top of page

Azərbaycandakı yoldaşlardan Gürcüstanda küçələrə çıxan yoldaşlarla həmrəylik




Son günlər Tbilisinin küçələri təkcə atəşfəşanlıq səbəbindən deyil, həm də ədalət və azadlıq arzusu ilə alovlanır. On minlərlə cəsarətli etirazçılar oliqarx ivanişvilinin rəhbərlik etdiyi hakim „gürcü arzusu” partiyasının putinyönlü siyasətinə etiraz etmək üçün bir araya gəlib. Bu partiya sistematik olaraq emansipasiya proseslərini alt-üst edərək putin və əliyev kimi avtoritar rejimlərə yaxın olmağa çalışıb.

 

Bugünkü hərəkat nə qədər regionda nüfuz uğrunda mübarizə aparan iki imperiyal güc- Avropa və Rusiya arasında seçim etməyə sövq edilsə də, yerli gürcü fəallara istinad edərək onlara açıq-aydın cavabımız var: Gürcüstandakı bu mübarizə yerli avtoritarizmə və çoxqütblü imperializmlərə qarşı müqavimətdir![1]

 

Bir daha təkrarlayıb və qeyd etməliyik ki, xalqın azadlıq, daha yaxşı həyat, bərabər imkanlar uğrunda mübarizəsinin geosiyasiləşdirilməsi yerli avtokratların, yerli və regional elitaların maraqlarına xidmət edir. Onlar bu geosiyasiləşdirilmiş narrativdən faydalanaraq bizə pis və ən pis arasında seçim qoyurlar: siz ya avropapərəstsiniz, ya da putin tərəfdarısınız; siz ya xarici agentsiz, ya da vətənpərvər. Amma biz onların qaydaları ilə oynamaqdan imtina edirik. Ölkələrimiz sistematik şəkildə qarət edildiyi üçün, başqa ölkələrə-Aİ-na vizasız getmək, işləmək və ləyaqətlə yaşamaq kimi fundamental hüquqlar uğrunda mübarizəmiz qondarma qərb dəyərlərinin təzahürü deyil! Gender bərabərliyi uğrunda mübarizə aparmaq, sadəcə olaraq döyülməmək və ya qadın* kimi öldürülməməyi tələb etmək qərb dəyəri deyil! Öz cəmiyyətlərimizdə  LGBTİ+/kuir olaraq qəbul edilməyimizi istəmək qərb dəyəri deyil! Etnik azlıq kimi sadəcə yaşamağı istəmək qərb dəyəri deyil! Bu, ən sadə bir ehtiyac olan yaşamaq uğrunda mübarizədir. 

 

Bunu öz geosiyasi gündəmlərinin bir hissəsi edənlərə ayıb olsun: Aİ, Rusiya və bütün yerli avtokratlar. Biz onların hamısının bizə - xalqa - öz maraqları naminə xəyanət etdiyini dəfələrlə görmüşük. Biz hər bir geosiyasi aktorun təbliğ etdiyi yalnız bir dəyər görürük - “mənim maraqlarım hər şeydən üstündür”. Hamınıza orta barmağımızı göstərməyin vaxtı gəlibdir.

 

Odur ki, biz başa düşürük ki, bu etirazlar təkcə Gürcüstan üçün deyil, bütün regiona ümid və müqavimət dalğaları göndərən mübarizədir. Ona görə də Tiflisdəki proseslər Ermənistan və Azərbaycana da öz təsirini göstərəcək. Xüsusilə, bu etirazlar Azərbaycanda putinyönlü siyasət və onların regiondakı nüfuzu ilə sıx bağlı olan İlham Əliyev rejiminə qarşı birbaşa vasitədir. Bu baxımdan Gürcüstanda rusiyayönlü və avtoritar strukturların zəifləməsi regiondakı Əliyev və digər avtokratların hakimiyyətini sarsıtmaq potensialına malikdir. Etirazlar insanların bu rejimlərin təsiri və zülmünü rədd etdiklərinin simvoludur.

 

Etirazçılardan nə qədərinin polislər tərəfindən vəhşicəsinə döyüldüyünü, nə qədərinin qançır olmuş bədənlərilə xəstəxanalarda yatdığını, nə qədərinin həbsə atıldığını görürük. Dəyanət və cəsarətiniz sarsılmazdır. Siz dövlətin amansız hücumlarına, qanlı küçə döyüşlərinə və hər an riskə atıldığınız böyük təhlükəyə baxmayaraq möhkəm dayanırsınız. Biz sizi görürük!

 

Bu gün biz Tbilisi küçələrində və bütün Gürcüstanda zülmə, ədalətsizliyə və oliqarx sistemin artan nüfuzuna qarşı ayağa qalxan cəsur insanların yanındayıq. Atəşfəşanlıq və vahid səslə onlar gözyaşardıcı qaza, polis zorakılığına və dövlət repressiyalarına müqavimət göstərir, hər kəsə azadlıq və ləyaqətin qorxunun istənilən gücündən daha güclü olduğunu nümayiş etdirirlər.

 

Bu etirazlar təkcə korrupsiyaya və putinyönlü rejimə qarşı nümayiş deyil, həm də öz müqəddəratını təyin etmək, ədalət, irtica və tiranlıqdan azad bir gələcək üçün mübarizədir. Xüsusən də tənqidi səslərin tapdalandığı, insanların təqib edildiyi, döyüldüyü, qorxudulduğu bir vaxtda ucadan və aydın şəkildə bildiririk: siz tək deyilsiniz!

 

Gürcüstanda baş verənlər milyarderlərin hakimiyyətinə, avtoritar rejimlərə, emansipativ azadlıq və ümidin səslərini boğmaq cəhdinə qarşı qlobal mübarizənin bir hissəsidir. Sizin alovunuz, barrikadalarınız və sarsılmaz dəyanətiniz təkcə Tbilisi küçələrini deyil, həm də dünyada daha ədalətli cəmiyyətlər uğrunda mübarizə aparan bütün insanların qəlbini alovlandırır.

 

Biz sizin cəsarətinizi görürük.

 

Səsinizi eşidirik.

 

Və biz həmrəyliklə sizinləyik!

 

Həmrəylik bizim gücümüz, ümid ümumi motivimiz, azadlıq isə bizi birləşdirən məqsəddir. Siz tək deyilsiniz!


[1] Qeyd: Etirazları əhatə edən geniş konteksi daha dərindən təhlil etmək üçün yerli gürcü fəalların “Gürcüstanda yerli avtoritarizmə və çoxqütblü imperializmlərə müqavimət” adlı məqaləsini oxumağı tövsiyə edirik. Buradan oxuya bilərsiniz.

9 views

Comments


bottom of page