top of page
Feminist Peace Collective

LGBTQİ+ aktivist və jurnalist Əvəz Hafizlinin öldürülməsi siyasidir!

Bugün mövcud bütün sistematik zorakılıqların, kapitalist, neokolonialist və imperialist müharibə oyunlarının fonunda amansızca əzilən və subordinasiya edilən insanların və təbiətin çarəsizliyinə tamaşa edirik. Təbii ki, bütün bu zorakılıqlara bəraət verən kütlənin qarşılaşdığı ekzistensial terroru idarə etmək mexanizmi, yaranan nifrət və aqressiyanı ona nəzarət edən iqtidara yox, özündən daha zəif hesab etdikləri qruplara yönəltməklə həyata keçirilir. Bunun nəticəsidir ki, 2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycanda qadınlara və kuirlərə qarşı zorakılıqlar kəskin şəkildə artır və siyasi səviyyədə yönləndirilir. Artan kasıblıq, prekariatlıq və ədalətsizliklərin fonunda statusu əzilən “kişilik”lər qadınları, kuirləri tabe etdirməklə güclərini bərqərar edəcəyini zənn edir.


22 fevral 2022-ci ildə kuir aktivist və jurnalist Əvəz Hafizli amansız zorakılıqla öldürüldü. O, bu sistemin ədalətsiz, zorakı, heteronormativ və patriarxal dirəklərini silkələdiyi üçün qətl edildi. Ölümündən əvvəl və sonra da həm ailəsi, həm kütlə, həm də həmin kütləni yönəldən siyasət tərəfindən dehumanizasiya olunması, qətlinə haqq qazandırılması sistemin mövcud qorxularından xəbər verir. Əvəz Hafizli mövcudluğu ilə “susdurlmuşların” səsi olduğu qədər ölümü də “səssiz” qalmamalıdır. Əvəzin qətli “şəxsi” deyil, nifrət zəminində törədilmiş zorakı bir qətldir. İqtidar bu ölümü şəxsiləşdirməyə çalışdıqca biz susmamalıyıq, çünki Əvəzin ölümü siyasidir!


Qadınları, kuirləri və digər “özgələri” hədəfə alaraq onların təhlükəsizliyi qırılma nöqtəsinə gətirən bu sistem özünün yaratdığı və idarə etdiyi kütlə qorxularının hədəfi olanadək mövcud olacaq. O vaxtadək isə, zorakılıq zəncirinin içində statusunu itirən “kişiklik”lərin hegemoniyasına sadəcə müşahidəçilik etməmək üçün güclərimizi birləşdirməliyik. Əvəzin qətlini “şəxsiləşdirməyə” çalışan iqtidarın güc və nəzarətinə qarşı, siyasi dayanışma yeganə çıxış yolumuzdur. Yoxsa bizi və icmalarımızı gözləyən daha bir qətli, daha bir kütləvi zoralıkılığı və terroru izləməyə nə güc, nə də səbrimiz qalmayacaq!


51 views

Comentários


bottom of page