Ermənistan və Azərbaycan sərhəddində baş verən son eskalasiya bizi münaqişənin əvvəlki presidentlərindən daha fərqli, daha qeyri-balanslı, aqressiv və güzəştsiz mərhələsi ilə üz-üzə qoyur. Danışıqlarda üstünlüyü təmin etmək üçün hərbi əməliyyatları bir oyun aləti kimi istifadə edən Azərbaycan mövcüd geosiyasi vəziyyətdən məharətlə istifadə etməyə çalışır. Bu siyasi vəziyyət geniş mənada çoxqütblü dünyanın dağılması, soyuq müharibə narrativlərinin güclənməsi və Rusiyanın təsir zonasında olan pereferiyaların imperiyalar arasında seçim etməkləri ilə nəticələnib. Türkiyənin regiondakı güc oyunlarında aktiv iştirak etməsi, iqtisadi və siyasi maraqlarını təmin etmək üçün münaqişədən faydalanması da dəyişən geosiyasətin başqa bir mürəkkəb təmsilidir.
Bunun xaricində, təbii ki, bir gecə ilə məhdudlaşmayan və 30 ildən çoxdur davam edən, 2020-ci ildən bəri güc dinamikası dramatik dəyişən bu münaqişənin Azərbaycandakı və Ermənistandakı hakim sinif üçün nə qədər alət olduğu ilə bağlı şübhə yoxdur. Həm də çox aydındır ki, bu güc disbalansı yeni milliyətçi diskursları yaradır və revanşizmi gücləndirir.
Bu gün danışıqlar prosesinin uğursuzluğunu hərbi əməliyyatlara əsas bəraət kimi irəli sürülür. Ancaq 30 il bir-birini günahlandırmaqla, maço-maskulinist və elitist danışıqlar aparan Azərbaycan və Ermənistan hakimiyyətləri arasında “ərazi bütövlüyü” və “özünü-müqəddərat” döngüsü xaricində necə bir “sülh” yaratdıqları göz qabağındadır. Güzəştlər etməyə hazır olmayan tərəflər üçün, münaqişənin yaratdığı kollektiv yaddaş, nifrət və etno-milliyətçi propaganda əslində hakimiyyətlərini genişləndirmək üçün əsas dayaq vasitələridir. Xalqlar isə yenilənən travmalar, itkilər, və incikliklərlə dolu döngünün içində qalmağa məhkum olunaraq öz rejimlərinin demokratik və ya avtoritar olmağından asılı olmayaraq bu bağlı qapılar arxasındakı danışıqları ancaq müşahidə etməklə limitləniblər.
Birinci Qarabağ müharibəsində klassik mənada məğlub olan və ərazilərini itirən minlərlə insan üçün uzun müddət Qarabağa geri dönmək əsas ehtiyaca çevrilmişdi. Lakin İkinci Qarabağ müharibəsi bu ehtiyacın təkcə evinə geri dönməklə yox, milli kimliklə və daha geniş mənada hakim sinfin kapitalist maraqları ilə bağlı olduğunu bir daha sübut etdi. Odur ki, 2020-ci il müharibəsindən sonra əldə olunan torpaq qazancları yetməmiş kimi, daha çox ərazi iddiası ilə çıxış edən Azərbaycan hakimiyyəti bu gün Ermənistan ərazisinə hücum edərək “bufer zona” yaratmaqdan danışır və bunu “ədalətli müharibə” adı ilə insanlara təlqin edir. Azərbaycan ərazilərinin nə zamansa işğal olunmağını bəhanə gətirərərək eyni məntiqlə Ermənistan ərazilərini işğal etmək və bunu danışıqlar zamanı alverə çevirmək heç bir ədalət konteksinə sığmır. Odur ki, hal-hazırda Azərbaycan hakimiyyətinin aqressiv davranışlarına cavab məhz Azərbaycan xalqından gəlməlidir: Biz bizi, resurslarımızı, bədənimizi alətə çevirən hakim siniflə onun apardığı müharibədə eyni mövqedə ola bilmərik! Biz təhlükəsizliyimizi bəhanə gətirib bizi davamlı təhlükədə qoyan rejimlə eyni “ədaləti” bölüşmürük! Biz yüzlərlə və minlərlə insanın həyatı, sağlamlığı və gələcəyi bahasına bizim adımıza aparılan istənilən müharibələrə qarşı dayanırıq!
Bizi ümidsiz və gücsüz vəziyyətə salan bu və bundan daha pis gələcəkdəki böhranlar üçün təcili birliyə ehtiyacımız var. Bu birlik imperialist oyunlara, müharibələrə, hərbi əməliyyatlara və çıxılmaz vəziyyətdə qalan danışıqlara radikal etirazını bildirərək mövcud daxili və xarici siyasi razılığı dağıda bilər. Azərbaycan hakimiyyətinin təcavüzünü dayandırmasını və hər iki hakimiyyəti məsul tutmağın, xalq diplomatiyasını və sülh quruculuğunu tələb etməyin vaxtıdır!
Comentários