Bu gün 9 may 2021 tarixində Bayram Məmmədovun dövlət tərəfindən qətlə yetrilməsindən 3 il ötür. Onun İstanbulun Kadıköy ərazisində dənizdə naməlum şəkildə ölü tapılmağından, küçə kameralarına görüntüləri düşdüyü halda türkiyə rəsmi orqanlarının bunu göstərməkdən imtina etməyindən, azərbaycan rəsmi orqanlarının Bayramın nəşini tez bir şəkildə mayın 9-da Bakıda basdırılmasına təzyiq göstərməsindən tam 3 il keçir. Bayram bizim üçün dövlət tərəfindən qətlə yetirilib: istər naməlum şəkildə ölməsi, istər ölümünün tam araşdırılmaması, istər gərgin psixoloji durumda olması, istərsə də təsadüfən ölməsi - bunun məsuliyyəti insanları bu həddə çatdıran, həyatlarını məhv edən dövlətdədir. O dövlət ki həm aşkar həm də görünməz zorakılıqları və gücü ilə həyatımıza, ölümümüzə və azadlığımıza nəzarət edir.
Bayram kimdir?
Bayram Məmmədov 2016-cı il mayın 9-dan 10-na keçən gecə Bakıda yoldaşı Qiyas İbrahimovla birgə gül bayramına etiraz olaraq ədalətsizliyin simvolu olan heydər əliyevin abidəsinə “Fuck the System” və “Qul bayramınız mübarək!” şüarları yazdıqdan sonra siyasi davranışına görə beynəlxalq olaraq tanındı. Onlar bu aksiyadan sonra dərhal fotoları çəkib internetdə yerləşdirdilər. Ertəsi gün ikisi də izsiz yoxa çıxdı.
Dostları və ailələri çox narahat oluqlarından onların itkin düşdüyü barədə polisə ərizə verirlər. Onların harada olduğunu isə heç kim bilmirdi. İki gündən sonra, mayın 12-də onlar polis bölməsində peyda olduqları haqqında xəbər yayıldı. Bölmədə onlar döyülərək işgəncələrə və psixoloji təzyiqlərə məruz qaldılar. Dövlət onları narkotik alverində ittiham edirdi. Onların vəkili bildirirdi ki, narkotik alveri ilə ittham edilsələr də polis idarəsində onlara ancaq abidənin üzərindəki şüarlarla bağlı suallar verilirdi.
On iki ilə qədər həbslə qarşı-qarşıya idilər. Onların həbsinin əsl səbəbi dövlət televiziyasında gizlədilir, ictimayət önündə narkotik alverçisi kimi təqdim edilirdilər. Azadlığa buraxılma ehtimalının isə bircə yolu var idi: Bayram və Qiyas dövlət televiziyasının kameraları qarşısına keçib, heykəlin qarşısında gül dəstəsi ilə üzr istəsələr, həmin gün azadlığa buraxılacaqlar. Bu tələb əhali arasında kollektiv qorxu, təşviş və narazılıq yaratmaq, insanları itaətsizlik və etiraz nümayiş etdirməkdən çəkindirmək üçün zorakılıq taktikası kimi hələ də tətbiq edilir.
Onlar üzr istəməkdən imtina etdikdə isə polis onları ölümcül vəziyyətə gəlincə döyür. Bayram işgəncəni yazılı şəkildə sənədləşdirib, vəkili isə ictimayyətə təqdim edir. 2016-cı ildə Bayram və Qiyas on il müddətinə azadlıqdan məhrum edilir. Beynəlxalq olaraq anarxistlərin onların həbsinə cavab olaraq bir çox yerlərdə həmrəylik aksiyaları, etirazlar təşkil etdilər. Üç il həbsdən sonra onlar beynəlxalq ictimai etiraz nəticəsində azadlığa buraxılırlar. Bayramın siyasi münasibəti və azad edilmiş dünya uğrunda müqavimət ruhu Azərbaycanda ictimai hərəkatlara öz təsirini göstərib.
Bayram məhkəmə önündə yekun çıxışında bunları bildirmişdi:
“Bizi həbs qorxutmur. Əsas odur ki, biz bütü dağıtdıq. Bu rejim devriləndən sonra çox adamlar o heykəllərin başına çox oyunlar gətirəcəklər. Sevindirici həm də odur ki, bundan sonra 10 may təkcə Heydər Əliyevin doğum günü kimi yox, həm də onun heykəlinə "Qul bayramınız mübarək" yazıldığı gün kimi qeyd olunacaq ... Heç nəyə peşman deyiləm. Əlimdə imkan olsaydı, yenə edərdim. Mən son sözümdə bunlardan əfv diləyən insan kimi yadda qalmaq istəmirəm. Gördüyünüz kimi, hakim son sözümə dözə bilmədi. Burdan həm də gənclərə səslənirəm. Doğruluq, ədalət və bərabərlik uğrunda mübarizə aparın!“
Bayram İstanbulda ölü tapıldı
Bayram həbsdən sonra təhsili ilə əlaqədar bir müddət İstanbulda yaşayırdı. Bayramın dostları 2 may 2021-ci ildən bəri onunla əlaqə saxlaya bilmirlər. Həmin vaxtdan onun harada olması barədə heç bir məlumat yox idi. Onu axtarmaq üçün polisə müraciət etdikdə dənizdə öldü tapıldığı xəbərini almışdırlar. Bayram Məmmədovun hansı şəraitdə dənizə düşdüyü indiyə qədər məlum deyil. Bayram 2021-ci il mayın 9-da Bakıda Azərbaycan rəsmi dairələrin təzyiqi ilə tez bir şəkildə dəfn edilib.
