top of page

Erməni və azərbaycanlı feministlərin inqilabi 8 Mart ilə bağlı birgə bəyanatı: Patriarxal “sülh”ünüz yıxılsın!

Bəyanatı ingiliscə, ermənicətükcə də oxuya bilərsiniz.



Biz - Ermənistan və Azərbaycandan olan feministlər bu inqilabi 8 Martda birləşib deyirik: Patriarxal “sülh”ünüz yıxılsın!

Son üç il ərzində hakimiyyətdəkilər sülhə doğru irəliləyişin olduğunu dəfələrlə deyib başımızı aldatdıqları bir vaxt düşmənçilik və millətçilik odunu alovlandırmaqla məşğul olublar. Onlar sərhədlərdən və dəhlizlərdən danışır, lakin həqiqi barışıq üçün təcili və zəruri olan məsələlərə laqeyd yanaşırlar.


Amma biz onların əsl üzünü görürük. Onların boş-boş dırnaqarası sülh vədləri yalnız digər tərəfi günahlandırmağa, təzyiqçi strukturları gücləndirməyə və ölkədaxili müxalif fikirləri susdurmağa xidmət edir. Onlar qoruduqlarını iddia etdikləri insanların rifahını nəzərə almayaraq yalnız öz iqtidar və təhlükəsizliyinin qeydinə qalırlar.


Biz onların hiylələrinə ortaq olmaqdan imtina edirik. Biz onların manipulyasiya oyunlarına və yalan hekayələrinə son qoyulmasını tələb edirik. Bizim mübarizəmiz onların qondarma sülhü üçün yox, həqiqi azadlıq naminədir.

 

Bu qədər illuziya yetər! Biz başa düşürük ki, hakimiyyət orqanlarının nəzərində bizim daimi təhlükəmiz onların öz təhlükəsizliyi üçün ilkin şərtdir. Bəs onlar həqiqətən kimi qoruyurlar? Şübhəsiz ki, xalqı deyil. Hakim sinfin amalı yalnız bir şeydir: millətçilik yolu ilə sözdə kollektiv maraq yaratmaq və bu müharibə işi ilə öz mənfəətini və hakimiyyətini saxlamağı təmin etmək. Acı reallıq budur ki, bizim təhlükədə olmağımızın memarları onlardır. Ona görə də bizim vəzifəmiz kollektiv mübarizəmizlə bu təhlükəni kökündə boğmaqdır.


Biz torpaqlarımızı çirkləndirən, əhalini zəhərli mədən suları ilə zəhərləyən, 2023-cü ildə buna etiraz edən Söyüdlü sakinlərini, yaşlı qadınları polis zopası ilə döyən, müxalifəti, vətəndaş cəmiyyəti və medianı yerindəcə boğan Əliyev rejiminə niyə güvənək ki?! Bundan əlavə Dağlıq Qarabağın erməni əhalisini qəsdən 10 aydan artıq blokadada saxlayıb, ardınca 100 mindən çox əhaliyə qarşı etnik təmizləmə aparıb onları evlərindən didərgin edərək bunu “ədalətli qisas” kimi qələmə verən, Ermənistanın bir hissəsini “Azərbaycanın tarixi torpaqları” adlandıran və mediada ardıcıl bu tarixi revizionizmin propagandasını apararaq, ardınca saxta “seçkilər” vasitəsilə hakimiyyətini əbədiləşdirməklə məşğul olan rejimin “sülh” gətirəcəyinə necə inanmaq olar?!


Öz zorakı ənənələrinə sadiq qalaraq ölkədə qalan son müstəqil media üzvlərini də şərləyərək həbsə atan Əliyevin seksist və qorxu yaratmaqla məşğul olan rejimi Bakıda feminist nümayişini yatırtmaq üçün 8 martdan iki gün əvvəl 20-dən çox jurnalisti qaçıraraq həbs etdirməyi təsadüfü deyil. Rejimin müstəqil jurnalistikaya bu hücumunda əsas məqsədi həqiqəti deyənləri və müxalif səsləri susdurmaq, beləliklə də zülm və istismar sistemini davam etdirməkdir. İnformasiyanı monopoliyaya alaraq və müstəqil reportajın istənilən formasını darmadağın etməklə Əliyev rejimi kütlə üzərində onsuz da çox olan gücünü və hökmranlığını möhkəmləndirməyə çalışır.


Ərdoğan və Putin kimi avtoritar qardaşlarının oyun kitabından ilhamlanan Əliyev nəzarət vasitəsi kimi qorxu taktikasından istifadə edir. Ərdoğanın 2016-cı ildən bəri Türkiyədə mediayaya qarşı amansız repressiyalarını və Putinin yeni eksport məhsulu olan ultra-mühafizəkar ideologiyanı Əliyev özünə nümunə götürür. Bu hesablanmış strategiya sürətli baş vermir, tədricən eroziyaya səbəb olur və beləliklə hüquqi dəyişikliklərdən tutmuş, fəalların və jurnalistlərin sistematik şəkildə hədəfə alınmasınadək uzanan totalitar idarəçiliyə yol açır.

