Sentyabrın 1-də Azərbaycan xalqı növbəti qondarma parlament seçkilərinə məruz qaldı və bu, post-Qarabağ dövründə keçirilən ilk parlament seçkisi idi. Azərbaycanda hər seçkidə olduğu kimi, bu seçki də səhnələşdirilmiş tamaşadan, rejimin ciddi şəkildə təşkil etdiyi demokratiyaya istehzadan başqa bir şey deyildi. Politoloq Zərdüşt Əlizadənin fikrincə, bu seçki Əliyevin 2020-ci il parlamentindən köhnə qvardiyanın qalıqlarını, konkret olaraq Əli Həsənovun təyin etdiyi şəxsləri təmizləmək yolu ilə hakimiyyətdə möhkəmlənmək üçün son cəhdini əks etdirir.
Müharibədən əvvəl keçirilən 2020-ci il seçkiləri geniş ictimai etirazları və narazılığı alovlandırdı, alternativ müxalif qüvvələrinin canlanmasının yeni dalğasına səbəb oldu. Geriyə baxdıqda, onsuz da dəhşətli olan vəziyyətin necə pisləşdiyi və əvvəlki halının daha da bərbad versiyasına çevrildiyi aydın görünür. Müstəqil və gənc namizədlərin çoxaldığı 2020-ci il seçkilərindən fərqli olaraq, bu dəfə onların sayı barmaqla sayılası qədər az idi. Onların arasında Vəfa Nağı dözümlülük və qətiyyətin nadir nümunəsi kimi seçildi. Onun çox aşağı qalib gəlmək ehtimalı qarşısında inadkarlığı bu seçki ilə bağlı və seçkidən kənar bir neçə mifləri daha aydın şəkildə ifşa etməyə kömək etdi.
2020-ci ildən bəri bir çox şey dəyişdi, müharibə və sonrakı qələbə bu transformasiyanın mərkəzi katalizatoru oldu. Bu zəfər Əliyevə misli görünməmiş səviyyədə xalq dəstəyi qazandırdı, onda istənilən müxalifətdən qorunmaq üçün immun sistemi yaratdı. Hazırda hökm sürən “mütləq konsensus” ən kiçik narazılığı belə Əliyev rejimi üçün ekzistensial təhlükəyə çevirir ki, bu da yeni formalaşan parlamentdə mütləq mərkəzləşdirmənin niyə baş verməsini izah edə bilər.
Müharibədən sonra və 2020-ci ildə çoxları Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün çiçəklənmə dövrünün başlanğıcı olacağına inanırdılar. Bu sadəlövh nikbinlik, münaqişənin uzun illərdir davam edən yaraları ilə əhalinin dövlətçilik ideyası ətrafında birləşməsi fonunda müharibəyə geniş dəstək verdi. Bununla belə, bu konsensusa müqavimət göstərən kiçik bir müharibə əleyhdarı qrupu, guya milli birliyi və sabitliyi pozmaqda ittiham edildi. Hətta özlərini müxalif və ya müstəqil hesab edənlər, eyni şəkildə rejim tərəfindən damğalananlar da biabırçı şəkildə bu böhtana qoşuldular.
İndi, dörd il sonra, aydındır ki, Qarabağın qaytarılması Azərbaycana nə vəd edilən rifahı, nə də gözlənilən demokratiyanı gətirdi. Əksinə, rejim daha da paranoyaya qapılıb artan qəddarlıqla müxalifəti susdurmaqla məşğuldur Söyüdlüdə nənələr döyüldü, siyasi müxaliflər həbs edildi, yoxsulluq və çarəsiz prekariaktlıq davam edir. 2020-də və indi bizə aydın olan məsələlər Qarabağdakı qələbənin məstedici eyforiyasından gözləri pərdələnmiş bir çoxları üçün qaranlıqdı. Bütün bu baş verənlərə baxmayaraq əgər hələ də kiminsə hər hansı bir şübhəsi qalırsa, dumanı aydınlatmaq üçün aşağıda bəzi mifləri qırırıq.