Vurğulamaq istərdik ki, Bayram Məmmədov Türkiyəyə gəldikdən dərhal sonra heç bir səbəb göstərilmədən Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən hava limanında dindirilib. Bayram Məmmədovun ölümündən bir neçə gün əvvəl digər “heykəl məhbusu” Qiyas İbrahimov da heç bir səbəb göstərilmədən Türkiyədən qeyri-müəyyən müddətə deportasiya edilib.
Qoy kollektiv kədərimiz qəzəbimizi alovlandırsın!
Biz bu gün - 9 mayda Bayramı xatırlayırıq. Bayramın 2021-ci ildə azərbaycan dövləti tərəfindən qətlinin gətirdiyi kədəri siyasi düşüncə, hiss və davranışımızın əsasını təşkil edən qəzəb və hirsiminin mənbəyi kimi qəbul edirik. Bununla da 9 may Bayramı ictimai olaraq xatırlama günü yaradılmasını elan edirik.
9 may Bayramın dəfn edildiyi gün olmaqla yanaşı, həm də faşizm üzərində qələbə günüdür. Azərbaycan hələ də faşizmlə mübarizə içindədir. Son vaxtlar vətəndaş cəmiyyətinin tamamilə məhv edilməsi Azərbaycandakı faşist rejimin zorakılığının periodik kulminasiyalarından biridir. Azərbaycanda bütün azadlıqlar məhv edilib və yalnız qul kimi müti şəraitdə yaşamağa imkan verilir. Cəmiyyətlə dövlət arasındakı hegemon razılıq da bu şəraitin normallaşdırılmasına və beləliklə də bu razılıqdan kənarda qalan istənilən siyasi səsin boğulmasına gətirib çıxarır. Ya çoxluğun fikri ilə razısan, ya da məhvə məhkumsan - dövlət və cəmiyyət birliyi səni fərqli fikirlərinə görə məhv edib kənara atacaq. Bayramla olduğu kimi.
Azərbaycandakı faşist rejim əlimizdən bütün sevinci, xoşbəxtliyi, azərbaycanlı olmağı, sərvətlərimizi, təbiətimizi,xəyal qurmağımızı, azadlığımızı oğurlayıb. Bununla yanaşı bizə məxsus simvolları da mənimsəməyə başlayıb: əzilən xalqın qəzəb yumruğunu öz millətçi maskulin "dəmir yumruq" fantaziyalarına alət edib. Hər şey əlimizdən alındıqdan sonra bizə qalan ancaq qəzəbdir. Bu qəzəb yumruğu da gec-tez faşistlərin başını həmişə əzir.
Bu qəzəb bizə nə Bayramı, nə də baş verənləri unutmağa imkan verməyəcək.
Biz qəzəb yumruqlarımızı birləşdirərək, bu gün Bayramın təkcə dostları və ətrafındakı insanların dar çevrəsində xatırlamasını yox, inqilabi subyekt kimi siyasi qətli ilə hər birimizin kollektiv yaddaşına çevrilməsini təmin etmək istəyirik. Bu qəzəb bizə nə Bayramı, nə də baş verənləri unutmağa imkan verməyəcək. Bizim kollektiv yaddaşımız onların hökmranlığından və təhrif olunmuş tarixçiliyindən daha uzun müddət davam edəcək. Biz 2016-cı ildə həmrəylik nümayiş etdirdik, bu gün də bunu edirik. Bayramın dövlət tərəfindən qətlini xatırlayıb, bu işin üstünü tez-bazar bağlamağa çalışan dövlət strukturlarına rahatlıq vermədən mübarizə aparacağıq. Bağladıqca, açacağıq. Unutdurulduqca, xatırlayacağıq. Qoy kollektiv kədərimiz kapitalizm, dövlət və heteropatriarxiya olmayan azadedici dəyişikliyin özəyi kimi qəzəbimizin mənbəyi olsun.
Biz Bayramı xatırlayırıq, çünki xatırlamaq mübarizə aparmaqdır!
Comments