 

Anlamaq vaxtıdır! Əliyev rejimi suveren deyil. Rejimin ultra-mühafizəkar, ultra-millətçi və pantürkist ideologiyalar istiqamətində yaxınlaşması, bu kukla teatrında iplərin kimin əlində olduğundan və müharibənin daimi olacağından xəbər verərək  sülh deyilən anlayışı uzaq fantaziyaya çevirir. Qərb demokratiyaları, guya vasitəçilik səylərində, rejimin maraqlarını üstüörtülü şəkildə dəstəkləyərək, bu təhlükəli trayektoriyada iştirakçı kimi görünürlər.


O zaman biz niyə liberal demokratiyaya - qondarma sülhə nail olmaq adı altında Azərbaycanda olduğu kimi faşist rejimləri qanuniləşdirən sistemə inanmalıyıq? Çarlz Mişel kimi fiqurlar rejimin vəhşiliklərinə, o cümlədən işgəncələrə, adam oğurluğuna və müxalif səslərin həbsinə, qətl edilməsinə göz yumaraq diplomatik jestlərlə məşğul olan ikiüzlülük nümunəsidir. Onlar iqtisadi maraqları prioritet hesab edirlər. Məsələn, Azərbaycanda 2024-cü il İqlim Dəyişikliyi Konfransı kimi tədbirlərə ev sahibliyi etməklə, bu, qondarma "azad bazar"ın genişləndirilməsinə xidmət edir və bununla da faşist rejimin güc üzərində möhkəmlənməsinə xidmət edir. Biz həm qondarma "dimokrasi" adı ilə regiondakı paternalist liberal avtoritarizmi, həm də Əliyevin etatist avtoritarizmini rədd edirik!


Biz 2018-ci ildə Ermənistanın fəhlə sinfinin inqilabına şərik olan və hakimiyyətə gəldikdən qısa müddət sonra sabit vergi sistemi kimi neoliberal siyasətləri tətbiq edən və Amulsar qızıl mədəninin istismarına qarşı olan hərəkatın boğulmasını təmin edən Paşinyan rejiminə niyə etibar edək ki?! Bu rejim münaqişəni həll etmək əvəzinə, sələflərinin millətçi və militarist ritorikasını ikiqat artırdı. 30 il davam edən müharibənin 2020-ci ildə eskalasiyası bütün Ermənistan hökumətlərinin xalqa nə qədər yanlış məlumat verdiyini və erməni ictimaiyyətini 7 rayonun işğalı, münaqişənin həllinə nail olmaq üçün kompromislərin qaçılmazlığı və Ermənistan tərəfinin törətdiyi vəhşiliklər kimi Qarabağ ətrafındakı reallıqlardan nə qədər təcrid etdiyini nümayiş etdirdi.


Paşinyan rejimi münaqişə ilə bağlı qarışıq mesajlar verirdi və ilk başda Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan əhalisi üçün məqbul olan həllərdən danışırdı. Lakin o da tezliklə əvvəllər mövcud olan eyni millətçi ritorikaya keçdi. Bu dəyişikliyin təməli isə dörd il əvvəl Paşinyanın “Arstax Ermənistandır, nöqtə!” ifadəsi ilə qoyulub. Bu dörd il ərzində minlərlə insan öldü, lakin qarışıq mesaj vermək hələ də davam edir.


Paşinyan hökuməti erməni xalqını qeyri-müəyyənlikdə saxlamağı problem kimi görmür. Onlar “sülh danışıqları”, “kommunikasiyaların açılması” və “sülh qovşağı”ndan heç də az danışmırlar. Amma “sülh danışıqları” uğursuzluğa düçar olur, insanlar sərhədlərdə ölməkdə davam edir,  qeyri-müəyyənlik içində, yeni eskalasiyalar və barışıqla bağlı heç bir perspektiv və ya ideyanın olmaması da daxil daimi qorxu ilə yaşayırlar.


Çünki bu danışıqlar regionda sülhün əldə edilməsinə deyil, daha çox siyasi güc əldə etmək və ya saxlamaq və müxtəlif geopolitik aktorların maraqlarına xidmət etmək məqsədi daşıyır. Bu hökumətlərin ağlındakı “sülh”-ün xalqa dəxli yoxdur. Söhbət ticarət yollarından, mal axınından, imperiya maraqlarından gedir. Və iki rejim qumar oynayarkən, mümkün eskalasiya təhlükələri davam edir. Onlar sülhü öz maraqlarına uyğunlaşdırıb, özlərinə mərkəzləşdiriblər.


