Bəli, rejim İmişlidə qırmızı xətləri yenə keçdi. 2025-ci il yanvarın 18-də İmişli əhalisi polis sisteminə qarşı ayağa qalxdı. Hər şey həmin gün polis maşınının 4 məktəblini vurması, onlardan 2-ni öldürməsi ilə başlayıb. Nifrət etdiyimiz polis və onun zorakılıq məngənəsi qapımıza, bədənimizə və ruhumuza toxunaraq bütün sərhədlərimizi bir daha aşdı.
Əliyev rejiminin polis dövləti ən kiçik uşağından qocasına qədər xalqına bir az da olsa dəyər vermədiyini dəfələrlə nümayiş etdirir. Əhalini susdurmaqla, iqtisadi cəhətdən asılı və prekariat vəziyyətdə saxlamaqla, həyatımızın hər küncünə sızan nəzarət və zorakılıq sistemini davam etdirir. Bu laqeydlik xatırlatmalar qəzəbimizi təkrar-təkrar alovlandırır, lakin ən əsas qırmızı xətlər keçildikdə belə, bizdən susmağımız gözlənilir.
Bu susqunluq davam edə bilməz. Polis dövlətinin mahiyyəti təkcə küçələrdə və polis məntəqələrində polisin fiziki zorakılığı və nəzarəti ilə məhdudlaşmır, zehnimiz və düşüncələrimiz üzərində zorakılığa və nəzarətə qədər uzanır. Bu rejimin strategiyası hamımıza tanışdır. O, İmişli kimi faciələri sistemli məsələlərdən yayındırmaq üçün fərdiləşdirir, müqavimət göstərməyə cəsarət edənləri isə cəzalandırır. O, etirazçıları "xuliqan" kimi etiketləyir və qorxu aşılamaq üçün onları həbs edir, qəzəbin kollektiv fəaliyyətə çevrilməmişdən əvvəl yatırıldığı boğucu bir atmosfer yaradır.
Bu taktikanı əvvəllər də Söyüdlüdə etiraz aksiyalarında iştirak edən yaşlı qadınların susdurulması və polis vəhşiliyinə məruz qalması ilə görmüşük. Eyni zamanda COVİD-19 pandemiyasının ilkin dövrlərində evinə hücum olunub, alt-paltarında alçaldılaraq küçəyə çıxarılan, həbs olunan insanlara olan polis vəhşiliyində görmüşürük. Biz bu polis xuliqanlığına və zorakılığına saysız-hesabsız digər etirazlarda şahid olmuşuq. Və gizlədilən, şahid olmadığımız nə qədər polis məntəqələrində zorakılıqlar hələ də davam edir.
Ən əsası isə rejimin öz media kuklalarından hekayələri manipulyasiya etmək, "xarici düşmən, müdaxilə, təhlükə" adı ilə ictimaiyyəti sakitləşdirmək üçün istifadə etməsi də hamımıza məlumdur. Bütün bu taktikalar onların zülm, ədalətsizlik və qorxu üzərində inkişaf edən sistemini ayaqda saxlamaq üçün hesablanmış hərəkətlərdir.
Əslində bu xalqın birinci düşməni məhz əliyev hakimiyyətidir, bu hakimiyyəti, bu zorakı rejimi legitim saxlayan onun polis institutudur. Düşmən elə içimizdədir. İşğala bu rejim tərəfindən haqqını arayan, etirazını ucaldan öz rayonlarımız, kəndlərimiz məruz qalır. Bunu hələ indiyə kimi ordu-polis mühasirəsində saxlanılan və girişi total nəzərətdə olan Söyüdlü və Nardaranda gördük, indi İmişli hadisələrində də görürük!
Amma yetər artıq!
İmişlidə uşaqların ölümü bədbəxt hadisə deyil, öz polis qüvvələrini xalqa qarşı silahlandıran rejimin nəticələridir. Hər həbs, hər susdurma, hər zorakılıq dövlətin hüdudsuz gücünün və dəyərsizləşdirdikləri insan həyatının baris göstəricisidir.
