top of page
Vusala Haciyeva

Onların Müharibəsində Biz


“Müharibənin qadın siması yoxdur” Svetlana Alekseviçin məhşur romanının adı belədir. O roman ki, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş qadınların hekayələrini öz vərəqləri arasında toplayıb. Doğurdan da müharibənin siması ayrıdır. O sima hamımıza tanışdır. O sima hər evdə, hər şəhərdə, hər ölkədə məşhurdur. Biz o simanı yaxşı tanıyırıq. Müharibənin yalnız bir üzü var və o, problemli kişi simasına daha çox oxşayır.


Müharibəni hansı adekvat rakursdan şərh etməyə çalışmağımızdan asılı olmayaraq, o daima kabusu, dəhşəti xatırladacaq. Yəni, bizim üçün, onlar üçün yox. Ən əvvəl biz bunu ayırd etməyi bacarmalıyıq. Biz – kimik, onlar kimdir? Onlardan başlayaq. Onlar müharibədən iqtisadi, siyasi maraq güdən, onu təşkil edən və davamiyyətini nizamda saxlayan, problemlərdən həll aləti kimi istifadə edənlərdir. Onların güc miqyası bizim miqyasın çox-çox üstündədir. Biz kimik? Biz müharibənin məcburi iştirakçıları, qurbanları, onlar üçün statistik rəqəm topluları, filankəslər.

II Qarabağ müharibəsi də digər bütün müharibələr kimi konkret məqsədlərlə aparılan dövlət qətliamı idi. Bu müharibədə də digərlərində olduğu kimi minlərlə günahsız insan öldürüldü və minlərlə insan iradəsinə zidd olaraq ölümə göndərildi. Dövlət istədiyi vaxt vətən üzü alıb onun üçün qurbana çevrilməyini tələb edə bilir. Çox maraqlı və ironikdir ki, patriarxal dövlətlər öz üzərlərinə yüklədikləri vətən anlayışını “ata” yox, məhz “ana” kimi xarakterizə edirlər. Dövlətə olduğundan daha böyük və sakral məna yükləməyə çalışırlar. Ana obrazının emosional yükünü istifadə edirlər. Bütün bu propoqandanın təsirində hər iki ölkədə həm ilk müharibə, həm ikinci müharibə vaxtı hakimiyyətdə olan neft və politik klanlarının mafiya savaşlarına görə qurban getmək təbii ki, daha asan olur. Lakin patriarxal dövlət bu məqamda belə öz diskursundan dönmədi. Verilən qurbanlar arasında iyerarxik fərq qoyuldu, kimin qəhrəman olması, kiminsə bu ada layiq olmadığı öz ideoloji tələbləri əsasında seçildi.


Buna ən bariz nümunələrdən biri kimi Aprel döyüşləri iştirakçısı və II Qarabağ Müharibəsində şəhid olmuş Şaiq Kəlbiyevin yüksək rütbəli dövlət məmuru olan Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov tərəfindən facebook sosial şəbəkəsindəki şəxsi hesabında yazdığı şərhlə etdiyi təhqiri göstərmək olar. Sitat: “LGBT özü nə p..dur ki, onun üzvü də gedib şəhid ola. Onları niyə belə hörmət-izzətlə yad edirsən axı. Onları xatırlamaq belə əhəmiyyətsizdir.” Məsələ burada hansısa şəxsi konflikt deyildi. Dövlət məmuru sırf queer olduğuna görə Şaiqi və müharibədə iştirak edib canlarından keçən bütün LGBT insanları təhqir etmişdi. Bu barədə sosial şəbəkələrdə hədsiz reaksiyalar oldu. Təhqir edənə dəstək duranlar da, onun işdən azad olunmasını istəyənlər də. Bütün bunlar “məşhur azərbaycanlı yazıçı”nın Şaiqin dəfn mərasimindən fotonu paylaşıb “Azərbaycanda homofob yoxdur” deməsindən bir neçə saat sonra baş vermişdi. Reaksiyaların çoxluğu səbəbindən Tural Müseyibov işdən azad olundu və mətbuata açıqlamasında səhv anlaşıldığını bildirdi. Yalnız nə Dövlət Dəniz Agentliyi, nə digər dövlət rəsmisi heç bir rəsmi çıxışında bunun dövlətin mövqeyi olmadığını, LGBTQ insanların, qadınların hüquqlarının da daimi qorunmalı olduğunu bildirmədi. Belə işdən azad olunmalarınsa heç kimə sirr deyil ki, taleyi bir müddətlik fasilədən sonra mətbuata yayılmadan yeni vəzifəylə mükafatlanma ilə başa çatır. Adı çəkilən eks məmur bu təhqiri edəndə sözsüz ki, nəticəsini bilirdi. Lakin bu onu saxlaya bilməzdi. Çünki o da, digər dövləti təmsil edən şəxslər də LGBTQ və feminist icmalarının qanunvericilik bazasında qorunmadığını gözəl bilirlər. Bu səbəbdən də o və onun kimilər qorunması olmayan icmalara kişisayağı hücumlar etməkdən nə qorxurlar, nə də çəkinirlər. Onun mövqeyinin dövlət tərəfindən rəsmi inkar olunmamasının səbəbi isə hamımıza aydındır. Tural Müseyibov yalnız özünün yox, həm də təmsil etdiyi dövlətin mövqeyindən çıxış edirdi.


