top of page
Feminist Peace Collective

Qanlı Fevraldan Qanlı Sentyabrlara və ya niyə qurban olaraq həm də təcavüzkar ola bilərik


Stepanakert hava limanı, 20 sentyabr 2023-cü il

Bu ay ermənilərin və azərbaycanlıların paylaşdığı faciəli tarixdə ardıcıl üçüncü qana boyanmış sentyabrdır (2020, 2022 və 2023). 2023-cü il sentyabrın 19-da Azərbaycan dövləti öz maraqlarını regiondakı insanların həyatından amansızcasına üstün tutaraq “antiterror əməliyyatı” adı altında Qarabağ/Artsax üzərinə hücuma başladı. Əməliyyatın məqsədi Qarabağ/Artsax hakimiyyətini danışıqlar masası arxasına oturmağa və kapitulyasiya şərtlərini razılaşdırmağa məcbur etmək idi. Danışıqlar gözlənilən nəticəni vermədi, atəşkəs və tərksilahla bağlı razılıq əldə olunsa da, atışma və təcavüz davam edir.


Bu günlərdə ermənilər Stepanakert/Xocalı hava limanından Ermənistana ümidsizcəsinə təxliyə olunmağı gözlədikləri zaman azərbaycanlılar boş bir qələbəni qeyd edir, ermənilərin əzablarına çağırışla sevinir və bunu Xocalı qətliamının tarixi ədaləti adlandırırlar. Tam laqeydlik və nifrət anında özümüzə xatırlatmaq vacibdir ki, bir dəfə qurban olmaq bizi təcavüzkar olmaqdan qorumur. Başa düşməliyik ki, qanlı Fevral dövrünü (xüsusilə Xocalı qətliamını) eyni dərəcədə acınacaqlı sentyabrlara çevirən saxta qurban/təcavüzkar dixotomiyasında tələyə düşmüşük. Davam edən ədalətsizlik, travma və qurbanlıq hissləri Azərbaycanı təcavüzkara çevrilməkdən azad etmir. Ermənilərin indi yaşadıqları etnik təmizləmə, məcburi köçkünlük, iztirab və ağrı 30 il bundan əvvəl azərbaycanlıların acısı, iztirabları, məcburi köçkünləri və etnik təmizləmələri kimi ədalətsizdir. Beləliklə, hər ikimiz böyük itkiyə məruz qaldıqda "qazanan" və ya "uduzan" xalqlar yoxdur və bu zorakılıq hamımıza zərər vurmaqda davam edir.


Azərbaycanın konstitusiya quruluşunu bərpa etmək iddiası ilə Dağlıq Qarabağa qarşı təcavüzünə haqq qazandırmaq üçün göstərdiyi israrlı səylər dövlət terrorunu legitimləşdirməyə yönəlmiş təhlükəli cəhddir. Beynəlxalq ictimaiyyət etiraf etməlidir ki, bunu antiterror əməliyyatı kimi qələmə vermək zəif və gücsüz siyasi icmalara qarşı üstüörtülü dövlət terrorudur. Bu isə tarixən ABŞ, Rusiya və Türkiyə kimi imperiya dövlətlərinin tətbiq etdiyi taktikadır. ABŞ bu taktikanı İraqı və Əfqanıstanı işğal edərkən öz hərəkətlərinə haqq qazandırmaq üçün istifadə etdiyi halda, Rusiya bunu Çeçenistanda və bu yaxınlarda Ukraynada, Türkiyə isə kürdlərə qarşı istifadə edərək reallığı təhrif edib və “ədalətli müharibə” mifologiyasını uydurmaq üçün insanların narazılıqlarını müharibəyə səfərbər etməyə imkan yaratdılar.


Beynəlxalq hüquq və nizamın qeyri-adekvatlığının nəticəsidir ki, dövlətlərin müharibələrə cəlb edilməsi qanuniləşdirilib,və bizi keçmişimiz, bu günümüz və potensial gələcəyimizə hakim kəsilən millətçiliyin faciəvi nəticələri ilə üz-üzə qoyub. Bu narahatedici məntiq beynəlxalq hüquqi nizamın insan həyatının vəziyyətini necə müəyyən etməsinə qədər genişlənir. Fərdləri “hərbi hədəflər” və “mülki şəxslər” kateqoriyasına ayırmaq qeyri-müəyyənliklə doludur və bu, Azərbaycana bu fərqi öz maraqları üçün manipulyasiya etməyə imkan verir və insan həyatının dəyərinə açıq-aşkar etinasızlıq nümayiş etdirir. Məsələn, Azərbaycan dövləti Qarabağdakı mülki şəxslər üçün təhlükəsiz keçid elan etdiyini bildirir, lakin bu əhalinin əhəmiyyətli bir hissəsini (məsələn, de-fakto hakimiyyətin qohumları, silahlı şəxslər) qeyri-mülki vətəndaşlar kimi süzgəcdən keçirərək kənarda qoyur.


