiz keçid” kimi tanınan qismi dekarbonizasiya səyləri ilə idarə olunur. Modernləşməni təsdiq edən strategiyalardan fərqli olaraq, transformativ strategiyalar nəzərdən keçirilə bilər. Həmrəyliyə əsaslanan ixtisarlaşma ilə bağlı müzakirələr bir müddətdir ki, COP29 kimi konfranslar vasitəsilə kapitalistlər tərəfindən diqtə olunan artım təzyiqlərinə baxmayaraq, “post-artım” və “azalma” (müq. Brand et al. 2024b: 208) kimi şərtlərlə fəal şəkildə davam etdirilir. Bu kimi problemlərin kökünə toxunulmayıb, qlobal iqtisadi modelə şübhə ilə yanaşılmadığı müddətcə, COP29 kimi konfranslar yalnız iqlim böhranını sürətləndirməyə davam edəcək.





İstinad

President of the Republic of Azerbaijan. 2024. “Speech by Ilham Aliyev in the High Level Segment of the 15th Petersberg Climate Dialogue ”, official website of the president of the Republic of Azerbaijan, 26 April 2024, https://president.az/en/articles/view/65703 (last accessed 30 October 2024).

Abdul, Nazrin. 2024. “Azerbaijan Takes Bold Steps in Global Climate Leadership & Financial Aid at COP29 [COMMENTARY]”, Azernews, 26 July 2024, https://www.azernews.az/analysis/229118.html (last accessed 30 October 2024).

Azerbaijan Geographic Society (ACC). N.d. “Mineral Resources of Azerbaijan”, https://gsaz.az/en/articles/view/92/Azarbaycanin-faydali-qazintilari  (last accessed 30 October 2024).

Al Jazeera. 2024. “France Blames Azerbaijan for New Caledonia Violence: Unpacking Their Spat”, Al Jazeera, 17 May 2024, https://www.aljazeera.com/news/2024/5/17/france-blames-azerbaijan-for-new-caledonia-violence-unpacking-their-spat  (last accessed 30 October 2024).

Ambrose, Jillian. 2023. “BP Projects Have Helped Fund Azerbaijan Military Aggression, Say Campaigners”, The Guardian, 8 November 2023, https://www.theguardian.com/business/2023/nov/08/bp-projects-have-helped-fund-azerbaijan-military-aggession-say-campaigners  (last accessed 30 October 2024).

Amnesty International. 2023. “Azerbaijan: Blockade of Lachin Corridor Putting Thousands of Lives in Peril Must Be Immediately Lifted”, 9 February 2023, https://www.amnesty.org/en/latest/news/2023/02/azerbaijan-blockade-of-lachin-corridor-putting-thousands-of-lives-in-peril-must-be-immediately-lifted/ (last accessed 30 October 2024).

Azerbaijan Renewable Energy Agency (AREA). N.d. “Green Energy Zone (GEZ) in the Liberated Territories”, https://area.gov.az/en/page/layiheler/yasil-enerji-zonasi/yasil (last accessed 30 October 2024).

Azernews. 2023. “Baku Initiative Group against French Colonialism Established”, Azernews, 6 July 2023, https://www.azernews.az/nation/211951.html (last accessed 30 October 2024).

Azernews. 2024. “‘Great Game’ in Central Asia and Azerbaijan’s Strategic Role in Exchange of Critical Raw Materials”, Azernews, 20 April 2024, https://www.azernews.az/business/225342.html (last accessed 30 October 2024).

Azergold. 2023. “The Official Opening of the International Geology-Mining Forum was Held”, Azergold, 26 October 2023, https://azergold.az/en/media/press-relizler/the-official-opening-of-the-international-geology-mining-forum-was-held (last accessed 30 October 2024).

Bardouka, Yousef. 2024. “When Advocating for Peace Becomes Treason: the Arrest of Bahruz Samadov”, OC Media, 11 September 2024, https://oc-media.org/features/when-advocating-for-peace-becomes-treason-the-arrest-of-bahruz-samadov/ (last accessed 30 October 2024).

Bashirov, Galib. 2021. “New Extractivism and Failed Development in Azerbaijan”, Third World Quarterly, vol. 42, no. 8 (2021), pp. 1829–1848.

Bayulgen, Oksan. 2005. “Foreign Investment, Oil Curse, and Democratization: A Comparison of Azerbaijan and Russia”, Business and Politics, vol. 7, no. 1 (2005), p. 1–37.

