Ötən həftə Azərbaycanda baş verən hadisələr Əliyevin gücə əsaslanan siyasətində narahatedici və paranoyalı bir dəyişikliyi ortaya qoydu. Əvvəla Putin Bakıya strateji tərəfdaşlığı gücləndirmək adı ilə 6 ildən sonra ilk dəfə idi ki səfər etdi. Ardınca Putin Ermənistanın baş naziri Paşinyanla telefon danışığı aparıb Azərbaycan-Ermənistan münasibətlərinin "normallaşdırılması" ilə bağlı danışıb. Paralel olaraq isə Azərbaycan hakimiyyəti müharibə əleyhdarı fəalı və tədqiqatçı Bəhruz Səmədovu həbs edərək, “no-war” fəallara qarşı repressiyaları daha da gücləndirib. Bütün bu olanların zamanlaması mühüm suallar doğurur: Azərbaycan necə beynəlxalq miqyasda Ermənistanla sülh sazişindən danışdığı bir vaxt, sülhü daxildə dəstəkləyənləri “vətənə xəyanət”-də günahlandırır? Putinin səfəri Azərbaycanın iddia etdiyi “müstəqil” xarici siyasəti haqqında nələri ortaya qoyur? Bu iki hadisə bir-birinə bağlıdırmı?
Bu ilk baxışdan aşkar ziddiyyətli görünən kontekst, özünü suveren hesab edən postkolonial subyekt olan Azərbaycanın keçmiş metropoluna necə hələ də bağlı qaldığını və bunun geniş mənada beynəlxalq, regional və daxili siyasətin mürəkkəb və dərin dinamikalarla əlaqəsini göstərir. Bakı ilə Moskvanın münasibətləri sadə tabeçi və ya birtərəfli asılı münasibətdən ibarət deyil. Əliyev Putindən asılı olduğu qədər, Putinə də Əliyev lazımdır. Ukraynadakı müharibə və onun nəticəsində Qərb sanksiyaları Rusiyanı iqtisadi və diplomatik cəhətdən təcrid edib və Moskvanı ticarət və enerji ixracı üçün alternativ yollar axtarmağa sövq edib. Azərbaycan indiki əlverişli coğrafi mövqeyi ilə Rusiyanın bu məhdudiyyətlərdən yan keçməsi üçün ideal həll yolu təqdim edir. Bu kontekstdə Putinin Bakıya səfəri iki ölkə arasında tranzit əlaqələrinin intensivləşməsindən daha çox, həm də dərin etimad və təhlükəsizlik etibarlılığına işarədir. Rusiyanın Azərbaycandan tranzit kimi istifadə etmək istəyi Əliyevin ambisiyaları ilə üst-üstə düşür və hər ikisi artan əməkdaşlıqda qarşılıqlı fayda əldə edir. Putinin Bakıya səfəri, Əliyevin iqamətgahında gecələməsi və “strateji əməkdaşlığın” gücləndirilməsi ilə bağlı danışıqları bu balanslaşdırıcı aktı vurğulayır. Lakin tarazlığın fasadı daha yaxından baxdıqda çatlamağa başlayır.
Bu münasibətlərin əsasını təşkil edən əsas məsələ Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan anklavına birləşdirən tranzit marşrutu olan Zəngəzur dəhlizidir. Azərbaycan bu yaxınlarda bu dəhlizlə bağlı ambisiyalarından geri çəkildiyini iddia etsə də, Putinin səfəri mövzunun hələ də aktual qaldığına işarət verir. Rəsmi təkziblərə baxmayaraq, Rusiya bu dəhliz vasitəsi ilə tranzit marşrutlarına nəzarət etmək istəyi hələ də gündəmdədir. Həmçinin Rusiya bu dəhlizə nəzarəti Ermənistan Moskvadan uzaqlaşmağa çalışdığı bir vaxt Cənubi Qafqazda öz təsirini bərpa etmək üsulu kimi görür. Əliyevə görə, Rusiyanın bu marşrutu idarə etməsinə icazə vermək, Moskvanın regional gündəmini təmin etməklə yanaşı, onun ölkə daxilində mövqeyini möhkəmləndirəcək. Bu mənada Azərbaycan sadəcə olaraq tranzit dövlət deyil, həm də Rusiyanın strateji maraqlarının axdığı bir kanaldır və Bakının siyasi məqsədləri ilə Rusiyanın planın uyğunlaşdıqca bu rolu oynamağa hazır görünür. Beləliklə, Azərbaycanın əvvəllər heç bir üçüncü tərəfin, o cümlədən Rusiyanın da Ermənistanla sülh danışıqlarına cəlb edilməməsi ilə bağlı təkid etməsinə baxmayaraq, Moskva, görünür, yenidən oyuna girib. Ermənistanın Rusiyadan uzaqlaşmağa çalışdığı bir vaxt bu vəziyyət Yerevanı çətin seçimlər qarşısında qoyur. Belə olduğu halda davam edən “sülh” ritorikasına baxmayaraq, sülhdən daha çox müharibə perspektivi indi həmişəkindən daha yaxın görünür.
Tranzitdən Proksiyə
Azərbaycanın Rusiya ilə münasibətlərinin tranzit aspekti məsələnin yalnız bir tərəfidir. Digər tərəfdən, Bakı ilə Moskva arasında getdikcə daha çox narahatlıq doğuran siyasi və ideoloji uyğunlaşma var. Bu uyğunlaşma daha çox avtoritar və repressiv xarakter alan Azərbaycanın daxili siyasətində özünü göstərir. Müharibə əleyhdarı fəalı və araşdırmaçı Bəhruz Səmədovun həbsi sülh tərəfdarı olan və ya Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hökumətin siyasətindən narazı olan hər kəsi hədəf alan dövlət repressiyasının ən son nümunələrindəndir.