Biz onların zülmkar hakimiyyətinə boyun əyməkdən imtina edirik. Bədənimiz, icmalarımız, bölgəmiz onların öz siyasi oyunları üçün bazarlığa çevrilməməlidir. Biz bilirik ki, bu davam edən münaqişə millətlər arasında deyil, bu, bizim varlığımıza hücumdur. Biz, Ermənistan və Azərbaycanın qadınları* və kuirləri, özümüzü son illərin amansız hərbiləşdirilməsi ilə gücləndirilmiş məhrumiyyət, zorakılıq və qeyri-müəyyənlik torunun içində tapırıq. Bədənimiz, həyatımız, indi və gələcəyimiz onların kişi qüruruna və militarist gündəmlərinə qurban verilib.

 

Bizi öz müharibələri üçün əsgər dünyaya gətirməyə sövq edir, zorakı ambisiyalarına yararsız hesab edilən dişi dölləri isə abort etməyə məcbur edirlər. Ödənişsiz və ya aşağı ödənişli özəl və ictimai qayğı rollarında çalışarkən, ictimai olaraq səsimiz susdurulur. Biz daimi təhdid və zorakılıqla üzləşən trans qadınlarıq*, biz cəmiyyətin imtina və marginallaşdırmasının ağırlığı ilə mübarizə aparan kuir gənclərik.


Dözdüyümüz patriarxal zülm və aldatdıqları yalançı sülh vədləri yalnız bizim üzərimizdə hökmranlıqlarını davam etdirməyə xidmət edir. Biz həmçinin bilirik ki, indi popularlaşdıqları “qadınlar, sülh və təhlükəsizlik” adlı 1325 saylı qətnaməkapitalist sülhün şiddətli illüziyasına xidmət edir; 1325 genderin hərbiləşməsi, zülm və onsuz da ədalətsiz olan şərtlər altında regiona dırnaqarası sabitlik gətirmək bəhanəsi ilə istismarçı müharibənin davam etdirilməsi deməkdir. Biz susdurulmaqdan və ya tabe olmaqdan imtina edirik. Biz muxtariyyətimizi, ləyaqətimizi və öz şərtlərimizlə mövcud olmaq hüququmuzu geri alaraq, etirazımızda birləşirik.


Biz yalnız öz icmamıza güvənirik! Hegemon dalana dirənmiş millətçilikdən qurtulmağa çalışan və bununla da mütəşəkkil şəkildə məsuliyyəti öz üzərimizə götürməyə çalışan icmamıza! Bədənimiz onların fəthləri üçün alət deyil, həyatımız da onların güc axtarışına sərf edilə bilməz. Biz onların zorakılığına, zülmlərinə və patriarxal “sülh”lərinə son qoyulmasını tələb edirik. Biz bədənimiz, həyatımız, bugünümüz və sabahımız onların müharibələrinin qurbanı olmayana qədər dincəlməyəcəyik.


Biz dəfələrlə vurğulamaq istəyirik: sülhə nail olmaq təkcə dövlətlərin imzaladığı müqavilədən asılı deyil. Yuxarıdan tətbiq edilən sülh sadəcə olaraq azğın kapitalistlərin, silah alverçilərinin maraqlarını gücləndirməyə və neoliberal hegemonluğu davam etdirməyə xidmət edir. Bu cür “sülh” icmaları ayırmaq və nəzarəti saxlamaq üçün kimlik siyasətindən istifadə edir. Nə qədər ki, sərvətlərimiz elitanın əlində cəmləşib, millətçilik və düşmənçilik zalım siyasətlərə və müharibələrə bəraət qazandırmaq üçün istifadə olunacaq. Buna Əliyev rejiminin əməlləri bariz nümunədir.


İerarxik dəyərlərin, avtoritar strukturların və patriarxal-kapitalist normalar üzərində qurulmuş cəmiyyətlərin ədalətsizliyinə qarşı sinfi mübarizəyə diqqət yetirmək vacibdir. Həqiqi emansipasiya, o cümlədən sülh, feminist prinsiplərə əsaslanaraq azərbaycanlılar və ermənilər arasında həmrəyliyin gücləndirilməsi və kütləvi təşkilatlanma yolu ilə baş verəcək. Çox mərhələləri əhatə edən bu proses bizi parçalamaq əvəzinə birləşdirəcək. Ona görə, feminist inqilab bizim bu təzyiqçi şərtlərə və güc dinamikasına cavabımızdır.


Biz birlikdə bizi bölməyə və idarə etməyə çalışan patriarxal sistemləri rədd edirik. Biz həmrəyliklə zülm və istismardan azad yeni bir yol açmaq əzmindəyik.


Patriarxal "sülhünüz" yıxılsın - bizim feminist sülhümüz sizə ortaq olmayacaq!


08 Mart 2024-ci il

104 views

Comments


bottom of page