Mif 1: Tək dərdimiz Qarabağdır
İndi həmişəkindən daha aydın görünür ki, Qarabağ bizim yeganə dərdimiz deyildi. Münaqişə danılmaz olaraq əhaliyə dərin maddi və emosional yaralar vursa da – milləti sarsıdıb, xüsusən də məcburi köçkünləri və qaçqınları geri qayıtmaq həsrəti ilə baş başa qoysa da – problemlər bu tək narrativdən xeyli kənara çıxır.
2020-ci il münaqişəsindən sonra vəd edilən "böyük qayıdış" tədricən həyata keçirilir və uzun zaman məcburi köçkün olmuş əhali qrupunu narahat edən ontoloji güvənsizlik, təhlükə və mənsubiyyət böhranı həll olunmaq üzrə görsənir. Bununla belə, bu məsələ, kölgədə qalmış daha geniş ictimai narazılıqların yalnız bir tərəfidir.
Münaqişədən əziyyət çəkənlərin narahatlıq və şikayətlərini kollektiv milli travma səviyyəsinə yüksəltməklə, rejim əhalini manipulyasiya ederək onların bütün əzablarının kökündə Qarabağ probleminin dayandığına inandırıb. Bununla belə, bu gün getdikcə daha aydın olur ki, bu alət edilən narazılıqlar sadəcə daha dərin, sistemli problemləri ört-bastır edən pərdədir. Bu münaqişənin müalicə edilməmiş hüceyrələri metastaz verməkdə davam edir və həddindən artıq affektiv millətçilik kimi yenidən ortaya çıxır - siyasi bədəni zəhərləyən xərçəngə dönür.
Bu dinamikanı çox yaxşı bilən rejim erməniləri qəsdən kollektiv nifrətin əbədi obyekti kimi saxlayır. Bu taktika ikili məqsədə xidmət edir: nə qədər ki, ermənilər bu düşmənçiliyin hədəfi olaraq qalırlar, Əliyev rejimi Azərbaycan xalqına vurduğu geniş səfalətdən diqqəti yayındıra bilər. Eyni zamanda, rejim yeni bir nifrət obyekti - müharibə əleyhdarı fəalları yaratmağa başladı kı, onları status-kvonu mübahisələndirən hər hansı bir fikir ayrılığına və ya tənqidə görə günah keçisi edərək cəzalandırsın. Bununla rejim milləti həqiqətən də narahat edən əsas problemləri həll etməkdənsə, nifrət və parçalanma dövrünü davam etdirməklə öz gücünü davam etdirməyə çalışır.
Mif 2: Müharibə əleyhdarı olmaq Azərbaycana qarşı olmaq deməkdir
Son həftələrdə hakimiyyətin nəzarət gücü və Azərbaycanda müharibə əleyhinə hərəkata qarşı repressiyaları gücləndirdikcə, anti-müharibə əhval-ruhiyyəsini anti-Azərbaycan mövqeyi ilə eyniləşdirən narrativi aqressiv şəkildə yenidən irəli sürməklə məşğuldur. Rejim dəfələrlə müharibə əleyhdarı fəalları şərləyərək, onları satqın və daxili düşmən kimi qələmə verib. Bununla belə, hökumətin səylərinə baxmayaraq, bu dərin təhlükəsizlik məsələsinə çevrilən narrativ öz gücünü itirməkdədir.