Ən maraqlısı isə bu baş verənlərin zamanlamasıdır. Azərbaycan eyni vaxtda Ermənistanla münasibətləri “normallaşdırmaq” səylərini nümayiş etdirir, eyni zamanda isə daxildə sülh tərəfdarlarını sıxışdırır. Bu ikibaşlılıq Əliyevin strategiyasındakı ziddiyyətləri ortaya qoyur. Bakı zahirdə regional sülhə doğru çalışdığını iddia edir, lakin bu fasad altında həqiqi barışığa çağıran hər hansı daxili səsləri sıradan çıxardır. Erməni həmkarları ilə əlaqə saxlamağa və ya dialoqa dəstək verməyə cəsarət edənləri, vətəndaş cəmiyyətini “satqın” və ya “xarici agent” kimi damğalamaq təkcə Azərbaycanın həmişə istifadə etdiyi strategiya deyil, həm də Rusiyanın öz vətəndaş cəmiyyətini gözdən salmaq və dezinfeksiya etmək üçün istifadə etdiyi tanış təhlükəsizləşdirmə taktikasıdır. Belə etdikdə Bakı nəinki fərqli fikirləri boğur, həm də Azərbaycanı Moskvanın liberalizm, müstəqil vətəndaş cəmiyyəti və Qərbin təsirini ekzistensial təhlükələr hesab edən daha geniş ideoloji layihəsi ilə harmonizasiya edir.
Bu harmonizasiya daxili repressiyadan kənara çıxır. Beynəlxalq müstəvidə Azərbaycanın Qərb dövlətlərinə, xüsusən də Fransaya qarşı getdikcə daha aqressiv mövqeyi Rusiyanın Avropa təsirinə qarşı daha geniş mübarizəsində Bakının proksi rolunu göstərir. Moskvanın Parislə münasibətləri pisləşdikcə, Bakı özünü Rusiyanın anti-Qərb gündəminə sadiq müttəfiq kimi göstərərək Fransaya meydan oxumaq mantiyasını öz üzərinə götürüb. Azərbaycanın dövlət tərəfindən maliyyələşdirilən QHT-ləri və media orqanları Rusiyanın dezinformasiya kampaniyaları, xüsusən də Qafqazda və onun hüdudlarından kənarda Qərbin təsirini hədəf alanlarla eyni Rusiya narrativlərini papuqay kimi təkrarlamaq və genişləndirmək üçün səfərbər edilib. Bu yolla Azərbaycan təkcə rahatlığı üçün Rusiya ilə birləşmir; həm də Moskvanın geosiyasi gündəmində fəal iştirak edir.
Qısamüddətli suverenlik pəncərəsi bağlandımı?
Azərbaycan uzun müddətdir ki, “çoxvektorlu” xarici siyasət yürütmək iddiasındadır. Bunu müxtəlif güclərlə – Rusiya, Qərb və Türkiyə kimi regional oyunçularla münasibətləri heç birindən hədsiz dərəcədə asılı olmadan balanslaşdırmağa çalışdığını göstərməklə əks etdirir. Bununla belə, belə bir siyasətin fasadını görkəmli saxlamaq getdikcə çətinləşir. Bakı Ukrayna müharibəsi başlayandan sonra Avropa Rusiya enerjisinə alternativ axtaranda ona ucuz alternativ təklif edərək enerji əlaqələrini gücləndirsə də, eyni zamanda Moskva ilə neft və qaz sazişlərini paradoksal şəkildə dərinləşdirib. Bu ziddiyyətli yanaşma Azərbaycanın öz maraqlarını tarazlaşdırmaq iddialarının reallıqdan daha çox ritorika olduğunu ortaya qoyur.
Reallıq ondan ibarətdir ki, Azərbaycanın Rusiya ilə artan iqtisadi qarşılıqlı asılılığı və getdikcə avtoritarlaşan idarəçilik modeli onu faktiki olaraq proksi dövlətə çevrilməyə daha da yaxınlaşdırır. Suverenlik illüziyası Aİ-yə enerji ixracının artması kimi müəyyən diplomatik nailiyyətləri vurğulamaqla qorunur, lakin bu addımlar Moskvanın siyasi və iqtisadi dəstəyinə dərinləşən etibarın kölgəsində qalır. Əliyev hakimiyyəti gücləndirdikcə, daxili narazılığı boğmaq və nəzarəti saxlamaq üçün Putinlə münasibətindən istifadə etdikcə, Azərbaycanın suverenliyi getdikcə zəifləyir.
Bu mənada Azərbaycanın tranzit rolu təkcə maddi-texniki deyil, həm də ideoloji və siyasidir. Rusiyanın strateji məqsədlərini həyata keçirməsini təşkil etmək, Azərbaycanın özünü xilas etməsi çətin olacaq bir asılılıq vəziyyətinə salır və Əliyevin 2020-ci ildən sonra istifadə etdiyi nisbi suverenlik pəncərəsi tezliklə bağlana bilər. Mövcud tendensiyalar davam edərsə, Azərbaycan Rusiya üçün nəinki strateji tranzit olmaq, həm də tam təşəkküllü proksi roluna keçmək yolundadır.
Ardı olacaq...
Comments