BBC. 2016. “Nagorno-Karabakh Violence: Worst Clashes in Decades Kill Dozens”, BBC News, 3 April 2016, https://www.bbc.co.uk/news/world-europe-35949991 (last accessed 30 October 2024).

Beblawi, Hazem and Luciani Giacomo. 2015. The Rentier State, 2015, London: Routledge.

Brand, Ulrich and Markus Wissen. 2024a. “Grüner Kapitalismus”, Kapitalismus am Limit: Öko-imperiale Spannungen, umkämpfte Krisenpolitik und solidarische Perspektiven, Munich: Oekom Verlag, 2024, pp. 93–125.

Brand, Ulrich and Markus Wissen. 2024b. “Solidarische Perspektiven”, Kapitalismus am Limit: Öko-imperiale Spannungen, umkämpfte Krisenpolitik und solidarische Perspektiven, Munich: Oekom Verlag, 2024, pp. 201–242.

Carrara, Samuel, et al. 2023. “Supply Chain Analysis and Material Demand Forecast in Strategic Technologies and Sectors in the EU – a Foresight Study”, JRC Science for Policy Reports, Luxembourg, 2023.

Cooper, Melinda E. 2015. Life As Surplus: Biotechnology and Capitalism in the Neoliberal Era, Seattle: University of Washington Press, 2015.

COP29. 2024a. “Letter to Parties and Constituencies”, 17 July 2024, https://cop29.az/en/presidency/letter-to-parties (last accessed 30 October 2024).

COP29. 2024b. “Azerbaijan Launches Climate Finance Action Fund in Package of Initiatives for COP29”, 19 July 2024, https://cop29.az/en/news/azerbaijan-launches-climate-finance-action-fund-in-package-of-initiatives-for-cop29 (last accessed 30 October 2024).

Eurasianet. 2023. “Azerbaijan Escalates ‘U.S. Spy’ Rhetoric, Arrests Another Journalist”, 8 November 2023, https://eurasianet.org/azerbaijan-escalates-us-spy-rhetoric-arrests-another-journalist (last accessed 30 October 2024).

Eurasianet. 2024. “Azerbaijan: Shrugging Off Criticism over Media Arrests”, 12 March 2024, https://eurasianet.org/azerbaijan-shrugging-off-criticism-over-media-arrests (last accessed 30 October 2024).

European Committee of the Regions. 2024. “EU cities and regions at UNFCCC COP29”, https://cor.europa.eu/en/plenaries-events/eu-cities-and-regions-un-climate-change-conference-cop29  (last accessed 30 October 2024).

Farhadova, Aytan. 2024. “Talysh Researcher Arrested for ‘Treason’ in Azerbaijan”, 25 July 2024,  https://oc-media.org/talysh-researcher-arrested-for-treason-in-azerbaijan/ (last accessed 30 October 2024).

Feminist Peace Collective. 2023. “Appeal To The International Organizations, Movements And Activist Groups”, 25 June 2023, https://www.feministpeacecollective.com/en/post/appeal-to-the-international-organizations-movements-and-activist-groups (last accessed 30 October 2024).

Franke, Anja, Andrea Gawrich, and Gurban Alakbarov. 2009. “Kazakhstan and Azerbaijan as Post-Soviet Rentier States: Resource Incomes and Autocracy as a Double ‘Curse’ in Post-Soviet Regimes”, Europe-Asia Studies, vol. 61, no. 1 (2009), pp. 109–40. 

Goyushov, Altay. 2015. “The Crackdown in Azerbaijan”, Open Democracy, 17 March 2015, https://www.opendemocracy.net/en/odr/crackdown-in-azerbaijan/ (last accessed 30 October 2024).

Groneweg, Merle. 2021. “Weniger Autos, mehr globale Gerechtigkeit: Warum wir die Mobilitäts- und Rohstoffwende zusammendenken müssen”, PowerShift, 2 September 2021, https://power-shift.de/weniger-autos/ (last accessed 30 October 2024).

Harrich, Daniel, and Thomas Reutter. 2024. “Kampf um Rohstoffe: Deutsche Doppelmoral in Aserbaidschan”, ARD | Das Erste, 6 March 2024, https://www.daserste.de/information/politik-weltgeschehen/report-mainz/sendung/2024/03-05-kampf-um-rohstoffe-100.html (last accessed 30 October 2024).

