top of page

İqlim Ədalətinə Çağırış: COP29-un Ekosid* və Yaşıl-yuyulmasına** Qarşı Söyüdlü sakinləri ilə Həmrəyik!


*Ekosid, yəni kütləvi ekoloji qətl kapitalist tamahkarlığı və nəzarəti ilə idarə olunan korporasiyalar və dövlətlər  tərəfindən ekosistemlərin qəsdən və sistemli şəkildə məhv edilməsi və bunun nəticəsində həm ətraf mühitin, həm də icmaların ciddi şəkildə dağıdılmasıdır.

**Yaşıl-yuma korporasiyalar və dövlətlər tərəfindən öz istismarçı və dağıdıcı təcrübələrini ətraf mühitə uyğun olaraq göstərərək, güc və mənfəətlərini stabil saxlamaq üçün həqiqi ekoloji hərəkatları dağıtmaq və ya özlərinə uyğunlaşdırmaq üçün istifadə etdikləri manipulyasiya taktikasıdır.


Söyüdlü etirazlarının ildönümü ərəfəsində Azərbaycanın Söyüdlü kəndinin mərd camaatı ilə həmrəylik nümayiş etdiririk . Onların kapitalist hasilatçı mədən şirkətləri tərəfindən törədilən ekosidlərə qarşı cəsarətli mövqeyi, xüsusu ilə də indi qlobal diqqət və fəaliyyət tələb edir. 


Bir il əvvəl Söyüdlü kəndinin sakinləri mənfəətbaz Anglo-Asian mədən şirkəti tərəfindən ətraf mühitin dağıdılmasına qarşı ayağa qalxdılar. Bu və bənzər korporasiyalar İlham Əliyevin avtoritar rejiminin dəstəyi ilə torpağı viran qoyub, suyu zəhərləyib, yerli əhalinin əməyini istismar ediblər. Azərbaycandakı rejim etirazları vəhşicəsinə yatırdı, etiraz edən qadınları polislər döydü, onların kişi ailə üzvlərini isə həbs etdi. Polis postunun quraşdırılması ilə kənd dərhal mühasirəyə alınıb və bu günə kimi bu nəzarət və müşahidə davam etdirilir.


Söyüdlülərin ruhu qırılmaz olaraq qalır. Dünən “İşçi Masası” İdarə Heyətinin cəsarətli üzvü Sara Rəhimova kapitalist ekstrativizminin və avtoritarizmin məkrli qüvvələri tərəfindən əzilən və nəzarətdə olan icmanı fəryadlarını bizə xatırlatmaq üçün    “#JusticeSöyüdlü ” və “#FuckCOP29” şüarlarını Bakının bir çox yerində yazmışdı. Onun bu cəsarətli itaətsizlik hərəkətinə cavab olaraq təbii ki, polis dərhal evinə basqın edib.

 


COP29-un Azərbaycanda gözlənilən təhlükəsi

2024-cü ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır. Bu addım Əliyev rejiminin öz dağıdıcı və əzici praktikalarını davam etdirməklə özünü ekoloji məsələlərin müdafiəçisi kimi təqdim edərək açıq-aşkar “yaşıl-yuma” cəhdidir. Konfransa ev sahibliyi etmək Əliyevin avtoritar idarəçiliyini qanuniləşdirməklə yanaşı, həm Azərbaycan daxilində, həm də qlobal miqyasda gələcək ekoloji dağıntıları asanlaşdıracaq. Bunun səbəkarları isə həm mədən yanacaqlarını, həm də alternativ enerjini öz güc və mənfəətləri üçün bazarlıq edən və Söyüdlü kimi icmaları da öz avtoritar rejimlərinə urcah edən özlərini liberal-demoktarik adlandıran hegemonik güclərdir. 


Yaşıl kapitalizm açıq-aşkar yığılma rejimi kimi yeni investisiya imkanlarını açmaq potensialına malikdir. 2019-cu ildə Aİ tərəfindən qəbul edilmiş “Avropa Yaşıl Sövdələşməsi” (EGD) bu potensiala nümunədir. 2022-cü ildə Ursula fon der Leyen Əliyevlə yaşıl enerji müqavilələri bağladı və davamlı investisiyalara doğru keçidi vurğuladı. Bununla belə, həddindən artıq fosil asılılığından kənarda kapital toplanması perspektivləri və sosial və iqlim böhranlarını məcburiyyət olmadan həll etmək imkanları məhdud olaraq qalır. EGD-nin geniş bərpa olunan enerji təklifinə baxmayaraq, 2050-ci ilə qədər Avropa iqtisadiyyatının karbondan təmizlənməsi xammal istehlakını əhəmiyyətli dərəcədə artıracaq.