Müharibənin bu təhlükəli dövrəsində tələyə düşərkən, nə üçün ümumiyyətlə müharibəyə, xüsusən də bu uzun sürən hücumlara şiddətlə qarşı çıxmalıyıq sualının cavabı daha da aydın olur. Bir əsrlik zorakılıq yolu ilə hökmranlıq etmək cəhdi yalnız əzabları davam etdirib və müsbət gələcəyə heç bir ümid verməyib. Dövlət gücünün və zorakılığının bizə həmişə səfalət, ağrı və qeyri-müəyyənlikdən başqa bir şey gətirmədiyini gözardı edə bilmərik. Azərbaycanın diktə etdiyi sülhə gedən yolun müharibə və faşist narrativlərlə təbliğinə inananlar başa düşə bilmirlər ki, bu, bizi sadəcə heç vaxt bitməyən düşmənçilik döngüsünə salır. Yaxud müharibənin bitdiyini və sülhün bu tam qələbə ilə əldə olunduğuna inananlar dövlət zorakılığının daimi olduğunu, antiterror əməliyyatlarının siyasi fəalları hədəf almağa davam edəcəyini, sülhün qarşıdan gələn müharibəyə hazırlıq vaxtı olacağını başa düşə bilmirlər.


Faciə ondadır ki, millət və dövlət quruculuğuna gedən amansız yol sülh və firavanlıq bahasınadır. Millətçi diskurs və aqressiv dövlət quruculuğu fərdlər və icmalar olaraq həyatımızı və seçimlərimizi azad şəkildə təyin etmək qabiliyyətimizin əlimizdən alındığı bu acı reallığa gətirib çıxarıb. Millətçiliyin səfalətinin üzündən torpaq və sudan istifadəmiz (özəlləşdirmə və milliləşdirmə), zamanımız (məktəblər, həbsxanalar, muzdlu əmək, "boş vaxt"), bədənimiz (pullu əmək, müharibə, biliyə çıxışın məhdudlaşdırılması, tibb) bizim təyinetməmizdən kənardadır. Bəs, həqiqətən sevmək və müdafiə etmək bizim əlimizdə olmadığı halda, biz necə “öz millətimizi” sevməyə və müdafiə etməyə çağıra bilərik? Beləliklə, sual budur ki, biz nə üçün canımızdan keçirik? - Həyatımızın azad olmayacağı, müharibədə itirdiyimiz əziz ailə üzvlərimiz olmadan ziyarət edəcəyimiz torpaqlar üçünmü? Yoxsa azad gəzməyə demək olar ki, haqqımız olmayan, yenə də döyülərək alçaldılacağımız, milləti xilas etmək adı ilə fərqli baxışlarımızın, fikirlərimizin susdurulacağı torpaqlar üçünmü? Yalnız başqa milləti özgələşdirən və başqa millətə nifrət etmək üzərində qurulmuş millət üçünmü?


Biz bu təlqinin toruna düşməyin şiddətlə əleyhinəyik və nifrət və özgələşdirmə üzərində qurulmuş millət adına insanların əsarət altına alınmasını rədd edirik. Biz Azərbaycanı Qarabağda erməni əhalisinə qarşı terrorunu dayandırmağa çağırırıq. Bizim çağırışımız Azərbaycan xalqına da şamil edilir; onları öz rasionallığını və empatiyasını tanımağa çağırır, müharibə ilə əlaqədar yaşadıqları ağrıların rejimin millətçi istəkləri üçün alətə çevrilməsinə, dövlətlərinin və hakim elitanın kapitalist hərisliyi üçün bədənlərinin istismarına yol verməməyə çağırırıq.


Bu arada biz Azərbaycan cəmiyyətinin bir hissəsi və Azərbaycan vətəndaşları olaraq digərlərini, xüsusən də siyasi fəallıq iddiasında olanları aşağıdakı suallar ətrafında düşünməyə səsləyirik. Bu sualları hökumətin birgə yaşayış adı altında öz maraqlarına uyğun olaraq hazırladığı planları və şərtləri ictimaiyyətlə bölüşməsi üçün tələb etməliyik.


1) Hökumət Qarabağ/Artsax ermənilərini assimilyasiya etmədən, inteqrasiya etməyi necə planlaşdırır?

2) Qarabağ/Artsax ermənilərinin təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlər həyata keçiriləcək?

3) Rusiya ordusu mövcudluğunu davam etdirəcəkmi və indiki halda onlara təhlükəsizliyin təminatçısı kimi etibar edilə bilərmi?

4) Ermənistan və ermənilərlə əbədi düşmənçiliyi aradan qaldırmaq planı varmı? Düşmənçilik rəvayətini dəyişdirməyə yönəlmiş diskursla məşğul olmaq istəyi varmı?

5) Zəngəzur dəhlizi hələ də ekspansionist millətçi gündəmin bir hissəsi hesab olunurmu?

6) Amnistiyalar nəzərdə tutulurmu və insanlar necə barışacaq və bir-birlərini bağışlayacaqlar?

7) İcmaların, insanların, fəalların və təşkilatların heç bir məhdudiyyət olmadan sərbəst və açıq şəkildə qarşılıqlı əlaqədə olması imkanları olacaqmı?

8) Sülhün tərəfdarı olan və onun yolunda fəal çalışan şəxsləri millətə düşmən və satqın kimi qələmə vermək, mühakimə etmək və həbs etmək davam edəcəkmi?

9) Bu müharibə bitəcəkmi?


257 views

Kommentare


bottom of page