Odur ki, qəzəbimizin qorxu ilə sönməsinə və ya yalanlarla idarə olunmasına imkan verməməliyik. Gəlin qəzəblənək! Gəlin kədərimizi, qəzəbimizi və ümidsizliyimizi polis rejiminə qarşı vahid, radikal müqavimətə yönləndirək. Unutmayaq ki, rejimin qüdrəti bizim susqunluğumuzda və itaətimizdədir və tabe olmaqdan imtina etdiyimiz anda təməli çatlamağa başlayır.
Və unutmayaq ki, polis həmişə xalqa yox, repressiv rejimə xidmət edir!
Polis sistemi Azərbaycanda zorakı rejimin təməlidir. Polisə qarşı total olaraq hamının - imtiyazlı şəxsləri çıxmaqla - paylaşdığı nifrət, əslində elə bu rejimə olan nifrətin təcəssümüdür. Ölkənin hər yerində rejimin bütün aparatları ən kiçik müəssisəsindən ən başına qədər çirkaba, rüşvətə, ədalətsizliyə qurşanıb. Belə aparatların ən başında isə polis aparatı gəlir ki, əzəldən yeganə məqsədi xalqın hüquqlarını, asayişini və təhlükəsizliyini qorumaq olmayıb, əksinə siyasi rejimin, gücü və sərvəti olanların, yuxarıda tanışı-adamı olanların, yanlız və yanlız bu siyasi hökümətin maraqlarını, mənfəətini güdməyə xidmət edən hakimiyyətin güc aparatı olub ki, burdan aldığı dəstək və nəzarətsizliklə yerlərdə olmazın özbaşınalıqlar törədərək neçə-neçə insanın həyatına bais olub, faciəsinə səbəb olublar, yaxud da onları köməksiz qoyublar. Bu polis aparatı bu rejimin öz faşist siyasətini yerinə yetirmək üçün ən əhəmiyyətli və sevimli rıçağıdır.
Siravi bir vətəndaşın üzləşdiyi hansısa problemdə dərdinə yanmayan, rüşvətsiz heç barmağını belə tərpətməyən, yoxsulluq içindəki xalqın əlindəki bir parça çörəyə də göz dikən bu polis aparatı, bütün bu çarəsizlikdən və haqsızlıqlardan təngə gəlmiş insanların üsyanları və etirazları zamanı həmin dəqiqə öz brutal zorakılıqları və min bir şərləmə oyunları ilə hadisə yerində canla başla peyda olur.
"Yaxşı polis"-"Pis polis" bölgüsü isə saxta bir illuziyadır. Polis sistemi mahiyyətcə quldurluqdan və leqallaşdırılmış qatillikdən, kriminal qruplaşmadan, xuliqanlıqdan başqa bir şey deyil. Özbaşına harınlamış bu polis sürüsü hələ bilmədiyimiz neçə faciənin, neçə cinayətin birbaşa failləridir.
Bəs polis zorakılığı necə əsaslandırılır?
Hər bir polis qəddarlığı və korrupsiyası polis dövlətinin mövcudluğundan davamlı faydalananlar- media- məhkəmələr-siyasətçilər-tərəfindən rasionallaşdırılır və əsaslandırılır.
Azərbaycanın kukla mediası 2 gündür baş verən hadisə ətrafında min cür oyundan çıxır. Bir tərəfdən sanki adi bir hadisə kimi neytral dildə xəbər paylaşır "Yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub." Digər tərəfdən polis maşının istəmədən sanki uşaqlara dəyməsini çərənləyirlər: "DİN: İmişlidə xidmətə gedən DYP-nin avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib." Baş verənləri "bədbəxt hadisə" kimi qələmə verməklə kifayətlənməyib, etiraz edənləri günahkar çıxarır, təhqir edir və işdən çıxarırlar. Sistem açıq-aşkar qurbanların şərikliyini tələb edir və onların itaətini dərinləşdirmək üçün zorakılığını biraz da artırır.