Bu yazını yazmazdan əvvəl kiminlə bu barədə danışırdımsa və yazımın ikinci qəhrəmanının II Qarabağ Müharibəsinin qadın şəhidi Arəstə Baxışova olacağını deyirdimsə, reaksiyalar adətən təəccüb və ardınca “bəyəm bu müharibədə qadın şəhid olub?” sualı ilə müşayiət olunurdu. Problemin reaksiyanı verənlərdə olduğunu düşünmürəm. Məsələ burasındadır ki, Arəstə Baxışova haqqında mətbuatda çox az danışılmışdı. Bir neçə az oxunan saytı və xəbər portalını çıxmaqla onun barəsində demək olar ki, heç bir məlumat almaq mümkün deyildi. Fikrimlə razılaşmamaq da olar. Lakin nəzərə alınmalı bir neçə nüans var. Bunlardan ən başlıcası da müxtəlif vaxtlarda dövlət rəsmilərinin qadınlara, xüsusən də hərbiçi qadınlara olan münasibətidir. Bir il əvvəl eks deputat Cümşüd Nuriyev dövlət kanalına müsahibəsində Azərbaycanın bütün veteran və şəhid qadınlarını təhqir etmişdi[1]. O çıxışında qadın batalyonunun kişi əsgərlər arasında ruh qaldırmaq məqsədilə yaradıldığını demişdi. Sonradan da təzyiqlərə dözməyərək yanlış anlaşıldığını qeyd etmişdi. Təbii ki, belə “yanlış anlaşılmalar” şəxsin qənaəti yox, təzyiqin nəticəsidir.


Belə nümunələr də az deyil. Digər bir deputat Eldar Quliyev 8 Mart Marşını şərh etdikdə, “onlar küçəyə çıxıb bizi biabır etdilər” deyirdi[2]. Başqaları da danışa, deyə bilirlər. Çünki bunun cəzasının maksimum yanlış anlaşılma olduğunu göstərə biləcəklər. Əgər sistem və onun qanunvericiliyi sırf “onlar” tərəfindən “onlar” üçün yazılırsa, əgər konstitusiya yazılanların özləri kimilərini qoruyub, bizi, bütün LGBTQləri, qadınları, əzilən digər bütün insanların əzilməsinə susur, göz` yumursa, təbii ki, bizi təkcə müdafiəsiz buraxmış olmur, eyni zamanda hücumun təşkilinin bazasını təmin edir. Bu gün onlar tərəfindən bizə tuşlanmış hər bir güllənin istehsalçısı da məhz hamı üçün olmayan sistemdir.


Sona bir məsələ qalır. Əgər dövlət, onun sistemi, qanunu bizi nəzərə almırsa, onun mövcudluğunun davamiyyətini təmin etmək üçün biz niyə canımızı fəda etməliyik?! Əgər sistem onlarındırsa, niyə müharibə hamımızın olur?! Şiddətin, zülmün, diskriminasiyanın mənbəyi olan və hamımıza əzab çəkdirən qanlı maşına biz niyə süni nəfəs verək?! Bəlkə elə bu qorxunc varlığı layiq olduğu ölümə məhkum etmək ən düzgün qərardır?! Sizcə elə deyil?


96 views

Comments


bottom of page