Bir tərəfdən, biz bilirik ki, 2020-ci ilin iyul ayından etibarən Bakı küçələrində sonradan 2020-ci ilin sentyabr müharibəsinin başlanmasına bəraət qazandıran xalqın müharibə tələbi sanki elə bir mənzərə yaratdı ki, azərbaycanlılar təkcə müharibə istəmir, həm də bu müharibədən həzz alırlar. Digər tərəfdən, biz sadə vətəndaşlarla, qadınlarla, sərhədyanı rayonlarda yaşayan insanlarla ünsiyyətimizdən bilirik ki, insanlar militarizasiyanın və müharibənin davamlılığından təngə gəlib, rasional olaraq çox sadə-neqativ və mücərrəd mənasıda- sülh istəyirdilər. Bu rejimin yaratdığı azərbaycalıların birmənalı şəkildə "warmonger" olması fikri ilə ziddiyyət təşkil ediridi. 2020-ci il müharibəsindən əvvəl aparılan bir çox araşdırmadan da aydın olurdu ki, müharibə bölgəsinə yaşayan insanlar, Bakı və ətrafında yaşayan orta və işçi sinfindən fərqli olaraq,daha çox sülh istəyirdilər. Lakin təbii ki, bu, millətçilik tiryəkinin marginallaşmış və məzlum əhalinin hər hansı rasional düşüncəsindən daha güclü olduğu faktını dəyişdirmir.
Vəfa Nağının seçki kampaniyası zamanı rejim trolu “44 günlük Qarabağ müharibəsində həlak olan əsgərlər sizin üçün şəhiddir, yoxsa ölüdür?” sualı ilə onu gözdən salmağa çalışıb. Vəfanın “Mən elə bir cəmiyyət üçün mübarizə aparıram ki, analar oğullarını, bacılar qardaşlarını itirməsinlər” cavabı auditoriya tərəfindən alqışlarla qarşılanıb. Bu epizod rejim üçün acı bir həqiqəti vurğulayır: onlar müharibə əleyhinə hərəkatı nə qədər iblisləşdirsələr də, gələcək hərbi təcavüzə hazırlaşsalar da, xalqı asanlıqla aldatmaq olmur. Bu, 2022-ci ilin sentyabr hücumları zamanı Azərbaycanın Ermənistan ərazisinə keçməsi zamanı özünü büruzə verdi. Çoxları üçün “ədalətli müharibə” 2020-ci ildə başa çatmışdı və onun lazımsız davamına ehtiyac görülmürdü. Rejimin müharibə əleyhinə əhval-ruhiyyəni millətə sədaqətsizliklə eyniləşdirmək cəhdləri də öz gücünü itirir, çünki daha çox insan sülhün əbədi müharibə üzərində dəyərini dərk edir.
Mif 3: Azərbaycanlıların Seçkilərdə İştirak Mədəniyyəti Yoxdur
Əliyev rejiminin avtoritar yumruğu Azərbaycan xalqını sistematik olaraq öz taleyini təyin etmək səlahiyyətindən məhrum edib. Seçkilər bu geniş seçimsizliyin yalnız bir tərəfidir. Rejimin media üzərində nəzarəti və məktəblər, universitetlər və ordu kimi nizam-intizam institutları vasitəsilə daimi nəzarətlə azərbaycanlıları itaətkar təbəələrə çevrilməyə şərtləndirib. Əhalinin çoxu sahib olduqları cüzi sosial təminatı itirmək qorxusu ilə yaşayır. Bu təminətı verən dövlət yox, özlərinin günəmuzd, az maaşlı işi, ya da ailələri və yaxın qohumlarının dəstəyidir. Dövlətin həqiqi sosial təminatı verməkdən imtina etməsi insanları sağ qalma vəziyyətinə sövq edib və bu o deməkdir ki, hər hansı bir müqavimət hər şeyi itirməkdir.
Rejimin strategiyası təkcə qorxu yaratmaq yox, həm də sadiq qalanlara müvəqqəti mükafatlar təklif etməyi əhatə edir. Bu təqdir sistemi əhalinin əxlaq hissini aşındıraraq, cəmiyyəti reallıqları görməkdən çəkindirən kollektiv nevroz vəziyyətinə salıb. Siyasi iştirakın olmaması, kütlənin “cahilliyi” ilə bağlı deyil. Bu rejimin bizi inandırmağa çalışdığı sosial münasibətlərə olan elitar baxışdır. Ən kiçik bir fürsət verildikdə, siyasi iştirakçılığın çiçəkləndiyi hallara baxdıqda görürük ki, bu mif necə ifşa olunur.