Məhkəmələr də bu nəzarət mexanizmində ortaqdırlar. Sinifçiliyi və nəzarətsiz p*lis gücünü davam etdirən məhkəmə ədalətin aləti kimi deyil, sistemli bərabərsizliyi gücləndirən bir vasitə kimi fəaliyyət göstərir. Ayrı-ayrı məmurların və onların xidmət etdikləri daha geniş strukturların zərər görməməsini təmin etmək üçün məhkəmələr bu legallaşdırılmış kriminallığı müdafiə etməklə məşğul olur.
Öz güclərini və mülklərini qorumaq üçün çərənləyən siyasətçilər isə daha çox polis, daha çox həbsxana və daha çox nəzarət tələb edirlər. Onlar “ədalət” adı altında öz mülklərini və güclüləri qoruyan hakimlər və polislərlə əlbir olub, mövcüd repressiv sistemi və onun başında dayanan əliyev rejimini gücləndirirlər. Hər şeyi bilən və görən əliyevdirsə, o zaman hər şeyə məsul da odur. Bu cür mərkəzləşmiş, heç bir siyasi məkan qoymayan rejimlərin səhvi də elə budur - özlərindən başqa heç kimə imkan verməyən, sonda hər şey üçün məsul olmağa da hazır olmalıdır. Ən xırda məmur səhvindən tutmuş, polisin adam öldürməsinə qədər.
Polislərin heç bir qanunsuz hərəkətinə cavab verməyən rejimlərin bir məqsədi var: nə vaxtsa rejimə qarşı etirazlar olduqda polisin xalq tərəfinə keçmək kimi bir fikri və imkanı olmasın, çünki rejimin bütün zorakılığını polis etdiyindən və heç bir cəza çəkmədiyindən, xalqın bütün nifrəti elə polislərə yönələcək və onlar üçün heç bir mərhəmət olmayacaq. Nəticədə bugün Azərbaycan polisi əliyev rejimini qorumaqdan başqa heç bir funksiya daşımır.
Odur ki, İmişlidəki insanların "İstefa" şüarı ilə ayağa qalxmaqları olmalı olandır!
Bəs bu cür etirazlar (İmişli, İsmayıllı, Gəncə, Quba-Qusar, Nardaran, Söyüdlü və s.) niyə böyüyə bilmir?
Birinci səbəb, əlbəttəki avtoritar rejiminin azərbaycanlıları hər bir alternativ ideya və fikirdən məhrum etməsidir. Rejimin hegemon ideyasına fərqli ideya qoyan hər kəs susdurulur və repressiya edilir. Bununla yanaşı isə, hegemon səfsətəni yayan kuklalara meydan verilir. Məsələn, millətin yox rejimin vəkilləri kimi. Sosial şəbəkələrdə dövlətə qarşı tənqidi fikir bildirən hər kəsi hüquq-mühafizə orqanlarının nəzarətində olmasına çağıranlar Azərbaycanda faşizm qurmaq istəyənlərdir (xatırladaq ki, faşizm hansısa etnik qrupa nifrət yox, dövlətin total nəzarət qurması, və bunu millət-dövlət birliyi adlandırması, reallıqda isə insanları zorakı şəkildə istismar etməsidir). Bu cür faşist rejimdən, əlbəttə ki, kukla rejimin ən imtiyazlı vəkilləri yararlanır. Xatırladaq ki, dövləti, rejimi, hökuməti tənqid, sual etmək, hətta qarşı çıxmaq Azərbaycan xalqının suveren haqqıdır. Bu haqqı tarixdə dananlar yalnız faşistlər olub ki, onların da sonu hamıya bəllidir.