Odur ki, onlar COP29 vasitəsi ilə Azərbaycan hökumətinə öz həqiqi niyyətlərini ört-basdır etmək üçün platforma təqdim etməkdən çəkinmirlər. COP29-un layihələndirəcəyi “davamlılıq fasadı” reallığı gizlədir: belə konfransların əsl ziyanlarını Söyüdlü kimi icmalar çəkir . Bu toplantılar avtoritar rejimləri gücləndirir, onlara legitimlik pərdəsi verir, eyni zamanda müxalifəti susdurur və ekosidləri davam etdirir.


 

Yaşıl yuyulmanın və kapitalist istismarının ifşası

COP29-da “davamlılıq” niyyətinə aldanmamalıyıq. Torpaqları və bədənləri kapitalist mənfəətlərinə və dövlət nəzarətinə qurban gedən Söyüdlü camaatı bu cür hadisələrin əsl təsirinin bariz nümunəsidirlər. Söyüdlü mübarizəsi tək bir hadisə deyil, mənfəəti insanlardan və planetdən üstün tutan qlobal sistemə qarşı qalxan etirazlardan biridir. 

Biz başa düşürük ki, ekoloji ədalət uğrunda mübarizə mahiyyətcə kapitalizm, patriarxiya və avtoritarizmlə mübarizə ilə qaşılıqlı bağlıdır. Biz həm də bilirik ki, ətraf mühitin istismarı çox vaxt ekoloji dağıntının ən ağır yükünü daşıyan qadınlar da daxil olmaqla, təcrid olunmuş icmaların istismarı ilə müşayiət olunur.

 

Unutmamalıyıq ki, Azərbaycan kimi Qlobal Cənubun sərvətlərlə zəngin ölkələri Qlobal Şimalın karbonsuzlaşmasının yaratdığı sosial-ekoloji nəticələri öz üzərinə götürməli olacaqlar. Kapitalist iqtisadiyyatı kənar dünyadan asılıdır və eyni zamanda sistematik olaraq mənimsəmə yolu ilə onu məhv etməyə meyllidir. Biz bunu Söyüdlü etirazlarının timsalında gördük. Aydındır ki, Söyüdlü kimi etirazların məğlubiyyəti özünü liberal-demokrat və avropalı adlandıranların da maraqlarına uyğundur.


Fəaliyyətə Çağırış: Ədalət və Davamlılıq üçün birləşmək

Biz bütün fəalları, feministləri, ekoloji aktivistləri və müttəfiqləri Söyüdlü əhalisinə dəstək üçün birləşməyə və COP29-un əsl üzünü ifşa etməyə çağırırıq:

    

1. Söyüdlüyə dərhal ədalət : Söyüdlüdə ətraf mühit və insan hüquqlarının pozulmasına görə mədən şirkətlərini və Azərbaycan hökumətini məsuliyyətə cəlb etmək üçün mübarizələri birləşdirin və kəndin blokadasını dərhal dayandırmaq üçün təzyiqlər edin.

2. Yaşıl yuyulmaya Qarşı Qlobal Həmrəylik: COP29-un arxasında duran əsl niyyətləri ifşa edin və bu cür platformalar vasitəsilə avtoritar rejimlərin legitimləşdirilməsinə qarşı beynəlxalq müqaviməti səfərbər edin.

3. Ətraf Mühitlə Mübarizələrdə İcmaların Gücləndirilməsi: Ekoloji ədalət və davamlılıq uğrunda mübarizəyə qalxan yerli icmaların, xüsusilə də qadınların mühüm rolunu tanıyın və dəstəkləyin.

 

Söyüdlülərin mübarizəsi ədalətli və davamlı dünya uğrunda mübarizənin cəsarət və həmrəylik tələb etdiyini bizə bir daha xatırladır. İcmalar sağ qalmaq nöqtəsinə qədər sıxılanda, əslində, mübarizə aparmaqdan başqa çarələri qalmır. Bununla belə, onlar bu mübarizədə tək deyillər və olmamalıdırlar. Söyüdlü mübarizəsindən ilhamlanaraq iqlim ədaləti və qurtuluşu üçün onların mübarizəsini davam etdirməliyik!


Həmrəyliklə və müqavimətlə!





29 views

Comments


bottom of page