Neftçala rayonunda öz icmasını səfərbər edən, onları seçki prosesində iştiraka sövq edən Vəfa Nağıdan nümunə götürək. Onun səyləri sübut etdi ki, zərurət və imkan uyğunlaşdıqda Azərbaycan xalqı, hər yerdəki insanlar kimi, öz səlahiyyətini və gücünü dərk etməyə qadir olan rasional varlıqdır. Əsl məsələ burasındadır ki, belə imkanlar son dərəcə nadirdir və onları ələ keçirmək Vəfanın göstərdiyi kimi böyük cəsarət tələb edir.
Bununla belə, etiraf etmək vacibdir ki, avtoritar rejimləri təkcə seçki proseslər vasitəsilə dəyişmək çox vaxt mümkün deyil. Tarix göstərir ki, belə rejimlərdə seçkilər nadir hallarda həqiqi dəyişikliyə səbəb olur. Üstəlik, seçki sistemi və majoritar nümayəndəlik institutu mahiyyət etibarilə qüsurlu idarəçilik modelləridir. Majoritar demokratiya çox vaxt azlığın səslərinin marginallaşdırılması, çoxluğun tiraniyası ilə nəticələnir.
Seçki sisteminə alternativ modellər təklif edən Monqolustanda birbaşa demokratiya praktikaları, İsveçrə və İrlandiyada müşavirəli demokratik institutlar və Zapatistaların radikal demokratik idarəetmə modelləri kimi dünya nümunələri var. Həqiqi siyasi iştirak, passiv səsvermə yolu ilə elit hakim sinfin yaradılmasını rədd etmək və cəmiyyətin formalaşmasında fəal iştirak etmək deməkdir.
Mif 4: Trollar əbədi yaşayacaq
Trollar müvəqqətidir və onların günahları bağışlanmayacaq. Tarix bizə göstərdi ki, öz trollarını və dəstəkçilərini yetişdirən rejim sonda adətən onları elə özü cəzalandırır. Çoxları üçün avtokratik rejimə uyğunlaşmaq yaşamaq vasitəsidir, Sovet dövründə yaşayanlara çox tanış olan taledir. Ancaq trol olmaq - rejimin zülmünü gücləndirmək və onun bədxahlığının yayılmasını təmin etmək üçün əlavə enerji sərf etmək - sadəcə iştirakçılıqdan kənar bir addımdır. Bu, rejimin özündən daha məkrli olub şərin aktiv alqışlanmasıdır.
Bu şəxslər sədaqətlərinə görə maddi və simvolik mükafatlar ala bilərlər, lakin bunlar sadəcə olaraq səthi kompensasiyalardır. Problemin kökündə, onlar öz dərin çatışmazlıqlarını özlərindən zəif hesab etdikləri insanlara əks etdirməkləri, zülm etmək gücündən həzz almaqları dayanır. Bu trollar qəsdən şər yolunu seçir, başqalarına təxribat edir, onları alçatdır, böhtan atırlar. İctimaiyyətin nəzərində onlar sadəcə rejimin dəstəkçiləri deyil, onun ən alçaq agentləri, və beləliklə insanların ən pis düşmənləridir.
Bununla belə, bu trolların legitimliyi həmişə keçici olur. Bu qədər canla-başla xidmət etdikləri rejim tərəfindən əski parçası kimi atılanda onların müvəqqəti nüfuzu çökür. İstifadə edilmək, atılmaq və sonda unudulmaq onların qaçılmaz taleyidir. Çoxları hörmətdən düşməkdən sağ çıxa bilmirlər; onlar yox olurlar, heç vaxt istədikləri sona çata bilmirlər. Ancaq bəziləri, buqələmunlar kimi, uyğunlaşır və sağ qalır, özlərini saxta müxalifət və ya xeyriyyəçi kimi yenidən kəşf edir, çoxlu maskalar taxırlar. Sağ qalmaq cəhdlərinə baxmayaraq, onların sonu bəllidir. Onları sonu bir müddət ləngiyə bilər, amma sonda onlar yox olmağa məhkumdurlar.
