top of page

Gürcüstanda Seçki Paradoksu: Demokratiyanın İkiüzlülüyü Və Neo-Avtoritar Blokun Yüksəlişi

Şəkil radicalgraffiti instagram hesabından götürülüb.


Oktyabrın 26-da Gürcüstanda keçirilən seçkilər dövrümüzün paradoksunu əks etdirir. Gürcü xalqının əksəriyyətinin Aİ-yə inteqrasiyaya can atdığı bir ölkədə biz hakim partiya – “Gürcü Arzusu”nun hakimiyyətdən necə yapışdığını görürük. Bu nəticə demokratiyanın uğursuzluğu kimi görünə bilən, lakin paradoksal olaraq, demokratiyanın reallaşmasıdır. Və bu təkcə Gürcüstana xas yox, daha böyük dramanın mikrokosmik əksidir. Başqa sözlə neo-avtoritar blokun yaranmasına səbəb olan liberal hegemonluğun və demokratik fasadın tənəzzülüdür. Hər seçki qutusunun, hər səs sayılmasının arxasında hal-hazırkı dönəmdə yaşadığımız ideoloji məyusluğun əsl görünməz səbəbi danayır. 


Kağız üzərində “Gürcü arzusu” 54% səs toplayıb. Amma hansı yolla? Səsvermə bülletenlərinin topa-topa atılması, seçicilərin qərarına zorla təsiretmə və etnik azlıqların açıq-aşkar manipulyasiyası ilə bağlı geniş yayılmış iddialar arasında qələbəyə iddia etməkdə gülünc absurdluq var. Demək olar ki, demokratik tənəzzülün karikaturasına dönən bu səhnədə milli azlıqlar – azərbaycanlılar və ermənilər “Gürcü Arzusu”na misli görünməmiş səviyyədə, bəzi bölgələrdə 90%-ə qədər dəstək verdilər. Olduqca prekariat vəziyyətdə olan bu icmaların belə səs verməsi həvəsdən deyil,  asılı münasibətlərin dərin kök saldığı, onlara deyildiyi kimi səs verildiyi, yarı-feodal quruluşda yerli ağalar tərəfindən nəzarətdə saxlanılan sistemin sayəsində olduğunu anlamaq önəmlidir.


“Gürcü Arzusu”nun siyasi manevrləri Şərqi Avropadakı digər “idarə olunan demokratiyaların” manevrləri ilə maraqlı dərəcədə oxşardır. "Gürcü Arzusu"nun taktikaları seçkilərin legitimliyi qoruduğu və nəticənin həmişə hakim partiyanın xeyrinə olduğu Viktor Orbanın Macarıstanından götürülmüşdür. “Gürcü Arzusu” bu üsulları öz məqsədlərinə uyğunlaşdıraraq, qeyri-hökumət təşkilatlarını və media qurumlarını məhdudlaşdıran qanunlar qəbul edir, özünü gürcü “ənənələrinin” müdafiəçisi kimi qələmə verir, qeyri-müəyyən və guya düşmənçilik edən Qərb liberalizminə qarşı çıxır. Onlar demokratiyanın sadəcə kosmetik bir şey olduğunu qəbul edirlər.


Və burada məsələnin ideoloji mahiyyətinə çatırıq. Bir vaxtlar 20-ci əsr Qərb triumfalizminin qalığı olan liberal demokratik dəyərlərin şübhəsiz üstünlüyü indi sönməkdə olan bir mifdir. Biz elə bir post-ideoloji məqamda yaşayırıq ki, hətta bir vaxtlar demokratik dəyərlərin avanqardı olan Qərb də öz böhranında büdrəyir. Gürcülərnəhayət bəlkə indi liberal demokratiyanın bir ideal olmadığını, daxili ziddiyyətlər və iqtisadi bərabərsizliklər içində üzən bir sistem olduğunu dərk edərlər. Qərb yüksələn avtoritarizmə qarşı təsirli alternativ təklif etmək əvəzinə, özünün institusional yorğunluğuna qərq olmuş kimi görünür. Bu isə təmsilçi demokratiyaya xas qeyri-sabitliyinin əlamətidir.


Təmsilçi demokratiya məhz bu ziddiyyətlər üzərində mövcuddur.O, xalqa səlahiyyət verdiyini iddia edir, amma praktikada o, hakimiyyəti seçilmiş məmurların əlinə verir, idarəçi və idarə olunanlar arasında iyerarxiya yaradır ki, bu da mahiyyətcə özünüidarəni məhdudlaşdırır. Daha da pisi odur ki, dövlətin genişlənən bürokratik aparatı vətəndaşları mənalı iştirakdan uzaqlaşdırır və sistemin davam etməsi üçün əhalinin iştirakçılığını elə ancaq səsvermə ilə məhdudlaşdırır. Beləliklə, reallıq budur ki, liberal demokratiya seçim illüziyasını yaradaraq insanlara güc vermək əvəzində onları sakitləşdirir və bunula da faktiki gücü hakim sinfə verir. 