Azərbaycanda siyasi rejim total olmadığından (buna can atsalar da) və heç vaxt da ola bilməyəcəyindən fərqli ideyalar yaranır və yayılır. Bugün "polis sistemi, polis dövləti bizə lazım deyil, Azərbaycan polisi zülmkar rejimin təzahürüdür" deyən insanlar mövcuddur və həmişə də olacaq. Azərbaycanlılar onlara danışmağa imkan verilməsə belə, polis zorakılığını və polis dövlətini hər gün həyatlarında hiss edirlər. Bu gün İmişlidə xalqın küçələrə çıxması, öz qəzəbini qorxmadan nümayiş etdirməsi təkcə bir "bədbəxt hadisə"nin nəticəsi deyil, əliyev rejiminin illərlə bu xalqı məruz qoyduğu ədalətsizliyin və zülmün qaçınılmaz təzahürüdür. Buna ən gözəl misal isə İmişlidəki hadisədə bir kişinin polisə "O gün bazarda mənə gün vermirdin" qışqırmasıdır.
İkinci səbəb, Azərbaycanlılar bu zorakılığı anlayıb hiss etsələr də, birləşib təşkilatlanmağın, həmrəyliyin yollarını bilmirlər. Bu da əliyev rejiminin Azərbaycan xalqını məhrum etdiyi ən əsas şeydir. Necə mübarizə aparmaq olar bilmirik, çünki bir yerə yığışa biləcəyimiz bütün fiziki məkanlar əlimizdən alınıb. İçimizdə danışa biləcək hər kəs tutulub. Əliyev rejimi bütün siyasi məkanları bağlayıb. İnsanlar təbii olaraq onlara tanış və yaxın olan 90-ların mübarizəsindən qalma şüar olan "İstefa" şüarına üz tutublar. Əlbəttə ki,bu məhrumiyyətin nəticəsi vaxtı gəldikdə spontan olaraq xalqın ayağa qalxması və qarşısıalınmayan qəzəb olacaq. Bugün olmasa da, sabah.
Azərbaycanlılar zorakılıqsız həyat yaşamaq istəyirlərsə, təkcə Qarabağ üçün həmrəy olmaq yox, bir-birimiz üçün, yaxşı həyat üçün, ölməmək üçün həmrəy olmağı öyrənməliyik. Daha itirəcəyimiz heçnə yoxdur. Bugün İmişlidə insanlar ayaqa qalxıbsa, digər rayonlarda da insanlar həmrəy olaraq bu polis zorakılığı və polis dövlətinə qarşı yumruq kimi bir olduqlarını və daha belə yaşamaq istəmədiklərini göstərməlidilər.
Bəs polis nədən qorxur? Cinayətdən? Xeyr. Onların qorxusu bizik, adi insanlardır. Onlar məsuliyyətdən, səlahiyyətlərinin dağılmasından və işğal etdikləri icmaların azad edilməsindən qorxurlar. Onlar ədalətdən qorxurlar - qəddarlıq və zülm etdikləri insanların tələb etdiyi xam, amansız ədalətdən. Hər hansı bir işğal ordusu kimi, polis də bizi qorumaq üçün deyil, hakimiyyətin gücünü qorumaq və istismar sistemini saxlamaq üçün mövcuddur. Onların qorxusu zəiflik deyil, strategiyadır. Bu, bizi qorxutmaq və bölmək, bizi itaətkar saxlamaq üçün istifadə edilən gücün vasitəsidir.
Azad olmaq üçün biz bu repressiya mexanizmi ilə heç bir güzəştə getməməliyik. Tabe olmaqdan imtina etməliyik. Onların zorakılığına müqavimət göstərməliyik. Onların cinayətlərini ifşa etməliyik. Hər polis dövlətin, dövlət isə hökmranlığın alətidir. Onlara heç bir borcumuz yoxdur –nə hörmət etmək, nə əməkdaşlıq, nə də susmaq.
Bizim gücümüz imtina etməyimizdədir. Polisdən imtina edin. İdarə olunmaqdan imtina edin. Qırılmaqdan imtina edin. Polis və eləcə də onun qoruduğu siyasi rejim bizdən - adi insanlardan qorxur, çünki bilirlər ki, biz qalxanda, onlar çökəcək!
Comments