Mif 5: Bizdə Hakimiyyətdə Qadınlar Var
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bu yaxınlarda Azərbaycanın qondarma “qadınlar tərəfindən gücləndirilmiş hökuməti” ilə öyünərək vurğulamışdır ki, son parlament seçkilərində 125 deputat mandatından 26-nı qadınlar qazanmışdır ki, bu da 1995-ci ildən bəri ən yüksək rəqəmdir.
Bəli, qadınların siyasi hakimiyyətdə təmsil olunması emansipasiyanı ifadə edə bilər, ancaq bu qadınlar müstəqil subyektlər kimi çıxış etdikdə, özləri üçün qərar qəbul etmək səlahiyyətinə malik olduqda və öz icmalarını həqiqi təmsil etdikdə ola bilər. Vəfa Nağının mübarizəsi buna potensial nümunədir. O, nümayiş etdirir ki, qadınlar həqiqətən də xalqın əsl nümayəndəsi kimi özləri və öz icmaları üçün mübarizə apara bilirlər. Lakin onun rəqibi olan Tənzilə Rüstəmxanlı kimi qadınlar rejimin haqsızlıqlarına meydan oxumaq əvəzinə, onun dəstəkçisinə çevrilərək, qrotesk sirklərinə qatılanda bu potensial sarsılır.
Bu 26 “seçilmiş” qadından neçəsi Azərbaycan xalqını həqiqi mənada təmsil edir? Nə qədər qadınların problemləri və ya genderləşmiş əmək və istismarı ilə maraqlanır? Patriarxiyaya meydan oxumaq bir yana, bu qadınların çoxu onu fəal şəkildə dəstəkləyir, digər qadınları şeytanlaşdırmağa və əzməyə çalışırlar. Liberal demokratik ölkələrdə hakimiyyətdə olan qadınların müəyyən gücləri olsa da, içərisində olduqları əzici strukturlarla mübarizə aparmaqda çətinlik çəkirlər. Lakin Azərbaycan kimi qeyri-liberal avtokratiyalarda bu qadınlar sadəcə olaraq “feminləşdirilmiş” fasad rolunu oynayır. Onlar rejimin alətləridir, patriarxiyanı və avtokratiyanı dağıtmaqdansa, onlara dəstək verirlər. Onların hakimiyyətdə mövcudluğu tərəqqi əlaməti deyil, qarşı çıxmalı olduqları qüvvələrin aləti olmaqla məhdudlanır.
Qadınların güc strukturlarında iştirakı “bərabər güc ağalığından” başqa bir şey deyil. Qadınların şüşə tavanları sındırdıqları görünsə də, əslində onlar yalnız çoxluğu yerində saxlayan mövcud zülm strukturlarını gücləndiririrlər. Bu tavanları sındırmaqla onlar tərəqqi illüziyası yaradırlar, lakin parçalanmış şüşə qırıntılarını təmizləmək vəzifəsi hələ də həqiqi gücdən kənarda qalanların üzərinə düşür.
Bəli, tanınma və təmsil olunma vacibdir, lakin gücün və resursların yenidən bölüşdürülməsi olmadan qadınların bu rollarda iştirakı bərabərlik və ya ədaləti təmin edə bilmir. Rejimin patriarxal və avtokratik əsaslarına meydan oxumaq əvəzinə, bu qadınlar çox vaxt onların hakimiyyətinin əbədiləşdirilməsində şərik olurlar. Təkcə gender fərqi zülm sistemlərini dağıda bilməz. O, sadəcə olaraq hökmranlığın üzlərini müxtəlifləşdirir.
Həqiqi bərabərlik və ədalət o zaman əldə ediləcək ki, hakimiyyətdə iştirak, sistemin özünün köklü şəkildə yenidən qurulması və güc və resursların hamı arasında ədalətli şəkildə bölüşdürülməsi ilə təmin ediləcək.
Comentários