Hasanly, Sayad. 2024. “BIG, Movements Fighting French Neo-Colonialism Issue Statement in Support of New Caledonia”, Report News Agency, 16 May 2024, https://report.az/en/foreign-politics/big-movements-fighting-french-neo-colonialism-issue-statement-in-support-of-new-caledonia/ (last accessed 30 October 2024).

Hirsch, Joachim. 2005. Materialistische Staatstheorie: Transformationsprozesse des kapitalistischen Staatensystems, Hamburg: VSA-Verlag, 2005, pp. 114–161.

Lmahamad, Ayya. 2021. “MFA: Azerbaijan Provided Aid to about 80 Countries in 2021”, Azernews, 30 December 2021, https://www.azernews.az/nation/187548.html (last accessed 30 October 2024).

O’Byrne, David. 2024a. “Azerbaijan: Picking Up Pace of Green Energy Initiative”, eurasianet, 6 June 2024, https://eurasianet.org/azerbaijan-picking-up-pace-of-green-energy-initiative (last accessed 30 October 2024).

O’Byrne, David. 2024b. “Norway’s Equinor to Leave Azerbaijan”, eurasianet, 8 January 2024, https://eurasianet.org/norways-equinor-to-leave-azerbaijan (last accessed 30 October 2024).

Patrucic, Miranda, et al. 2016. “Aliyevs’ Secret Mining Empire”, Organized Crime and Corruption Reporting Project, 4 April 2016, https://www.occrp.org/en/project/the-panama-papers/aliyevs-secret-mining-empire (last accessed 30 October 2024).

Reuters. 2023. “Nagorno-Karabakh’s Armenians Start to Leave en masse for Armenia”, Reuters, 25 September 2023, https://www.reuters.com/world/armenia-calls-un-mission-monitor-rights-nagorno-karabakh-2023-09-24/ (last accessed 30 October 2024).

RFE/RL’s Azerbaijani service. 2015. “Azerbaijan in Crisis as Currency Plummets”, The Guardian, 22 December 2015, https://www.theguardian.com/world/2015/dec/22/azerbaijan-currency-plummets-oil-price (last accessed 30 October 2024).

Staske, Sebastian, and Rouven Stubbe. 2024. Prospects for the Black Sea Submarine Cable”, German Economic Team Newsletter 56, January–February 2024, https://www.german-economic-team.com/en/newsletter/prospects-for-the-black-sea-submarine-cable/ (last accessed 30 October 2024).

Swietochowski, Tadeusz. 2016. “Azerbaijan: A Borderland at the Crossroads of History”, The International Politics of Eurasia, vol. 1: The Influence of History, edited by S. Frederick Starr and Karen Dawisha, London: Routledge, 2016, pp. 277-300.

Synovitz, Ron. 2020. “Technology, Tactics, and Turkish Advice Lead Azerbaijan to Victory in Nagorno-Karabakh”, 13 November 2020, https://www.rferl.org/a/technology-tactics-and-turkish-advice-lead-azerbaijan-to-victory-in-nagorno-karabakh/30949158.html (last accessed 30 October 2024).

[1] Karabakh has had different borders during different historical periods and under different empires. In fact, it is almost impossible to draw a coherent border for the Karabakh area today without triggering a political dispute. Most recently, under the Soviet Union, Nagorno-Karabakh (Russian for “Mountainous Karabakh”) was an autonomous oblast within Soviet Azerbaijan. However, the term Karabakh was used in everyday life both by Armenians and Azerbaijanis for a wider region (including lower parts of Karabakh). Historically, when the conflict emerged in the late 1980s, the contested borders were more or less those of the Nagorno-Karabakh autonomous oblast. Hence, Nagorno-Karabakh is widely accepted in the literature as a name of both the region and the conflict. Today, every toponym and name within the area is widely contested and using any other term might coincide with one or another political position. To avoid this, we use, as fairly neutral terms, “Nagorno-Karabakh conflict” or “the conflict between Armenia and Azerbaijan” or “the Armenian-Azerbaijani conflict”.

[2] The phrase is a literary reference to the first Azerbaijani art film shot in 1916. https://en.wikipedia.org/wiki/In_the_Kingdom_of_Oil_and_Millions

13 views

Comments


bottom of page