Məhz burada, liberalizmin tənəzzülünün qeyri-müəyyənliyində, Rusiya və Macarıstan kimi neo-avtoritarlar öz rollarını oynayırlar. Rusiya üçün Gürcüstan kimi bir ölkəni incə, nüanslı, lakin davamlı təzyiqlərlə dəstəkləmək az xərclə qazanılan qələbədir. Rusiyanın Gürcüstanı müttəfiq elan etməsinə ehtiyac yoxdur; yalnız “Gürcü Arzusu”nun Rusiyanın özünün daxili təbliğatını təqlid edərək, özünü Qərbin guya aşındırıcı təsirinə qarşı müdafiəçi kimi göstərdiyini görmək kifayətdir. Rusiyanın oyunu qeyri-müəyyən təsirləri olan oyunlardan biridir. Və artıq tanklarla deyil, psixoloji müharibə yolu ilə yenidən həyata keçirilən müstəmləkə taktikasıdır. Eynilə, Macarıstan Qərbin liberal normalarını rədd edən hökumətlərə müraciət edən “qeyri-liberal demokratiya” modelini təqdim edir.


Qərbin bu demokratik uğursuzluqlara cavabları da aydındır. Onların ehtiyatlı, az qala iflic olmuş tərəddüdlərində biz öz dəyərlərini belə aydınlaşadıra bilməyən Avropanın limitlərini görürük. Bir vaxtlar Macarıstanın avtoritar meyllərindən narahatlıq ifadə edən Avropa Birliyi indi də Gürcüstan üçün narahatlığını ifadə edə bilər. Lakin çox güman ki, öz daxili ixtilaflara başı qarışaraq mənalı  bir tədbirlər görməyəcək. “Gürcü Arzusu” isə bu qeyri-müəyyənlikdən öz xeyrinə istifadə edərək, anti-Qərb rəvayətlərinə sığınıb, özünü “əsl gürcü dəyərlərinin” qoruyucusu kimi göstərərək gücünü möhkəmləndirir.


Bu gün Gürcüstanda keçirilən etirazlar “inqilabçı demokratiya”nın tanış yolu ilə gedə bilər, lakin “Gürcü Arzusu” rejimi xalq narazılığı ilə devrilmiş əvvəlki administrasiyalardan daha hazırlıqlıdır. O, nəzarəti kobud güc yolu ilə deyil, hesablanmış, məqsədyönlü məcburetmə və genişmiqyaslı üsyana səbəb olmadan müxalifəti boğan qanunvericilik vasitələri ilə həyata keçirir. Bu, demokratiyanın inqilabi teatra çevrildiyi, altında isə avtoritar quruluşu gizlədən “demokratik ritual”ın olduğu bir sistemdir.


Əsl paradoks da buradadır: demokratiya avtoritarizm üçün alətə çevrilib, hakimiyyətə meydan oxumaq əvəzinə onu möhkəmləndirmək üçün istifadə olunur. Biz indi elə bir sistem görürük ki, səsvermə tabe olmaq aktına, etirazlar isə yalnız sistemi təhdid edənə qədər dözülən rituallara çevrilir. Gürcü xalqı üçün Aİ-yə inteqrasiya arzusu firavanlıq arzusundan daha ümdə bir şeydir- azadlığa, dövlətin manipulyasiyasından uzaq olan gələcəyin həsrətidir. Amma indiki rejimlə Gürcüstanın bu arzusu sönməkdə olan ilğımdır.


Gürcüstanın bizə öyrədir ki, liberalizmin artıq mənəvi yüksəkliklərə yiyələnmədiyi bir dünyada demokratiyanın təbiətən kövrəkdir. Demokratiya illüziyası getdikcə avtoritarizmi əsl forması kimi qəbul edən bir sistemi ayaqda saxlamağa başlayır. O zaman sual Gürcüstanda demokratiyanın sağ qalıb-qalmaması deyil, demokratiya anlayışının özünün mənasızlaşdırılması və bizi əvvəlki verdiyi vədlərin xəyalı ilə başa-baş qoymasıdır. O vəd ki, indi nəzarət üçün bir bəhanədən başqa bir şey deyil.

32 views

Kommentare


bottom of page